Modern.az

Vətəni yaşadanlar: Həmlə taborunun cəsur əsgəri - Ağdərə şəhidi - FOTOLAR

Vətəni yaşadanlar: Həmlə taborunun cəsur əsgəri - Ağdərə şəhidi - FOTOLAR

Qarabağ

13 Yanvar 2021, 10:34

Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz şəhidini tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir.


Modern.az
saytı “Vətəni yaşadanlar” rubrikasına davam edir.

Bu dəfə haqqında danışacağımız şəhid Tural Məmmədlidir.

Tural Məmmədli 1998-ci ildə martın 22-də Tərtər rayonunda anadan olub. 2005-ci ildə doğulduğu Tərtər rayonunda məktəbə qədəmlərini qoyan Tural hər zaman vətən deyirmiş. Arzusu Qarabağ torpaqlarını azad görmək idi.


Ailə üzvləri şəhidin ömür yolu barədə Modern.az-a məlumat evriblər.


Qardaşı Röyal deyir ki,
Tural xasiyyətcə ailədə hamıdan fərqlənirmiş:


“Tural ürəyiyumuşaq, sadiq bir oğlan idi. Ailədə 5 övladıq, hər birimizindən tamamilə fərqlənirdi. O, şəhid olanda tək yaxınlar yox, bütün kənd ağlayırdı”.


Tural atasının peşəsini davam etdirirmiş...

“Atam 2020-ci ilin mart ayında rəhmətə getdi. Tural atamın işini davam etdirirdi, Tərtər rayonunda hərbi sahənin santexnik kimi çalışırdı.

Tural sentyabrın 14-də müddətdən artıq hərbi xidmət üçün kursa yazıldı. Kursu müvəffəqiyyətlə başa vurduqdan sonra Vətən müharibəsinə yollandı”.


Son zəngində anası ilə danışıb...

“Anamla danışanda evdə tək qalmamağını, bacımın yanına getməyini deyib. Anam tək qaldığı üçün Turalın ürəyi anamın yanında idi.

O, bizə sadəcə salamat olduğunu deyirdi. Nə sual versək də, cavablamırdı, dərhal sağollaşırdı”.


Tural “hər adama Şəhidlik qismət olmur” deyibmiş...

“Tural mənlə hər söhbətində şəhid olmağın üstünlüklərindən danışırdı. Uşaqlıqdan onun içərisində cəsurluq var idi. Son dəfə söhbətləşəndə mənə torpaqların azad olunmağını arzuladığını dedi. Deyirdi ki, o torpaqlar uğrunda şəhid olmaq hər kəsə qismət olmur”.  

Turalın arzuları çox idi, amma qismət olmadı...

“Arzuları çox idi. Məhləmizdə özünə bir yer ayırmışdı. Orada ev tikəcəyini, evlənib orada qalacağını deyirdi. Tural zəhmətkeş idi, amma hər zaman ailəsinə korluq çəkdirməyəcəyini söyləyirdi”.


Turalın olmamağı ailəsi üçün çox ağırdır...


“O, həmlə taborunda xidmət edirdi. Öndə gedən zaman yanlarında minamyot mərmisi partlayıb və partlayış nəticəsində şəhid olub. Qardaşımın nəşi 12 gün neytral zonada qaldı. 25 gün sonra isə ailəmizə təhvil verildi. Uzun çəkməyinin səbəbi isə tanınmaz halda olmağı idi.

Bu gün mən qürur duyuram, amma bir o qədər də məyusam. Turalın olmamağı çox ağırdır. Qürur duyuram ki, qardaşım Vətən uğrunda şəhid oldu, uşaqlıq arzusu gerçəkləşdi”.


Turalın yolunu gözləyən yarı var imiş...

“Turalla bu barədə heç zaman danışmamışıq. Ölümündən sonra internetdə videosu paylaşılmışdı, həmin videodakı şəkillər heç bizdə yox idi. Araşdırdım, istədiyi qızın olduğunu öyrəndim. Bildiyim qədəri ilə iki ildir ki, bir-birilərini istəyirdilər”.


Şəhidin anası Güldanə xanım da oğul itkisinin ağır olmağından danışıb:


“Oğlum mehriban, sözəbaxan, ağıllı uşaq olub. Son dəfə mənə tək qalmamağımı, qızımın yanına getməyimi, özümüzdən müğayət olmağımızı istədi.

Şəhid anası olaraq onu demək istəyirəm ki, səbirli olsunlar. Şəhidlərin ruhu şad, yerləri cənnət olsun”.


Güldanə ana kövrəldiyindən çox danışa bilmədi, sözləri boğazında düyünləndi, özünü bir neçə cümlə ilə ifadə etməyə çalışdı.

Suqovuşanın və Ağdərə rayonunun azad edilməsi uğrunda döyüşlərdə iştirak edən və şəhid olan Tural ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.


Allah rəhmət eləsin!



Fidan İlqarqızı

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi