Modern.az

Aqil Abbasdan ağdamlılara çağırış: "Onun-bunun dalınca düşmək lazım deyil"

Aqil Abbasdan ağdamlılara çağırış: "Onun-bunun dalınca düşmək lazım deyil"

Aktual

24 Avqust 2012, 15:25

“Qarabağ” futbol klubunun Ağdamın Quzanlı qəsəbəsi stadionundan imtina edib ev oyunlarını Bakıda keçirməsi bəzi deputatların hiddətinə səbəb oldu. Hətta 83 saylı Ağcabədi-Füzuli seçki dairəsinin deputatı Aqil Abbas “Azərbaycan öz futbolçusunu yetişdirməlidir və Ağdam da buyurub komandasını yetişdirsin. Onun-bunun dalınca düşmək lazım deyil”, deyib. Deputatın bu sözünə Ağdam klubunun direktoru Əmrah Çelikel belə cavab verib: “İstəyirlərsə, gedib yaratsınlar”.

Modern.az bu məsələ ilə bağlı yenidən Aqil Abbasın fikirlərini öyrənib. Deputat yenidən öz fikrində dayanaraq qeyd edib ki, Ağdam gedib özünə komanda yaratsın, hətta “Qarabağ” adında da komanda yaradılsın. “Deyərlər ki, iki dənə “Qarabağ” adında komanda ola bilməz. Niyə ola bilmir ki? SSRİ çempionatında 5 dənə “Dinamo” var idi. Ağdam özünə komanda yaratsın. Biri olsun “Qarabağ-Ağdam”, o biri də olsun “Qarabağ-Azersun”. Vəssalam, qurtarsın getsin”.

A.Abbas bildirib ki,  “Azersun”a məcbur etmək olmaz ki, gedib Ağdamda oynasın. “Deyəcək ki, oynamıram. Komanda mənim deyil, getmirəm. Bu məsələdə məsafə yalnız bəhanədir. Naxçıvanlılar da futbol oynayır. Onlar niyə məsafənin uzaqlığından gileylənmir?!”

Millət vəkilinin sözlərinə görə, Azərbaycanda “futbol klubu” ifadəsini işlətmək düzgün deyil. “Futbol klubunun üzvləri olur, o üzvlər komandanın yaşamasını təmin edir, özlərinin içindən prezidentini seçir. Məsələn, “Fenerbahçe” komandasındakı kimi. Bəlkə, 5000, bəlkə də 50000 üzvi var. Həmin üzvlər də lazım olanda üzv haqqı kimi pul ödəyirlər, komandanı müəyyən vəziyyətlərdən çıxardırlar. Bu məsələnin bir tərəfidir. Ağdamın 180 min əhalisi var. Bu əhali ayda 1 manat versə, 180 min manat edər. Bu da hər hansı bir komandanı yüksək səviyyədə saxlamağa bəs edər”.

A.Abbas Ağdamın yaxşı futbol məktəbi olduğunu söyləyib. “Mən “Qarabağ”ın prezident də olmuşam, fəxri prezidenti də. Mən dilənsəm də, o komandanı saxlaya bildim. Futbolçulara 100-150 dollar maaş verə bilirdik. Amma o zaman dəfələrlə “Qarabağ” komandası Avropaya gedirdi, çempion olurdu, kubok alırdı. Yəni pul böyük şeydir, amma elə şeylər var ki, o puldan güclüdür. O vaxt “Qarabağ”ın, Ağdamın xətrinə maaşsız, acqarına oynayırdılar. Hətta qalmağa da yerləri yox idi. Allah rəhmət eləsin, Aqil Paşayev “Abşeron” otelinin rəhbəri idi. Yanına getdim, xahiş elədim, o komandanın nə qədər xərcini çəkdi və orada yaşamasına icazə verdi. Sonra “Azərkimya” Dövlət Şirkətinin prezidenti Fikrət Sadıqov komandaya sanatoriyasında yer verdi. Bu komanda belə yaşayıb. Onda da futbolçular ağdamlı idi. Hamısı rayonun öz yetirmələri idilər, oynayırdılar. İndi də Ağdam bunu edə bilər axı...”.

Deputat bildirib ki, məcburi köçkünlər öz “çörəkpulları”ndan da yığıb komanda yarada bilərlər. “Prezidentimiz qaçqınlara “çörəkpulu” verirdi, onda da deyirdilər ki, icra hakimiyyətləri hər adamdan 2 manat alır. Çünki hələ onda plastik kart yox idi. 30-35 manat “çörəkpulu” verirlər. Elə o puldan versinlər, klubu yaratsınlar. Sonra ianələr var, imkanlı adamlar var. Elə klubun da üzvlərindən biri mən olum. Bakıda, eləcə də rayonlarda yaşayan adamlar yığılsınlar ora, üzvlük haqqını versinlər. Həmin komandanın da birinci liqada oynamağa qoysunlar, burada formalaşsın sonra keçsin, yüksək liqaya”.

A.Abbas bəzi şəxsləri komanda yaratmağa dəvət edib: “Adil Nadirov, komandanın təsisçilərindən biridir və komandanın dəlisidir. Daha sonra Nazim var, Azərbaycan futbolunda, yığışsınlar öz komandalarını yaratsınlar”.

Sevinc İltifatqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu