Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyana yüksək diplomatik rütbənin verilməsi ölkənin Xarici İşlər Nazirliyində müzakirələrə səbəb olub.
Modern.az xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti məlumat yayıb.
Ermənistan Prezidenti tərəfindən sentyabrın 16-da imzalanan sərəncamla 35 yaşlı Ani Badalyana “fövqəladə elçi və səlahiyyətli nazir” diplomatik rütbəsi verilib.
Eyni diplomatik rütbə Ermənistanın xarici işlər nazirinin müşaviri Hayk Darbinyan və XİN-in Avropaya inteqrasiya idarəsinin rəhbəri vəzifəsini icra edən Lena Terzikyana da verilib.
Xarici İşlər Nazirliyinin Beynəlxalq müqavilələr və hüquq departamentinin rəhbəri Nelli Saroyana isə daha yüksək diplomatik rütbə – “fövqəladə və səlahiyyətli səfir” rütbəsi verilib.
Qəzet yazır ki, XİN-in sözçüsü kimi tanınan Ani Badalyanın qanunvericiliyə əsasən yüksək diplomatik rütbələr kateqoriyasına aid olan “fövqəladə elçi və səlahiyyətli nazir” rütbəsi alması nazirlikdə birmənalı qarşılanmayıb. Hətta bəzi diplomatlarda etiraz doğurub.
Nəşrin mənbələrinin iddiasına görə, son dövrlərdə Badalyanın Ermənistan Xarici İşlər Nazirliyindəki rolu əhəmiyyətli dərəcədə genişlənib. O, yalnız rəsmi sözçü kimi deyil, həm də ölkənin xarici siyasəti ilə bağlı müxtəlif məsələlərdə fəal rol oynayır.
Ani Badalyan 2014-cü ildən Ermənistan Xarici İşlər Nazirliyi sistemində çalışır.
O, 2023-cü ilin yanvarında Avropa departamentinin Avropa İttifaqı şöbəsinin rəhbəri vəzifəsini icra edən şəxs təyin olunub. Həmin ilin martında isə Ermənistan XİN-in sözçüsü vəzifəsinə gətirilib.
Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi saytında Badalyan həmçinin İnformasiya və ictimai diplomatiya idarəsinin rəhbəri vəzifəsini icra edən şəxs kimi göstərilir.
Bu idarə Ermənistanın xarici siyasəti və XİN-in fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılması, nazir və nazir müavinlərinin iştirakı ilə mətbuat tədbirlərinin təşkili, eləcə də media ilə əlaqələrin qurulmasına cavabdehdir.
Badalyan həmçinin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ictimai tədbirləri zamanı mütəmadi olaraq onun yanında görünür. Qəzet bunu nazirliyin informasiya siyasətinə cavabdeh əməkdaş kimi fəaliyyət göstərməsi ilə əlaqələndirir.