Modern.az

Azərbaycanlı skripkaçı beynəlxalq müsabiqədə liderliyini qoruyur - FOTO

Azərbaycanlı skripkaçı beynəlxalq müsabiqədə liderliyini qoruyur - FOTO

11 Avqust 2020, 17:18

Canel Nəcəfli beynəlxalq müsabiqədə liderliyini qoruyur.

 

Modern.az xəbər verir ki, gənc istedadlı azərbaycanlı skripkaçı, 7 dəfə beynəlxalq və respublika müsabiqələrinin birinci yer qalibi, beynəlxalq müsabiqələr laureatı Canel Nəcəfli 39 ölkədən 273 nümayəndənin iştirakı ilə ABŞ-da keçirilən “Boulder Bach Festival” adlı nüfuzlu beynəlxalq festival-müsabiqəsində iştirak edir. Onu da qeyd edək ki, Canel Azərbaycan tərəfindən iştirak edən yeganə təmsilçidir.

 

Koronavirus pandemiyası ilə əlaqədar olaraq yarış virtual formatda keçirilir.

 

Məlumata görə, müsabiqə böyük Alman bəstəkarı, orqan ifaçısı və musiqi müəllimi İohann Sebastian Baxın yaradıcılığına həsr olunub.

 

Nəticələr avqustun 17-də açıqlanacaq. Qaliblər beynəlxalq münsiflər heyətinin rəyindən əlavə, YouTube səsveriməsi ilə müəyyən ediləcəklər.

 

Həmyerlimizi linki izləyərək dəstəkləyə bilərsiniz //youtu.be/rylUwmntUXA.

 

Canel Nəcəfli 24 mart 2002-ci ildə Bakıda anadan olub. Maraqlıdır ki, iki yaş yarımdan beş yaşa qədər görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Oktay Zülfüqarovun yaratdığı “Aysel” uşaq musiqi teatrının solisti olub. Körpənin istedadı bəstəkarı o qədər cəzb etmişdi ki, hətta dördyaşlı Canelə "Caneldir adım" mahnısını həsr edib.

 

Canel 2009-cu ildə skripka fənni üzrə Bülbül Orta İxtisas Musiqi Məktəbinə qəbul oldu. 2 il sonra bəstəkarlıq qabiliyyəti də üzə çıxaraq, Xalq Artisti mərhum bəstəkar Arif Məlikovun tələbəsi olmuş bəstəkar Ayaz Qəmbərlinin tələbəsi oldu, onun bəstələdiyi dörd əsəri vardır. Məktəb illərində görkəmli dirijor, Azərbaycanın Xalq artisti Teymur Goyçayev tərəfindən təşkil edilmiş "Tutti" Dövlət Uşaq Orkestrinin, məktəbin son illərində isə Dövlər Gənclər Orkestrinin solisti və birinci skripkaçıların konsertmeystri olmuşdur. Azərbaycan Dövlət Filarmoniyasının direktoru Xalq Artisti Murad Adıgözəlzadə və Layihənin koordinatoru musiqişünas Ayla Kərimova-Zakariyyə tərəfindən ərsəyə gəlmiş "Gənclərə dəstək" layihəsinin aktiv iştirakçısı olub.

 

2018-ci ildə Qəbələ XI festivalında çıxış edtmişdir. 2018-ci ildə Heydər Əliyevin 95-illiyinə həsr edilmiş nüfuzlu ikiturlu müsabiqənin birinci yer qalibi, həmin ildə də AR Təhsil Nazirliyinin siyahısında olan və skripkaçılara müsabiqədənkənar Ali məktəbə daxil olmaq imkanı yaradan Brüsseldə (Belçika) keçirilmiş Grummiaux (keçmiş BRAVO) adlı dünya gənc skripkaçıların nüfuzlu müsabiqəsində III yer qalibi olaraq, 2019-cu ildə Bakı Musiqi Akademiyasına imtahansız qəbul edilib.

 

Hazırda Canel Nəcəfli Bakı Musiqi Akademiyasında professor, əməkdar müəllim Fatimə İdyatulinanın sinfində qiyabi, Çexiya Konservatoriyasında tanınmış skripkaçı, professor Roman Fedçukun sinfində əyani təhsil alır və hər iki Ali məktəbin I kursunu əla qiymətlərlə başa vurub.

 

Roman Fedçuk bu ilin fevralında Azərbaycanda keçirilən “World Harmony” adlı beynəlxalq müsabiqədə münsif qismində dəvət edilmiş və həmin müsabiqədən əvvəl Dövlət Filarmoniyasında keçirilən möhtəşəm konsertdə Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Dövlət Filarmoniyasının direktoru, "Gənclərə dəstək" layihəsinin bədii rəhbəri və müəllifi, professor Murad Adıgözəlzadə və Əməkdar İncəsənət Xadimi, dirijor Elşad Bağırovla, və Pablo Sarasatenin 2 skripka üçün yazdığı "Navarra" əsərini Canellə duet ifa edərək uğurla çıxış edib.

 

Bir daha sizdən həmyerlimizi növbəti qələbə qazanması üçün dəstəkləməyi gözləyirik. Bu qələbə tək Canelin yox, bütün Azərbaycanımızın qələbəsi olacaq.

 

Qeyd edək ki, Canel Nəcəfli 7 beynəlxalq və respublika müsabiqələrinin I yer qalibidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır