Modern.az

Balasanyan da Njdenin Xocavənddəki heykəlinin sökülməsini TƏKLİF ETDİ

Balasanyan da Njdenin Xocavənddəki heykəlinin sökülməsini TƏKLİF ETDİ

6 May 2021, 09:36

Xankəndidə toplaşan separatçıların “təhlükəsizlik şurasının başçısı” kimi təqdim olunan Vitali Balasanyan erməni faşisti Qaregin Njdenin Xocavənd şəhərindəki heykəlinin sökülməsini təklif edib.


Modern.az
xəbər verir ki, bu barədə məlumatı separatçıların başqa bir nümayəndəsi Artak Mkrtçyan və Ermənistan parlamentinin müstəqil deputatı Sofiya Ovsepyan “Azadlıq” radiosunun erməni xidmətinə bildiriblər.

A.Mkrtçyanın sözlərinə görə, “ağsaqqallar şurası” şəhər sakinlərinin tələbi ilə Balasanyanın təklifini rədd edib:

“Biz onunla danışdıq və dedik ki, bunu etmək lazım deyil və biz bunu etməyəcəyik. Əgər aydın səbəb yoxdursa, dəqiq şərt qoyulmayıbsa, biz abidəni sökmürük”.

Qaregin Njdenin onun adını daşıyan küçədə qoyulmuş abidəsinin demontajı barədə informasiya ilk dəfə bu ilin fevralında yayılıb.

O vaxt separatçılar bu xəbəri təkzib etmişdilər.

Müharibədən sonra Ermənistan parlamentindəki hakim “Mənim addımım” fraksiyasını tərk etmiş Ovsepyan deyib ki, mayın 4-də təklifi Xocavənddə rədd edilən Vitali Balasanyan Njdenin abidəsini “heç olmasa bir neçə günlüyünə” sökməyi xahiş edib və bildirib ki, heykəli 9 mayda Rusiya tərəfi Böyük Vətən Müharibəsində qələbəni qeyd edəndən sonra yerinə qaytarmaq olar:

“Onda o, ikinci - alternativ təklif verdi ki, heç olmasa üç günlüyünə sökülsün və vədini yerinə yetirmiş olsun. Vəd belə görünür ki, Rusiya tərəfinə verilib”.


“Azadlıq”ın erməni xidməti Vitali Balasanyanın niyə belə bir təkliflə çıxış etməsinin səbəbini öyrənməyə çalışıb. Vitali Balasanyanın sözçüsü sorğuya cavab verməyib.

Deputat Sofiya Ovsepyan da Vitali Balsanyanın niyə belə bir təklif verməsinin səbəbini anlamağa çalışdığını deyib:

“Mən bu məsələ ilə əlaqədar onunla onun ofisində görüşmüşdüm. Mən dünən daha onunla danışmağa cəhd göstərmədim. Çünki belə sözləri dilə gətirən adamla danışmaq istəmirəm. O görün nə deyirdi: “Njdenin abidəsini Martunidə (Xocavənd – red.) qoymaq niyə lazımdır? Aparın onu Zəngəzurda qoyun”. Bəli, bu sözləri Balasanyan deyib. O, əgər belə bir şey deyirsə və Njdenin bütün erməni xalqına məxsus olduğunu dərk eləmirsə, onunla nə danışasan?”.

Ermənistan mətbuatının məlumatında qeyd olunur ki, Rusiya rəsmilərinin Qaregin Njdenin tərənnüm edilməsindən narazı olduqları sirr deyil.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi