Modern.az

“Dəyişiklik jurnalistikanın inkişafına xidmət etməlidir” - KİV rəhbərləri

“Dəyişiklik jurnalistikanın inkişafına xidmət etməlidir” - KİV rəhbərləri

18 Sentyabr 2020, 15:57

KİV-lərlə bağlı qanunvericiliyin dəyişdirilməsiylə bağlı təkliflər yenidən aktuallaşıb. Mütəxəssislər hesab edirlər ki, qüvvədə olan qanunvericilik müasir dövrün tələblərinə cavab vermir, yeniləşmə zamanın tələbidir.

Bəs media kapitanları bu barədə nə düşünürlər? 

“Modern” Media Qrupunun rəhbəri Elşad Eyvazlı Yenisabah.az-a açıqlamasında KİV-lə bağlı qanunveriicliyin dəyişməsinin vacib olduğunu deyib:

“Bilirsiniz, zaman keçir, bütün ətraf, hətta istifadə etdiyimiz alətlər dəyişir. Bugünkü jurnalist sabah yaxşı jurnalist ola bilmir. Yəni hər şey o qədər sürətlə gedir ki, bu sürətə bəzən insan beyni çata bilmir ki, onunla ayaqlaşsın. Bu mənada mən hesab edirəm ki, dünən qüvvədə olan ən mütərəqqi qanun belə bu gün dəyişikliyə uğramalıdır, bu təbiidir. Xüsusilə media sahəsinə gəldikdə görərik ki, 10, 20 il əvvəlki kimi deyil, hər gün dəyişir. Və dəyişdikcə hesab edirəm ki, KİV haqqında qanun da mütləq dəyişməlidir. Bu dəyişiklik hərtərəfli olmalıdır. Biz bunun detallarını bir-bir müzakirə edə bilərik. Əsas odur ki, dünya təcrübəsində olan qanunlara uyğunlaşsın və dəyişiklik olacaqsa jurnalistikamızın inkişafına, söz azadlığının qorunmasına xidmət etsin. Amma bir məsələni xüsusilə vurğulamaq lazımdır ki, bu gün sosial şəbəkələr heç bir qayda-qanuna uymur, tənzimlənmir. Bəzən isə sosial şəbəkələr o qədər intensiv sürət götürür, xəbərlər yayılır ki, hətta ciddi media da ondan istifadə etmək məcburiyyətində qalır. Sonra  da ortaya çıxır ki, yanlış məlumat imiş. Sosial şəbəkələr informasiya siyasətində medianı öz təsirinə salır, bundan da cəmiyyət, professional jurnalistika zərər çəkir. 

Fikrimcə, KİV haqqında qanun mütləq dəyişdirilməlidir, istər MTRŞ-lə, istərsə  KİV-lə bağlı olsun. Ancaq bu dəyişiklik bir günün içində olmalı deyil, bu məsələdə mütləq mütəxəssislərin, ekspertlərin, ictimai rəyin fikri öyrənilməli, xarici təcrübə nəzərə alınmalıdır”.

“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal da dəyişikliyi dəstəkləyən media təmsilçilərindəndir. Onun sözlərinə görə, digər sahələrdə olduğu kimi, KİV-in fəaliyyətini tənzimləyən qanunlarda da dəyişikliklər olmalıdır:

"Təxminən, 20 il əvvəl qəbul edilmiş qanunla hazırkı medianın fəaliyyətini tənzimləmək, həmin qanunun tələblərini hazırkı mediaya tətbiq etmək reallıqla uzlaşmır. Bu gün KİV yalnız çap mediasını və elektron medianı əhatə etmir. İnternet mediası və sosial media daha təsirli şəkildə cəmiyyətin məlumatlandırılmasında iştirak edir. Bu baxımdan, media ilə bağlı qanunvericiliyə yenidən baxılması zərurətə çevrilib”.

Baş redaktor bildirib ki, bəzən, dəyişiklik deyərkən, KİV haqqında qanunu sərtləşdirilməsi, daha çox cəzaların gətirilməsini nəzərdə tutanlar var. Onun sözlərinə görə, dəyişikliklər daha çox mütərəqqi olmalı, KİV-in fəaliyyət azadlığının genişlənməsini, özünü maliyyələşdirə bilmək üçün yeni imkanların açılmasını ehtiva etməlidir. Sosial şəbəkələrdəki xaotik duruma görə professional medianın fəaliyyət azadlığını məhdudlaşdıran çağırışlar olmamalıdır: “Bildiyim qədər parlamentdə KİV haqqında Qanunun yenilənməsi ilə bağlı təşəbbüslər var. MM-in Mədəniyyət Komitəsinin sədri Qənirə xanım Paşayeva ilə bir neçə dəfə bu mövzuda fikir mübadiləmiz olub və bildirib ki, Qanunda dəyişikliklərin edilməsi ilə bağlı məsələlər gündəmdədir. Həm, KİV təmsilçilərinin, həm dövlətin media ilə əlaqəli qurumlarının rəhbərlərinin fikirləri öyrənilir. Ümid edək ki, KİV haqqında Qanuna ediləcək dəyişikliklər yeni dövrdə KİV-in inkişafına xidmət edəcək”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi