Modern.az

Ərdoğanın “əsl zabit belə olar” dediyi şəhidin doğum günüdür

Ərdoğanın “əsl zabit belə olar” dediyi şəhidin doğum günüdür

Ölkə

Bu gün, 10:56

Bu gün Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, “Vətən Müharibəsi Qəhrəmanı” Valeh Bədəlovun doğum günüdür.

Modern.az xatırladır ki, Valeh Vahid oğlu Bədəlov 1990-cı il oktyabrın 10-da Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub. Bu gün onun 36 yaşı tamam olardı.

O, orta təhsilini Aşağı Tala kəndindəki Ramiz Şabanov adına 3 saylı tam orta məktəbdə alıb. 2007-ci ildə məktəbi bitirdikdən sonra Qafqaz Universitetinin (indiki Bakı Mühəndislik Universiteti) Filologiya fakültəsinə daxil olub. 2012-ci ildə Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə ali təhsilini başa vurub.

Ali təhsilli olmasına baxmayaraq, Valeh Bədəlov hərbi sahəni seçib. 2013-cü ildə müddətli hərbi xidmətini başa vurduqdan sonra hərbçi kimi fəaliyyətini davam etdirib. Xüsusi Təyinatlı Qüvvələrin kursları ilə yanaşı, Türkiyədə komando kurslarında da iştirak edib. Aprel döyüşlərində şücaət göstərən zabit 2020-ci ildə Vətən müharibəsinə qatılıb.

Onun döyüş yolu Murov istiqamətindən başlayıb, daha sonra Cəbrayıl və Füzuli rayonlarında davam edib. Valeh Bədəlov Füzuli uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb.

1554181

Şəhidin hərbçi kimi hazırlığı və peşəkarlığı Türkiyədə keçirilən təlimlərdə də diqqət çəkib. Anası Südabə xanımın xatirələrinə görə, 2018–2019-cu illərdə qardaş ölkədəki təlimlərdə fərqlənən Valeh Bədəlovu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ön sıraya çıxararaq, “Əsl zabit belə olar” deyib.

Valeh Bədəlovun hərbçi olmaq istəyi hələ məktəb illərindən formalaşıb. Atası Vahid kişinin sözlərinə görə, o, hərbi-idman yarışlarında və təlimlərdə fəallığı ilə seçilib, gələcəkdə hərbçi olacağını və torpaqlarımızın azadlığı uğrunda mübarizə aparacağını deyib.

Ailənin böyük övladı olan Valeh Bədəlov kitab oxumağı sevib, üç dil bilib. Ailəli olan şəhidin Aylin və Nilay adlı iki qızı yadigar qalıb.

 

1554178

Valeh Bədəlovun qəhrəmanlığı döyüş yoldaşlarının da xatirələrində yaşayır. Onlar onun döyüş zamanı soyuqqanlılığını, cəsarətini və əsgərlərə verdiyi dəstəyi xüsusi vurğulayıblar.

Şəhidin xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilib. Valeh Bədəlova ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı verilib və o, “Vətən uğrunda” medalı ilə təltif olunub.

Valeh Bədəlovun əziz xatirəsi ehtiramla yad edilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Moskvada gərgin anlar - Putinin təyyarəsi eniş edə bilmədi