Azərbaycanda terrorizmin maliyyələşdirilməsinə qarşı hüquqi mübarizə mexanizmləri gücləndirilir.
Modern.az xəbər verir ki, bununla bağlı Cinayət və Cinayət-Prosessual məcəllələrə dəyişikliklər təklif olunur. Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliklər terrorizmin maliyyələşdirilməsinə görə hüquqi şəxslərin məsuliyyətinin daha dəqiq müəyyənləşdirilməsini nəzərdə tutur.
Layihədə qeyd olunur ki, terrorizmin maliyyələşdirilməsi digər iqtisadi cinayətlərdən məqsədinə görə fərqlənir. Bu əməldə əsas məqsəd iqtisadi mənfəət əldə etmək deyil, vəsaitləri terror aktının törədilməsinə, terror təşkilatının və ya terrorçunun fəaliyyətinə yönəltməkdir.
Buna görə də mübarizə tədbirləri yalnız qanunsuz gəlirlərin aşkarlanması və müsadirəsi ilə məhdudlaşmayacaq. Terror fəaliyyətində istifadə oluna biləcək maliyyə resurslarının vaxtında müəyyən edilməsi, həmin vəsaitlərin hərəkətinin qarşısının alınması, dondurulması və müsadirəsi də əsas hüquqi mexanizmlər sırasında olacaq.
Təklif olunan dəyişikliklərin Azərbaycanın beynəlxalq öhdəliklərinə və Maliyyə Tədbirləri üzrə İşçi Qrupun – FATF-ın standartlarına uyğunlaşdırılması nəzərdə tutulur.
Layihədə hüquqi şəxslərin məsuliyyətə cəlb edilməsi üzrə icraat prosedurlarını dəqiqləşdirən uyğunlaşdırıcı dəyişikliklər də yer alıb.