Modern.az

İrana qarşı sanksiyalar Azərbaycana da təsir edəcək?

İrana qarşı sanksiyalar Azərbaycana da təsir edəcək?

İqtisadiyyat

Bu gün, 08:26

İrana qarşı sanksiyalar getdikcə daha da sərtləşir.  ABŞ tərəfindən İrana aviareyslərin həyata keçirilməsi blokadaya alınıb. Belə ki, ABŞ İrana uçuşları həyata keçirən ölkələri də sanksiya ilə hədələyib. Bununla belə, hazırda İranda ABŞ dollarının məzənnəsi tarixdə ilk dəfə 266 000 tüməni keçib.

Qonşu ölkəyə sanksiyaların artması və sərtləşməsinin Azərbaycana təsirlərinin hansı səviyyədə olacağı maraq doğurur.

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən deputat Aydın Hüseynov bildirib ki, Azərbaycanın iqtisadi və maliyyə dayanıqlılığı mümkün xarici risklərin əvvəlcədən qiymətləndirilməsi ilə təmin olunur:

“Azərbaycan iqtisadiyyatının unikallığı ondan ibarətdir ki, bütün risklər və xarici şoklar düzgün şəkildə qiymətləndirilir. Ona görə də ölkə iqtisadiyyatı maliyyə dayanıqlılığını qoruyur".

A.Hüseynov İrana qarşı sanksiyaların Azərbaycana təsirsiz ötüşəcəyini vurğulayıb:

"Məlumdur ki, İrana müxtəlif dövrlərdə kəskin sanksiyalar tətbiq olunub və dolların məzənnəsinin rekord həddə çatdığı vaxtlar olub. Bunun Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan öz iqtisadiyyatını bu kimi xarici təsirlərdən qorumağı bacarır. Azərbaycan hər zaman həm siyasi, həm də maliyyə və iqtisadi sabitliyin tərəfdarıdır. Ümid edirik ki, yaxın vaxtlarda İranda da bu sabitlik təmin olunacaq”.

İqtisadçı Natiq Cəfərli bildirib ki, İrana qarşı sanksiyaların və blokadanın genişlənməsi ölkə daxilində ciddi iqtisadi problemlərə səbəb olub:

“İrana qarşı həm sanksiyaların, həm də blokadanın artması ölkə daxilində ciddi problemlərə səbəb olub. Dollar qarşısında İran rialı tarixi minimuma enib. Son bir il ərzində təqribən bir milyon nəfərə yaxın işsizlər ordusu yaranıb".

İrana qarşı sanksiyaların Azərbaycana təsirləri barədə isə iqtisadçı qeyd edib ki, hələlik Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərəcək amil yoxdur:

"Azərbaycanla İran arasındakı ticarət dövriyyəsinə baxdıqda görürük ki, bu göstərici 600 milyon dollara yaxındır. Ticarət dövriyyəsinin təxminən 90 faizini İrandan kənd təsərrüfatı və tikinti məhsullarının idxalı təşkil edir. Yəni tikinti materialları və ərzaq məhsulları sanksiya siyahısına daxil edilmir. Buna görə də hazırda ərzaq məhsullarının tədarükü ilə bağlı ciddi problem yaşanmır. Sanksiyalar əsasən aviareyslərə müəyyən təsir göstərib. Lakin gələcəkdə pul köçürmələri ilə bağlı problemlər yarana bilər. İrana qarşı sanksiyaların iqtisadi münasibətlərə müəyyən təsirlərinin olması təbiidir. Burada bank köçürmələri, sığorta və digər maliyyə məsələləri də var. Hələlik Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərəcək amil yoxdur. Çünki İran Azərbaycanla ticarət dövriyyəsinin həcminə görə ilk 15-lik siyahısına belə daxil deyil”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Almaniyadan şok xəbərdarlıq - Putin SSSR-ni qurmaq istəyir