Modern.az

Cəbhə müxbiri: “Döyüş bölgəsində işləmək mənim üçün fəxrdir” - MÜSAHİBƏ

Cəbhə müxbiri: “Döyüş bölgəsində işləmək mənim üçün fəxrdir” - MÜSAHİBƏ

Media

23 Oktyabr 2020, 12:10

Cəbhə jurnalistləri gecə-gündüz demədən doğru xəbərləri bizə çatdırmaq üçün çalışırlar. Cəbhə bölgəsindən qaynar xəbərlər jurnalistlərdən biri də “Yeni Müsavat” qəzetinin əməkdaşı Məhəmməd Türkməndir.

Məhəmməd Türkmən Modern.az-ın müxbirinə savaş təəssüratlarını danışıb.


- Məhəmməd bəy, hazırda cəbhə bölgəsindəsiniz, yoxsa geri qayıtmısınız?

- Hazırda cəbhə bölgəsində olan bütün jurnalistlər Bakıya qayıdıb. Müəyyən fasilədən sonra qərargah dəyişəcık və cəbhə bölgəsinə gedəcəyik. Cəbhə bölgəsindəki ümumi vəziyyət isə odur ki, döyüşlər yenə də davam edir. Əsasən də biz Cənub istiqamətində günbəgün irəliləyirik, müqavimət olmasından asılı olmayaraq. Zəngilan azad olundu, hazırda Qubadlıya doğru döyüşlər davam edir. Cəbrayılın 97 yaşayış məntəqəsi var və hələ də yarısı düşmənlərin əlindədir. Çox uzun çəkməyəcək, onlar da azad olunacaq. Ermənilərin hər hücumu bizə yeni qələbə qazandırır.


- Artıq döyüşlərin 27-ci günüdür. İlk günkü döyüşlərlə indiki döyüşlər arasında fərq varmı?

- Bizim ordumuz ilk günlər necə irəliləyirdisə, yenə də o şəkildə irəliləyirik. Amma Ordumuz hazırda daha da sürətlənib. Ermənilər illərdir mif yaratmışdılar ki, onların məğlub edilməz ordusu var, vətənpərvərdilər və s. Amma onlar ilk güclü döyüşə girəndə artıq qaçmağa başladılar və bu qorxu onların içində daha da böyüyür. Könüllülər hay-küylə gəlirlər, ancaq elə ilk döyüşdəncə qaçırlar. Bu da onu göstərir ki, bizim ordumuz daha da sürətlənib, çünki qaçan ermənilərin sayı daha da artıb. Çox keçməyəcək ki, yeni şad xəbərlər ard-arda gələcək.


- Cəbhə bölgəsinə öz istəyinizlə getmisiniz?

- Mən Tovuz döyüşlərində, Aprel hadisələrində özüm cəbhə bölgəsinə can atıb getmişəm,  həmçinin də indiki döyüşlərə.  Redaksiyada hamı bilir ki, cəbhə bölgəsində döyüşlər olduqda hamıdan əvvəl mən getməyə hazır oluram. Cəbhə bölgəsində işləmək mənim üçün fəxrdir. Cəbhədə gərginlik olduqda mən evdə otura bilmirəm, mütləq şəkildə orada olmalıyam.


- Cəbhə bölgəsinin əhalisində əhval-ruhiyyə necədir?


- Əsgərlərlə əhali arasında əhval-ruhiyyə olduqca yüksəkdir. Əsgərlərimizə öz duaları, yardımları ilə dəstək olurlar. Uşaqlar yol kənarında hərbi maşınları gözləyib bayraq sallayırlar, əsgərlər də bunu görüb ruhlanırlar ki, arxa cəbhədə insanlar onlara dəstək verir. Füzuli işğaldan azad olunanda insanlar necə sevinirdilər, həmçinin digər rayonlarımız. Sevincdən ağlayan insanlar çox idi. İndi hər kəs bir yumruq kimi birləşib, hamı qələbəyə köklənib. Əsgərlərimiz də hər gün qələbə qazandıqca ruhlanırlar.


- Cəbhədə xarici media nümayəndələri var, onlarla münasibətiniz necədir?

- Biz Füzuli və Cəbrayıl zonasına ezam olunmuşduq. Xarici media nümayəndələri var idi. Böyük bir qrup halında Türkiyə mediası da gəldi. Xarici mətbuat əsasən Gəncə zonasında olurdu. Xarici jurnalistlərlə əlaqələrimiz yaxşı idi.


- Azad edilmiş torpaqlarımızdan hansılarda olmusunuz?

- Azad edilmiş torpaqlardan Cəbrayılda olmuşuq. Cəbrayılın özündə, "Dostluq" bulağının önündə, kəndlərində çəkilişlər apardıq. O bulağın suyundan içdik. Çox mükəmməl bir hisdir. Digər azad olunmuş torpaqlarımıza da gedəcəyik, bu hisslər artıq alışqanlıq olacaq.



Mehri QURBAN

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu