Modern.az

İsrailin yeni hökuməti Azərbaycanla necə işləyəcək...

İsrailin yeni hökuməti Azərbaycanla necə işləyəcək...

Ölkə

7 İyun 2021, 11:11

İsaak Herzoq İsrailin yeni - 11-ci  prezidenti seçilib. O, İsrailin sabiq prezidenti Çaim Herzoqun oğludur. Artıq Azərbaycan prezident İlham Əliyev də İsrail dövlətinin yeni başçısına təbrik məktubu ünvanlayıb. 


İsraildə həm də yeni hökumət qurulub. 12 illik Benyamin Netanyahu dönəmi sona çatıb. Belə ki, “Yamina” partiyasının rəhbəri Naftali Bennet Baş nazir, “Yeş Atid” partiyasının rəhbəri Yair Lapid alternativ Baş nazir olacaq. Təxminən 2 il sonra yerdəyişmə ediləcək. Lapid Baş nazir, Bennet isə alternativ Baş nazir olacaq.


Yeni hökuməti ölkədəki “Yeş Atid”, “Kahol-Lavan”, “Yamina”, “Avoda”, “Bizim ev-İsrail”, “Tikva Hadaşa”, “Merets” və “RAAM” partiyaları dəstəkləyib.


İsraildəki hakimiyyət dəyişikliyinin Azərbaycanla münasibətlərə təsiri haqqında Modern.az-a danışan Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, yəhudi deputat  Anatoliy Rafailov yeni dönəmdə müsbət dəyişikliklər olacağını düşünür.


Deputat qeyd edib ki, İsraildə yeni hökumətin qurulmasının Azərbaycan-İsrail arasında olan dostluq münasibətlərinə heç bir neqativ təsiri olmayacaq və ikitərəfli əməkdaşlıq öz dinamikasında artan xətlə davam edəcək:


“İsrail ilə Azərbaycan arasında olan münasibətlər dövlətlərarası qarşılıqlı maraq əsasında qurulub. Bu o deməkdir ki, iki dövlət arasında olan əməkdaşlıqda müəyyən xətt seçilib və bu xətlə münasibətlər öz axarı ilə gedir. Bununla belə Azərbaycanla İsrail arasında əməkdaşlığın əsası Azərbaycan və yəhudi xalqları arasında yüz illərlə mövcud olan dostluq, qardaşlıq və birgə mehriban yaşamaq ənənələrinə söykənir. Bu faktor isə daimidir və heç bir zaman dəyişməyəcək.

Gözəl bir misal var, deyirlər: “Yaxşı dost dar gündə tanınar”. Vətən müharibəsi başlanan ilk gündən son günə qədər qardaş Türkiyə və Pakistan dövləti ilə bərabər, İsrail də Azərbaycan xalqının yanında oldu...
Başqa cür ola da bilməzdi. Azərbaycan və yəhudi xalqları, dövlətlərimiz bir-birinə tarixən çox yaxın, dost olublar. İsrail hər zaman Azərbaycanın hərbi tərəfdaşı olub və ən çətin anlarda Azərbaycanı dəstəkləyib.  Azərbaycan da hər il İsrailə 40 milyon barrel  və ya 1,5 milyard dollar dəyərində neft  ixrac edir. İsrail isə Azərbaycana hərbi sahə də daxil olmaqla, ən yeni texnika və texnologiyalar satır. Azərbaycan-İsrail əlaqələrinin yüksək səviyyədə qurulması hər iki dövlətin daxili işi olmaqla yanaşı, ölkələrimizin inkişafında və təhlükəsizliyin təmin edilməsində böyük rola malikdir”.


A.Rafailov xatırladıb ki, görkəmli dövlət xadimi Heydər Əliyev İsrailə xüsusi dostluq münasibəti sərgiləyirdi:


“Prezident İlham Əliyev də bu dostluq münasibətlərini yüksək səviyyədə davam etdirir. Xalqlarımız arasındakı əlaqələrin inkişaf etdirilməsi İsrail hökuməti üçün prioritet məsələlərdəndir. Bundan başqa, İsraildə kifayət qədər güclü Azərbaycan diasporu var, eyni zamanda, Azərbaycanda yəhudi icması fəaliyyət göstərir. Bu gün də bu gözəl ənənələr davam edir.

Bu günə kimi, hansı siyasi partiyaya aid olmasından asılı olmayaraq, İsraildə hakimiyyətə gələn bütün hökumətlər Azərbaycanla əməkdaşlıq edib. Əminliklə deyə bilərəm ki, İsraildə qurulan yeni hökumət də bu ənənəyə sadiq olacaq. Müasir dövrdə Azərbaycan və İsrail münasibətləri dinamik artım xətti ilə gedir  və yüksək səviyyədədir”. 



İşçi qrupunun üzvü, deputat Asim Mollazadə də vurğulayıb ki, Azərbaycan-İsrail münasibətləri bizim xalqların min illik birgəyaşayış tarixi ilə bağlıdır:


“Min illərdir, yəhudilər və azərbaycanlılar arasındakı qardaşlıq münasibətləri iki ölkənin əlaqələrinin inkişafında həmişə müsbət rol oynayıb. Həm İsraildə mövcud olan Azərbaycan diasporu, həm də Azərbaycanda fəaliyyət göstərən yəhudi icması ölkələrimizin arasında çoxşaxəli əməkdaşlığa həmişə dəstək verirlər. Mən əminəm ki, İsrail rəhbərliyində kimin olmasından asılı olmayaraq, ölkələrimiz arasında əməkdaşlıq davam edəcək. Çünki mühüm sahələrdə ortaq maraqlarımız var”.


Deputat diqqətə çatdırıb ki, Prezident İlham Əliyev İsrailin yeni prezidenti İsaak Herzoka təbrik məktubunda əməkdaşlığın bir çox sahələri əhatə etdiyini və davamlı olacağını vurğulayıb:


“Xatırlatmaq istəyirəm ki, Qarabağa qayıdış proqramında İsrail şirkətləri də fəal iştirak edirlər. Müharibə zamanı İsrail bizə həm informasiya, həm də təhlükəsizlik baxımından dəstək verib. Bunlar  dəyişməyəcək. Münasibətlərin tarixi əsaslı kökləri var”.


A.Mollazadə İsraildə Azərbaycan səfirliyinin açılmasının vacibliyini də xatırladıb:


“Yeni rəhbərliyin fəaliyyəti dönəmində səfirliyin açılması istiqamətində addımlar atılacağına ümid edirəm. Buna mütləq ehtiyac var. Xatırlatmaq istəyirəm ki, İsraildə Azərbaycanın iqtisadi və turizm mərkəzləri açılmaqdadır. Bu ölkələrimizin münasibətlərində yeni potensialın inkişafına təkan verəcək. Səfirliyin açılmasının da tezləşdirilməsini istəyərdim”.



Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür