Modern.az

"Nə Şahin övladının üzünü görə bildi, nə də qızımız atasını..." - Şəhid xanımı  

"Nə Şahin övladının üzünü görə bildi, nə də qızımız atasını..." - Şəhid xanımı  

Qarabağ

Bu gün, 13:29

Şahin Cəfərli qızının dünyaya gəlməsini gözləyirdi. Hətta adını da əvvəlcədən seçmişdi – Jasmin. 2020-ci ilin sentyabrında cəbhəyə yollanarkən həyat yoldaşı Elviraya “Özünə, qızımıza yaxşı bax. İnşallah, qayıdıb gələcəyəm” demişdi. Lakin Şahin qızını görməyə macal tapmadı. Jasmin atasının şəhadətindən üç ay sonra dünyaya gəldi.

Şəhidin həyat yoldaşı Elvira Cəfərli Modern.az-a Şahinin həyatından, birlikdə keçirdikləri son günlərdən və onun övladına olan sevgisindən danışıb.

Şahin Şamil oğlu Cəfərli 28 iyun 1994-cü ildə Oğuz rayonunun Xalxalqışlaq kəndində anadan olub. 2000–2011-ci illərdə şəhid İntizam Rəhimov adına Qumlaq kənd tam orta məktəbində təhsil alıb. 2012–2014-cü illərdə Gəncə şəhərində yerləşən hərbi hissələrdən birində həqiqi hərbi xidmət keçib.

2020-ci il sentyabrın 21-də könüllü olaraq hərbi təlimlərə yollanıb. Sentyabrın 27-də Vətən müharibəsi başlayanda döyüşlərə qatılıb. Müharibənin ilk günlərində – sentyabrın 27-dən 30-dək ön cəbhədə olub. Oktyabrın 1-də şəhidlik zirvəsinə ucalıb. Şahin Cəfərli oktyabrın 2-də doğulduğu Xalxalqışlaq kəndinin qəbiristanlığında dəfn edilib. Onun 26 yaşı vardı.

Elvira deyir ki, Şahin şəhid olanda ailə qurmaqlarından cəmi 11 ay keçmişdi. Onlar övladlarının dünyaya gələcəyini səbirsizliklə gözləyirdilər:

“Şahin şəhid olanda cəmi 11 aylıq ailəli idik. Bir qız övladımız olacağını bilirdik. Qızımız Şahin şəhid olduqdan üç ay sonra dünyaya gəldi. Nə Şahin övladının üzünü görə bildi, nə də qızımız atasını görə bildi”.

Jasmin adı isə Şahinin qızına verdiyi ən böyük xatirələrdən biri oldu. Çünki bu adı məhz özü seçmişdi:

“Qızımızın adını Jasmin qoymaq istəyirdi. Adını özü seçmişdi. Amma qızımızın üzünü görmək, onu qucağına almaq qismət olmadı. Mən isə onun arzusunu həyata keçirdim. Qızımıza Şahinin seçdiyi adı – Jasmini qoydum”.

Elvira həyat yoldaşının cəbhəyə yollanarkən ona dediyi sözləri də unutmur. Şahin sanki həyat yoldaşına və doğulacaq qızına son vəsiyyətini etmişdi:

“Gedərkən mənə dedi ki, özünə, qızımıza yaxşı bax. İnşallah, qayıdıb gələcəyəm. Biz onun qayıdacağına inanırdıq. Amma gözlədiyimiz kimi qayıtmadı. Bayrağa bükülmüş halda gəldi”.

Şahin döyüş bölgəsində olduğu müddətdə də ailəsi ilə əlaqə saxlayıb. Elviranın sözlərinə görə, hər danışığında onların narahatlığını azaltmağa çalışıb:

“Gedən gündən şəhid olduğu günə qədər zəng edib danışmışıq. Həmişə deyirdi ki, hər şey yaxşıdır, məndən narahat olmayın. Müharibənin ilk günlərində şəhid oldu. Son danışığımızdan sonra onun səsini bir daha eşitmədim”.

Bu gün Jasmin atasının seçdiyi adı daşıyır. Şahin qızını görə bilməsə də, onun üçün seçdiyi ad illər sonra belə ata sevgisinin və yarımçıq qalan arzunun xatirəsini yaşadır.

Elvira üçün isə Jasmin Şahinlə birlikdə qurduqları ailənin ən əziz yadigarıdır – atasını heç vaxt görməyən, amma onun seçdiyi adı daşıyan bir qız övladı.


Nicat Rüstəm

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Bakıya ŞOK HÜCUMLAR - Arxasında kimlər var?