Modern.az

Məktəblər 15 sentyabra hazırlaşır - Hansı yeniliklər olacaq?

Məktəblər 15 sentyabra hazırlaşır - Hansı yeniliklər olacaq?

Təhsil

24 Avqust 2021, 09:23

Ötən gün ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planları təsdiq edilib. Təhsil naziri Emin Əmrullayevin imzaladığı əmrə əsasən, məktəblərdə dərslər sentyabrın 15-də başlayacaq və iyunun 14-dək davam edəcək. Bununla da pandemiya şəraitində olmağımıza baxmayaraq,  məktəblərin ənənəvi vaxtda – 15 sentyabrda açılacağı rəsmən elan edilib.

 

Bəs, məktəblər yeni dərs ilinə hazırdırmı?

 

Təhsil eksperti Kamran Əsədov Modern.az-a bildirib ki, Azərbaycan təhsil sistemi dünya ölkələrində olduğu kimi yeni tədris ilinə ənənəvi qaydada başlamağa hazırlaşır:

 

“Türkiyə artıq elan edib ki, sentyabrın 6-dan dərslər ənənəvi qaydada başlayacaq. Azərbaycanda isə tədris prosesinin ənənəvi qaydada bərpası 15 sentyabrda nəzərdə tutulur. Amma hər şey tamamilə fərqli formatda həyata keçiriləcək”.

 

 

Onun sözlərinə görə, indiki mərhələdə əsas məsələ koronavirus infeksiyasına qarşı qoruyucu tədbirlərin görülməsidir:

 

“Bildiyimiz kimi, Azərbaycanın təhsil sistemi 2020-ci ilin sentyabrında və 2021-ci ilin fevralın 1-də ənənəvi qaydada tədris prosesinə qayıdıb. Burada fərqli cəhət 10-cu və 11-ci siniflərin tədris prosesində iştirak etməsi olacaq. İkinci fərqli nüans ondan ibarətdir ki, 51 ali təhsil ocağı öz fəaliyyətini ənənəvi qaydada davam etdirəcək. Amma burada bir neçə yeni yanaşma tərzi mövcuddur.

 

Belə ki, tələbələrin dərs prosesində iştirakı növbəlilik prinsipində həyata keçiriləcək. Yəni əsasən ixtisas fənnləri ənənəvi qaydada, qeyri-ixtisas ixtisas fənnləri onlayn qaydada davam edəcək. Auditoriyada tələbə sayı yarıya qədər endiriləcək. Hesab edirəm ki, ən ciddi məsələ məktəblərdə dizenfeksiya və qoruyucu tədbirlərin görülməsidir”.

 

 

 Təhsil eksperti, həmçinin bölgələrdəki universitetlərin tədrisə hazırlıq prosesindən xəbərsiz olmaqlarından şikayətlənib:

 

“Artıq bizdə olan məlumata görə, Bakı Dövlət Universitetində kifayət qədər ciddi şəkildə tədris prosesinə hazırlıq gedir. Universitetin girişində xüsusi maye üfürən aparatlar, uzaqdan temperatur ölçən cihazlar quraşdırılıb.

 

Bundan əlavə Pedaqoji, İqtisad universitetlərində də çox ciddi hazırlıq işləri görülür. Əldə olan məlumata görə, ali təhsil müəssisələrinin müəllim heyətinin çox hissəsi vaksin olunub. Vaksin olunanlar arasında birinci yerdə BDU gəlir. Demək olar ki, burada işçilərin 100%-i vaksin olunub.

 

Düşünürəm ki, biz bölgələrdəki universitetlərlə bağlı da məlumatlı olmalıyıq. Amma çox təəssüf ki, bölgələrdəki universitetlər barədə geniş informasiya əldə edə bilmirik”.

 

Fidan İlqar

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır