Modern.az

«Qarabağ»ı yenə Qarabağdan qaçaq saldılar

«Qarabağ»ı yenə Qarabağdan qaçaq saldılar

Aktual

28 Avqust 2012, 07:32

 Hər futbol mövsümü başa çatdıqdan sonra azarkeşlər sevimli komandalarının oyunlarına tamaşa etmək üçün stadionların qapılarının yenidən açılmasını səbirsizliklə gözləyirlər. Əvvəlcədən bilet alan kim, cürbəcür hazırlıqlar görən kim. Təəssüf ki, ağdamlı  futbolsevərlər bu il belə bir hazırlıq görməli olmadılar. Onlar rayonu təmsil edən komandanın - "Qarabağ"ın matçlarını rayonun özündə - Quzanlı stadionunda izləyə bilməyəcəklər! Klub bu mövsümdən etibarən rayondan üz döndərib, ev matçlarını Bakıda keçirməyə qərar vermişdir!

"Qarabağ" rəhbərliyinin "səy"ləri nəticəsində Ağdam camaatı növbəti dəfə futbola tamaşa etməkdən məhrum oldu. İctimaiyyət, kütləvi informasiya vasitələri bu məsələni təkrar-təkrar gündəliyə gətirsə də, klub rəhbərliyi öz fikrində israrlıdır!

Cari mövsüm start götürdükdən sonra "Qarabağ" Quzanlıya yox, yeni "doğma stadion"a - Mərdəkandakı "Dalğa Arena"ya üz tutdu. Beləcə ağdamlılar yenidən futbola həsrət qaldılar!

"Qarabağ"ın sponsoru - "Azərsun Holdinq" hər dəfə müxtəlif bəhanələr gətirərək "Qarabağ"ı Qarabağdan qaçaq salır! Görünür, "Qarabağ"ın Ağdam, ağdamlılar üçün nə qədər əziz olduğunu dərk etmir! Komandanın rəhbərliyi hələ də zənn edir ki, pulu özü verirsə, deməli, bütün qərarları da heç nəyə məhəl qoymadan yalnız özü verməlidir! Futbol ictimaiyyətinin haqlı iradlarını qulaqardına vuran klub rəhbərliyi,  təəssüf ki, "Qarabağ"ın Ağdamdakı minlərlə azarkeşini nəzərə almır. Unutmaq olmaz ki, hər bir komandanı yaşadan, ayaqda saxlayan məhz azarkeşlərdir! "Qarabağ"ın rəhbərliyi bu elementar həqiqəti dərk etsəydi, yəqin ki, komandanı Ağdamdan didərgin salmaz, azarkeşləri gözü yolda qoymazdı.

Məcburi köçkünlərlə dövlət başçısının mövqeyi üst-üstə düşür

Hörmətli oxucularımızın xatirindədirsə, ötən mövsüm futbol ictimaiyyətinin, KİV-in təzyiqi ilə "Qarabağ"ın rəhbərliyi komandanı Ağdama qaytardı! O günlər Quzanlıda böyük bayram - futbol bayramı yaşanırdı! İnsanların sevincinin həddi-hüdudu yox idi. Futbol Ağdama yeni bir çoşqu, yeni bir nəfəs gətirmişdi.

Əfsuslar olsun ki, bu sevinc çox çəkmədi. Komandanın rəhbərliyinin   heç bir ciddi əsasa söykənməyən qərarı ilə "Qarabağ"  doğma meydançasını tərk edərək Ağdamı futbolsuz, ağdamlıların ürəyində nisgil qoyub getdi.  Klubun ev oyunlarını keçirmək üçün stadionu olduğu halda paytaxtda məskunlaşması futbol ictimaiyyətində şok effekti yaratdı!

Hadisənin bu sayaq cərəyanından sonra bir daha aydın oldu ki, komandanın rəhbərliyini  nə azarkeşlər, nə Ağdam, nə də Qarabağ maraqlandırır!  Daha əvvəllər  yaşanmış  təcrübələrə əsaslanaraq təsdiqləmək olar ki, "Qarabağ"ın daşıdığı mənəvi missiyanı anlamaq belə istəmirlər!

Bu yerdə "Qarabağ" klubuna ağalıq edənlərə Prezident  İlham  Əliyevin Ağdam  Olimpiya  İdman  Kompleksinin açılış mərasimində dediklərini yenidən xatırladırıq: "Bu olimpiya idman kompleksi beynəlxalq standartlara cavab verən bir idman qurğusudur. Azərbaycanda son illər ərzində müxtəlif bölgələrdə olimpiya idman kompleksləri tikilmişdir. Lakin ilk dəfədir ki, rayonlarda, kənddə - əslində indi qəsəbədir, amma biz kompleksin təməlini qoyanda Quzanlı kənd hesab olunurdu - belə möhtəşəm olimpiya idman kompleksi tikilmişdir. Bu onu göstərir ki, bölgələrin inkişafı, Azərbaycanın müxtəlif yerlərində, ən ucqar yerlərində yaşayan insanların şəraitinin yaxşılaşdırılması üçün, müasir infrastrukturun yaradılması üçün bütün tədbirlər görülür. Biz ölkəmizi hərtərəfli inkişaf etdiririk. İstəyirik ki, bütün bölgələr inkişaf etsin və hər bir yerdə, hər bir rayonda, hər bir qəsəbədə bütün lazımi şərait olsun.

Azərbaycanın idman şöhrəti yüksəklərdədir. Ağdam rayonundan olan idmançılar həmişə Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışlar. Ağdamın çox gözəl və güclü idman məktəbi olmuşdur və indi də var... Ona görə rayonun infrastrukturunun inkişafı, o cümlədən idman imkanlarının genişlənməsi, əlbəttə ki, bizi bu idman kompleksini tikməyə vadar etmişdir. Rayonun əksər hissəsi işğal altındadır və Quzanlı müvəqqəti olaraq Ağdam  rayonunun mərkəzinə çevrilmişdir. Quzanlının statusunun qaldırılması, ona qəsəbə statusunun verilməsi, bu qəsəbənin inkişafına əlavə vəsaitin ayrılması, idman kompleksinin tikilməsi o məqsədi güdürdü ki, müvəqqəti olaraq Ağdam rayonunun mərkəzi kimi Quzanlı qəsəbəsi inkişaf etsin, abadlaşsın. Gələcəkdə qəsəbənin və digər kəndlərin inkişafı üçün lazımi tədbirlər görüləcəkdir. Mən Ağdam  rayonunun inkişafı üçün əlavə vəsait ayıracağam və o vəsaitdən istifadə edilməklə rayonun problemləri həll olunacaqdır. Mən keçən dəfə burada olarkən demişdim və bu gün yenə də demək istəyirəm ki, biz Ağdam  rayonuna  xüsusi diqqət göstərməliyik".

Yuxarıda qeyd olunanlar bir daha məcburi köçkünlərlə dövlət başçısı cənab İlham Əliyevin mövqeyinin üst-üstə düşdüyünü göstərir. İdmanla məşğul olmaq üçün ölkənin regionlarında 36 olimpiya idman kompleksi tikilib istifadəyə verilmişdir və bu proses davam etməkdədir. Onlardan biri də Quzanlı qəsəbəsindədir. Bu idman kompleksinin digər bölgələrdəki oxşar idman obyektlərindən əsas fərqi ondan ibarətdir ki, o, düşmənlə üzbəüz, cəbhə xəttinin bir neçə kilometrliyində yerləşir: Belə yerdə idman yarışlarının keçirilməsində bir siyasi çalar da var!

Klubun rəhbərliyi hələ də nəzərə almır ki, bu, ölkə üçün çox mühüm bir bölgənin - Qarabağın komandasıdır! Axı nə vaxta kimi şəxsi istəklər milli maraqlardan üstün tutulacaqdır?! Prezident İlham Əliyevin Ağdama xüsusi diqqət yetirməsi müqabilində "Qarabağ"a rəhbərlik edənlərin hərəkəti anlaşılmaz və qəbuledilməzdir!

Rayon icra hakimiyyəti klub rəhbərliyinin qərarını etirazla qarşılayır

"Qarabağ" klubunun yenidən Ağdamdan imtina etməsi rayon rəhbərliyində də təəccüb doğurmuşdur. Rayon icra hakimiyyəti başçısının birinci müavini Zülfü Qasımov qəzetimizə müsahibəsində bildirmişdir ki, "Qarabağ"ın rəhbərliyi heç bir səbəb göstərmədən komandanın Ağdamda - Quzanlıda oynamasından imtina etmişdir: "Bütün ölkə Ağdam camaatının rayonun işğal altında olmayan 23 faiz ərazisində nə çətinliklə yaşadığını yaxşı bilir. Onların yeganə təsəllisi "Qarabağ" klubunun Quzanlıda keçirdiyi oyunlardır. Ancaq komandanın rəhbərliyi bunu da bizə çox gördü. Ağdam camaatı bu çətinliklərə sinə gərirsə, onlar bura gələndə nə əziyyət çəkirdilər ki? Məgər bura gəlmək yol yorğunluğu yaradır? Komandaya hər cür şərait yaradıb, onun nazı ilə oynayırdıq. Rayon icra hakimiyyəti rəhbərliyinin köməyi ilə min bir əziyyətlə stadion əla vəziyyətə gətirilmişdi. Klubun rəsmiləri iddia edirlər ki, "Qarabağ" bütün köçkün rayonların komandasıdır. Xeyr, bu komanda Ağdamındır və heç kim bu hüququ onun əlindən ala bilməz. "Qarabağ"ın futbolçuları ilə ayrılıqda söhbət etmişəm və hamısı burada oynamaq istəyir. Biri var "Qarabağ" Bakıda 100 azarkeşin qarşısında oynaya, biri də var ki, Ağdamda 3500-4000 azarkeşin qarşısında. Niyə bunu istəmirlər? Bir daha deyirəm, onların hərəkətindən baş açmaq olmur! Bu nə oyundur rəhbərlik çıxarır, başa düşmürəm! Onlar gəlmək istəmirlərsə, tutarlı bir əsas gətirsinlər. Necə olur ki, Tovuza gedə bilirlər, Ağdama gəlməkdən imtina edirlər?"

Baş məşqçi dünən

bir cür düşünürdü,

bu gün isə başqa cür...

Ötən il "Qarabağ"ın futbolçuları Ağdamda oynamaqdan böyük qürur hissi keçirdiklərini hər dəfə vurğulayırdılar. O vaxt klubun əsas üzvlərindən biri qeyd edirdi ki, Ağdamda yerli azarkeşlərin qarşısında oynamaq hər bir futbolçu üçün xoşdur: "Ağdamda futbol oynadığımız gün böyük bayrama çevrilir. Yerli azarkeşlərin bizi ürəkdən dəstəkləməsi gücümüzə güc qatır. Bütün ev oyunlarımızı Ağdamda oynamaq istərdim. Lakin qış aylarında çox ciddi problemlərlə üzləşirdik. Hava çox soyuq olur. İstilik sistemləri işləmir. Bunun xaricində bütün şəraitdən razıyam".

Komandanın digər bir aparıcı oyunçusu isə bildirirdi ki, Qarabağda futbolu çox sevirlər: "Ağdamda oynamaq hər cəhətdən vacibdir. "Qarabağ" ev oyunlarını burada keçirəndə Quzanlı olimpiya idman kompleksinin tribunaları dolu olur. Əhali doğma klubunun oyununu izləmək üçün rayonun hər yerindən bura axışır. Düşmən bizdən cəmi 200 metr aralıdadır. Orada güllə səsləri eşidilir. Biz isə burada futbol oynayırıq. Lakin biz futbolçuyuq. Bizə harda desələr, orada da oynayacağıq". 

Komandanın baş məşqçisi Qurban Qurbanov eyni fikri bölüşürdü. O, qəzetimizin 14 may 2011-ci il tarixli sayında dərc olunmuş "Qarabağ" Qarabağa qələbə ilə qayıtdı" sərlövhəli məqalədə "Neftçi" üzərində qələbədən sonra belə demişdi: "Ümumiyyətlə, biz bütün oyunlarımızı Ağdam üçün, yerli azarkeşlər üçün oynayırıq. Bura qayıtmamağımızın əsas səbəblərindən biri meydançanın pis vəziyyətdə olması idi. İndi isə meydançanın durumu çox yaxşıdır. Gələn mövsümdən etibarən Ağdamda daha çox oynamaq istərdik. Çünki burada bizləri həqiqətən çox yaxşı dəstəkləyirlər".

İndisə baş məşqçi tamamilə fərqli mövqe ortaya qoyur. (!?). O,  qol.az saytına müsahibəsində iddia edir ki, "Qarabağ" Quzanlıda oynaya bilməz, çünki orada şərait yoxdur: "Bilirsiniz, hər bir futbolçu yaxşı şəraitdə oynamalıdır. Deyirlər ki, guya Quzanlı stadionunun vəziyyəti yaxşıdır. Amma xeyr, heç də yaxşı deyil. Payız aylarında meydança bərbad vəziyyətdə olur. Bu, o demək deyil ki, biz Quzanlıda oynamaq istəmirik, yaxud oradakı azarkeşlərə hörmətsizlik edirik. Sadəcə, dediyimiz kimi, orada oynaya bilmərik, çünki şərait yoxdur. Yol yorğunluğu da əlavə problemdir. Buna görə də Bakıya köçməyə qərar verdik. Artıq Suraxanıdakı Tofiq İsmayılov adına stadionu da icarəyə götürməyə hazırlaşırıq. "Qarabağ"ın bazası orada olacaq, komanda Bakıda məskunlaşacaq. Peşəkar klub mütləq bir yerdə məskunlaşmalı, oyuna gedəndə də bir məkandan yığışıb yola düşməlidir.  Bakıda da "Qarabağ"ın xeyli azarkeşi var. Söhbət tək ağdamlılardan getmir. Paytaxtda Şuşadan, Cəbrayıldan və işğal altında olan digər bölgələrimizdən xeyli adam yaşayır. Klubun rəhbərliyi onlarla da əlaqə quracaq və həmin azarkeşləri paytaxtdakı oyunlarımıza cəlb etmək üçün iş aparacaq. Klubun azarkeşləri də sağ olsunlar, bizi başa düşürlər. Artıq "İmarət" fan-klubu ilə söhbətimiz olub, onlar da bizi başa düşdüklərini bildirmişlər. Sadəcə, bəzi adamların tez-tez Quzanlı məsələsini gündəmə gətirməsinin tərəfdarı deyiləm."

Yəqin ki, hər şey aydındır. Açıq-aşkar görünür ki, Quzanlı stadionundakı "şəraitsizlik" bəhanədən başqa bir şey deyil: baş məşqçi klub rəhbərliyinin tapşırığı ilə fikrini dəyişdirir! Həqiqətən stadion mövsümə hazır vəziyyətdə deyildisə, niyə bu məsələ vaxtında qaldırılmırdı? 

Baş məşqçidən fərqli olaraq, komandanın üzvləri indi də Quzanlıda oynamaq istəyirlər! Buna onlarla söhbət zamanı əmin olduq. Ancaq futbolçular adlarının çəkilməsini istəmədilər. Onları anlamaq olar: klub rəhbərliyinin reaksiyasını əvvəlcədən bildiklərinə görə fərqli söz deməkdən ehtiyat edirdilər!

Bəli, hamı "Qarabağ"ın Ağdama qayıtmasını istəyir. Bircə klubun rəhbərliyi paytaxtda məskunlaşmaqda israr edir. Beləliklə, minlərlə ağdamlı məcburi köçkünün taleyini "Qarabağ"ın futbolçularına da yaşadır! Onlara qaçqın damğası vurmaq istəyir! Minlərlə ağdamlı azarkeş, məcburi köçkün isə hələ də "Qarabağ"ın yolunu gözləyir...

Elçin CƏFƏROV,

"Azərbaycan"

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı