Sentyabrın 11–12-də diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura reallaşan növbəti səfəri beynəlxalq aləmdə böyük rezonans doğurdu. 2020-ci ildən bəri sayca 22-ci olan bu səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatdan 150 nəfərlik heyət iştirak edirdi. Prezidentin köməkçisi Hikmət Hacıyevin müşayiəti ilə Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcəri gəzən xarici qonaqlar bölgədəki sürətli quruculuq işləri və sənaye obyektləri ilə yaxından tanış oldular.
Milli Məclisin deputatı Kamran Bayramov Modern.az-a açıqlamasında bildirib ki, aprel və sentyabr səfərləri Bakı üçün artıq adi diplomatik ənənəyə çevrilsə də, bu dəfəki genişmiqyaslı iştirak Ermənistan tərəfdarlarının və erməni lobbisinin yenidən fəallaşmasına səbəb oldu. İrəvan və onun xaricdəki havadarları tərəfindən idarə olunan şəbəkə səfərdə iştirak edən diplomatlara qarşı ittihamlar və təhdidlərlə dolu təzyiq kampaniyasına başladı.
K.Bayramovun sözlərinə görə, hədəfə alınanlar arasında illərlə ATƏT-in Minsk qrupunda həmsədr olmuş dövlətlər, xüsusilə Fransa səfirinin də bu heyətdə yer alması erməni tərəfini daha çox qıcıqlandırdı. Onların absurd yanaşmasına görə, suveren bir dövlət öz ərazisində akkreditə olunmuş diplomatların hərəkətini kənar bir tərəflə razılaşdırmalıdır. Lakin Fransanın və digər qərb diplomatiyasının bu addımı göstərir ki, postmünaqişə dövrünün yaratdığı yeni geosiyasi reallıqlar artıq hamı tərəfindən qəbul edilib.
Deputat qeyd edib ki, bu hücumların guya "müstəqil ekspertlər", politoloqlar və jurnalistlər tərəfindən kortəbii şəkildə təşkil olunduğu görüntüsü yaradılsa da, proseslərin vahid mərkəzdən idarə olunduğu aydındır. Oxşar ssenarini Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Okamponun vasitəsilə həyata keçirilən qarayaxma kampaniyasında da görmüşdük: həmin proses birbaşa Ermənistan XİN rəhbəri Ararat Mirzoyan tərəfindən əlaqələndirilirdi. Bu dəfə də təlimatların birbaşa Nikol Paşinyan aparatından gəldiyi şübhə doğurmur: "Burada Ermənistan rəhbərliyinin əsas ziddiyyəti üzə çıxır: rəsmi masada "sülh tərəfdarı" cildinə girən İrəvan, pərdəarxasında diaspora və "ekspert" şəbəkəsi vasitəsilə Azərbaycanın suverenliyini şübhə altına almağa yönəlmiş informasiya müharibəsini davam etdirir."
K.Bayramov yekunda vurğulayıb ki, məhz bu cür ikili standartlar Azərbaycanın danışıqlardakı əsas tələbinin nə qədər haqlı olduğunu sübut edir. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını özündə əks etdirən müddəalar ləğv edilmədikcə, yekun sülh müqaviləsinin imzalanması mümkün deyil. Çünki hüquqi baza dəyişmədiyi halda, verilən hər hansı şifahi sülh vədi gələcəkdə asanlıqla pozula bilər.