Modern.az

Yeni doğulan körpəsini görməyən 31 yaşlı şəhid - FOTOLAR

Yeni doğulan körpəsini görməyən 31 yaşlı şəhid - FOTOLAR

23 Yanvar 2021, 12:44

Bu gün Quba rayonu Vətən müharibəsində qurban verdiyi 48-ci şəhidini böyük ehtiramla qəbul edib.

 

Modern.az xəbər verir ki, barəsində 107 gün heç bir xəbər çıxmayan, müharibənin 3-cü günündə-sentyabrın 29-da şəhid xəbəri çıxan baş leytenant Rahim Qabil oğlu Mikayılov axır ki, doğma kəndi İkinci Nügədiyə döndü. Şəhid xəbəri çıxsa da nəşi gəlmədiyindən itkin kimi qeydə alınan Rahim Mikayılovun şəhid olma xəbəri son günlər təsdiqlənib və igid baş leytenant Mikayılov bu gün doğma ata yurdu İkinci Nügədi kəndində son mənzilə yola salınıb.

 

Dəfn mərasiminə rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin rəsmiləri, sakinlər, ictimaiyyət təmsilçiləri, sakinlər, ailə üzvləri qatılıb. Kənd qəbristanlığında keçirilən mərasimdə Quba İH başçısı Ziyəddin Əliyev Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qazandığımız şanlı qələbə tariximizdən, Rahim kimi cəsur övladlarımızın şücaəti sayəsində Milli Ordumuzun qazandığı möhtəşəm qələbədən ətraflı danışıb.

 

Bildirib ki,"öz igidlik və mərdlikləri ilə tarix yazan şəhidlərimiz heç vaxt unudulmayacaq. Rahim Mikayılov da Vətən müharibəsində öz qanı ilə əsl tarix yazıb."

 

Şəhidin cənazəsi bükülmüş Azərbaycan bayrağını atası Qalib Mikayılova təqdim edən Ziyəddin Əliyev nəinki ailənin, kəndin, bütün Azərbaycanın və Qubanın Rahim kimi igid oğullarla fəxr etdiyini deyib:

 

"Bu cür vətənpərvər oğulla hamımız qürur duyuruq ".

 

Mikayılovlar ailəsinin ikinci övladı olan 31 yaşlı Rahim Mikayılovun şəhid olandan sonra oğul övladı doğulub. Babası Əhmədin adı ilə adlandırılan, üzünü görmədiyi oğlunun doğulmasından xəbərsiz olan Rahim İkinci Nügədi kəndinin qəbul etdiyi 4-cü şəhiddir. 

 

İgid şəhidimiz baş leytenant Rahim Mikayılovun ruhu şad olsun. Cəmi şəhidlərimizi hörmətlə anırıq.

 

Aytəkin ALXASLI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir