Modern.az

29 il sonra evlərinə gedən şuşalılar: “Gözəl günlərimiz hələ qarşıdadır”

29 il sonra evlərinə gedən şuşalılar: “Gözəl günlərimiz hələ qarşıdadır”

20 Avqust 2021, 12:50

Ötən gün Şuşa sakinləri 29 illik ayrılıqdan sonra doğma şəhərlərinə ayaq basıblar. Səfər zamanı onlar Cıdır düzünü, Qala divarları, Natəvan bulağı, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət ediblər. Daha sonra evlərinə baş çəkən yerli sakinlər tezliklə öz yurdlarında əbədi yaşamaq üçün geri dönəcəklərini bildiriblər.

 

Doğma el-obalarına baş çəkən şuşalılar səfərlə bağlı təəssüratlarını Modern.az-la bölüşüblər.

 

Şuşa azad olunduqdan sonra ilk dəfə Qarabağa səfər edən şəhər sakini Nigar Süleymanova cəmi bir neçə ay ərzində Azərbaycanın mədəniyyət paytaxtında böyük işlərin görüldüyünü deyib:

 

“Biz şuşalılar üçün əvəzedilməz gün oldu. Uzun illər bu günün həsrəti ilə yaşayırdıq. Şuşa sakinləri öz torpaqlarına, el-obasına baş çəkməyə gəldi. Sevincimizin həddi-hüdudu yoxdur. Sanki uçamağa qanadımız çatmır. İllərdir gözlədiyimiz bu günü bizə yaşatdığı üçün Ali Baş Komandan İlham Əliyevə, Ordumuza minnətdarlığımı bildirirəm. Allah Vətən üçün canından keçən bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. İnanırıq ki, tezliklə öz doğma elimizə geri qayıdacağıq”.

 

 

Uzun illər doğma şəhərindən ayrı düşən Elbrus Musayev Şuşada özünü xoşbəxt hiss etdiyini deyib.

 

“İllər sonra yenidən Şuşaya ayaq basdığım üçün dünyanın ən xoşbəxt insanıyam. Şuşa işğal olunanda çox əziyyət çəkdik, beş yaşlı övladımı itirdim. Amma, bu günə də şükürlər olsun. Pis günlərimiz geridə qaldı”.

 

Şuşa sakini Sofia Salahova isə qeyd edib ki, gün gələcək övladlarımız Qarabağ torpağında böyüyəcək:

 

“Şükür olsun ki, 30 ildən sonra Şuşaya ayaq basdıq. Orada keçirdiyimiz hissləri sözlə ifadə etmək mümkünsüzdür. O hisslər insanı qəhərə, sevinc göz yaşlarına boğur. Vətənimə bundan da gözəl günlər arzulayıram. Tezliklə bu torpaqlarda övladlarımız böyüyəcək”.

 

Şuşadan qayıdan Əli Salahov ümidlə bildirib ki, gözəl günlərimiz hələ irəlidədir:

 

“Belə müqəddəs günü bizə yaşatdığı üçün şəhidlərimizə, qazilərimizə və Ali Baş Komandan İlham Əliyevə təşəkkürümü bildirirəm. Doğrudur, Şuşa ermənilər tərəfindən dağıdılıb, amma inanıram ki, tezliklə hər şey qaydasına düşəcək. Bizim bundan da gözəl günlərimiz qarşıdadır”.

 

Fidan İlqar

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi