Modern.az

Müharibədən qayıdan jurnalist: “Mən də könüllü yazılmışdım, atam da...” - MÜSAHİBƏ

Müharibədən qayıdan jurnalist: “Mən də könüllü yazılmışdım, atam da...” - MÜSAHİBƏ

18 Yanvar 2021, 10:21

İkinci Qarabağ savaşında qələmini silahla əvəz edən jurnalistlərdən biri də “Real” TV-nin əməkdaşı İsmayıl Yaşaroğlu olub. Cəbhədən qayıdan jurnalist Modern.az-amüharibə xatirələrindən danışıb.


- İsmayıl bəy, müharibə başlayarkən siz də ordu sıralarında oldunuz, könüllü olaraq getmişdiniz?


- Müharibə zamanı "Real Təhlil və İnformasiyalar Mərkəzi" (“Real” TV) tərəfindən Gəncəyə ezam olundum və Gəncə hadisələrini işıqlandırdım. Həmçinin, Goranboy rayonunun Tapqaraqoyunlu və Meşəli istiqamətində döyüş hadisələrini də çəkirdik. Orada gördüklərimdən, hiss etdiklərimdən sonra artıq qərara almışdım ki, qayıdan zaman könüllü olaraq müharibədə iştirak edəcəm.
Əvvəl də bir neçə dəfə “hərbi komissarlığa” müraciət etmişdim. Atam və dayım birinci Qarabağ müharibəsində iştirak ediblər. Dayıma isə şəhidlik qismət olub. Yəni müharibə uşaqlıqdan mənim ağlımda formalaşmışdı, özümü hazırlamışdım.
Gəncə hadisələri və orada gördüklərim qərarımı tezləşdirdi və qayıdan kimi növbəti dəfə “hərbi komissarlığa” müraciət etdim. Orada mənə deyildi ki, siz jurnalist olaraq öz fəaliyyətinizi yerinə yetirirsiniz, amma mən razılaşmadım, qərarım qəti idi. “Real” TV-nin rəhbərliyinə də qərarımı bildirmişdim və çox hörmətlə yanaşdılar, həmçinin ailəm də mənə dəstək oldu.
Noyabr ayının 4-də cəbhəyə çağırıldım, 5-i yola düşdüm. Bizə öncə təlimlər keçirildi, sonra tamamlama mərkəzlərinə göndərdilər və ayın 7-si Xocavənd uğrunda gedən döyüşlərə qatıldım.

Noyabrın10-u artıq qələbə elan olundu. Doğrudur, döyüşlərdə daha uzun müddət iştirak etmək qismət olmadı, amma az da olsa mənə təsəlli tapdım ki, müharibədə iştirak etdim, barıtın qoxusunu duydum. Bir faiz  də olsa, qələbədə mənim də payım oldu. Döyüşlər bitdikdən sonra Qubadlı və Laçın istiqamətində mühafizədə idik. Sonuncu dayaq məntəqəmiz Ağdam oldu. Yanvar ayının 9-u Ağdamdan tərxis olundum və Bakıya qayıtdım. 

­
- Ailəniz sizin müharibədə iştirak etmək istəyinizi necə qarşıladı?

- Hər kəsdən öncə atam sevindi və mənimlə qürur duydu. Çünki özü də Qarabağ müharibəsində iştirak edib, hətta heyfslənirdi ki, mənimlə birlikdə müharibəyə gedə bilməyəcək. O da “hərbi komisarlığa” müraciət etmişdi, amma yaş kateqoriyası nəzərə alınaraq, atama cəbhəyə getməyə icazə verilmədi. Digər qohumlarımız, ətrafımda olan dostlarım hər biri qərarımı müsbət qarşıladı. Anam heç bir şey deməsə də, içində bir narahatçılıq, qorxu var idi. İstəmirdi ki, təsəvvür etdiyi xəbərləri mənim haqqımda eşitsin. Amma mən müharibəyə yola düşəndə ailəmə, dostlarıma demişdim ki, "Ya üç rəngli bayrağı sancıb gələcəyik ya da bayrağa büküb gətirəcəklər". Hər ikisi başımızın ucalığıdır.



-
Dediniz, atanı Birinci Qarabağ savaşının iştirakçısı olub, yəqin ki, müharibə haqqında təsəvvürünüz uşaqlıqdan var idi.

- Bəli, mən uşaq vaxtından gözümü açıb evimizdə bayraq, forma görmüşəm. Üstəlik dayım da şəhid olmuşdu.
2010-cu ildə Mübariz İbrahimov şəhid olan zaman sanki biz yenidən dərk etdik ki, şəhadət var. Vətən uğrunda gözünü qırpmadan, heç nəyi düşünmədən canından keçmək var. Biz bunu unutmamışdıq, sadəcə uzun müddət atəşkəs rejimi oldu və sanki mürgüləyirdik birdən yuxudan ayıldıq. Mənə və bütün Azərbaycana təsir göstərən əsas hadisələrdən biri isə general-mayor Polad Həşimovun şəhadətə qovuşması idi. Polad Həşimov mənim qərərgah rəisim olub, mən o insanı ən azı 2-3 dəfə canlı görmüşəm və onun əsgərlərə, zabitlərə - kimliyindən asılı olmayaraq forma geyinən hər kəsə necə hörmət etdiyinin şahidi olmuşam. Allah rəhmət eləsin!


- Yəqin ki, döyüşçü olmaq jurnalist olmaqdan daha çətin idi...

- Hər bir jurnalist bu dövlətin mövqeyini qoruyan, maraqlarını müdafiə edən əsgərdir. Yəni jurnalistin silahı qələmi, əsgərin silahı isə onun əlində olan avtomatıdır. Necə ki, burada özümü əsgər kimi görürdüm,  orada da eyni hissləri yaşadım. Burada yaşadığımız hər şey bir kənara, amma insan cəbhədə əsgər qardaşlarının yanında olan zaman sanki mənəvi rahatlıq tapır. Biz nə qədər şəhid verirdiksə, o qədər də qisas hissimiz artırdı ki, qardaşlarımızın qanı yerdə qalmasın. Bunlar dəhşətli hislərdir....

Əminliklə bir söz demək istəyirəm ki, İkinci Qarabağ savaşı zamanı canından keçmiş şəhidlərimizin, soyqrımları zamanı əziyyət çəkən insanlarımızın hər birinin qisası alındı. Heç kəsin qanı yerdə qalmadı.



- Qələbə xəbəri sizə necə deyildi?

- Bizim üçün qələbə xəbəri iki dəfə oldu. İlk qələbə Şuşanın azad olunması idi. Şuşa azad olunan zaman mənim ağlıma ilk dəfə Albert Aqarunov gəldi, çünki mən Albert Aqarunov adına 154 nömrəli məktəbdə oxumuşam. Bizə hər zaman onun qəhrəmanlıqları haqqında danışılıb, onunla böyümüşük, buna görə də mənim üçün Şuşa birbaşa Albert Aqarunova bağlı olan mənəvi dəyərdir.
10 noyabr tarixində qələbə xəbərini eşidən zaman isə cəbhədə bizim yanımızda olan 18 yaşdan tutmuş 35 yaşa qədər hər kəs ağladı. Hər kəsin gözündən bir damla belə olsa yaş gəldi, çünki şəhid olmuş qardaşlarımızın qanı yerdə qalmadı, terrora məruz qalmış Xocalının, Gəncənin, Bərdənin qisası alındı. Bu elə bir hiss idi ki, bəlkə də mən cəbhədə olmasaydım, dəyərini anlamazdım. Ümumiyyətlə, əsgər kimi qalib olmaq başqa bir hissdir, sözlərlə ifadə olunmaz. O hissləri ifadə etmək üçün qələmlər, sözlər acizdir.


- Müharibə zamanı yaşadıqlarınızı, xatirələrinizi yazmağı düşünürsünüzmü?

- Əlbəttə, yazılarım olacaq. Hazırda yeni tərxis olunduğum üçün bir az müalicə alıram. Gələn həftədən artıq “Real” TV-də işimə davam edəcəm. Gələcək üçün bu mövzu ətrafında müxtəlif tamaşalar da qurmağı düşünürəm və ya hansısa filmdə mənim də payım ola bilər. Yəni bu hissləri, yaşananları biz də yaşatmalıyıq. Ən azından gələcək nəsillərimiz bilsin ki, 2020-ci sentyabrın 27-dən noyabrın 10-na qədər Azərbaycan xalqı nələr yaşadı və nələrin şahidi oldu.

Son olaraq əlavə etmək istəyirəm ki, Azərbaycan xalqı heç vaxt şəhidlərini unutmayacaq, Allah hər birinə rəhmət eləsin!

Onlar vətən üçün, bizim üçün canlarından keçdilər, biz də onların ailələrinin, həmçinin qazilərimizin hər zaman yanında olmalıyıq.



Mehri QURBAN

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır