Modern.az

Türkiyənin Qarabağ kəndi – Orada ermənilər yaşamır - FOTOLAR

Türkiyənin Qarabağ kəndi – Orada ermənilər yaşamır - FOTOLAR

20 Oktyabr 2021, 13:15

Türkiyənin İzmir şəhərinin Kiraz rayonunun Qarabağ qəsəbəsində 5 nəsil əvvəl Qarabağdan köçüb gələn sakinlərin nəticələri məskunlaşıb. 

 

Qəsəbə haqqında Modern.az-a danışan icra nümayəndəsi Erol Yalçın qarabağlıların Türkiyənin müxtəlif bölgələrində məskunlaşaraq, öz həyatlarını qurduğunu söyləyib. Erol Yalçının sözlərinə görə, Türkiyənin müxtəlif bölgələrində də Qarabağlılar məhəlləsi mövcuddur:

 

“Qarabağlılar zaman-zaman köç etdikcə İzmirə qədər gəlib, burada Qarabağ məhəlləsini salıblar. Qarsda, Antalyada və digər yerlərdə Qarabağ məhəlləsində yaşayanların ata-babalarının izləri var. Bizə qarabağlı deyirlər. Hazırda kəndin əhalisinin sayı 247 nəfərdir. Amma burada müxtəlif xalqların nümayəndələri də məskunlaşıb. Biz kürdlərlə, türklərlə və digərləri ilə birlikdə yaşayırıq. Onlar eyni vaxtda, birlikdə köç ediblər. Amma qarabağlıların onlarla qohumluq, evlilik münasibətləri olmayıb”.

 

O, qarabağlılar arasında ermənilərin olmadığını vurğulayıb:

 

“Kəndimizdə heç erməni yaşamır. Amma İzmirin digər bölgələrində, Türkiyənin müxtəlif ərazilərində ermənilər yaşayır. Məhəllə sakinlərinin nə İzmirdəki ermənilərlə, nə də ki, daha fərqli ərazilərdə yaşayanlarla bir sıxıntısı, qarşıdurması, mübahisəsi indiyə qədər olmayıb. Qeyd etdiyim kimi kəndimizin ətrafında erməni olmadığına görə belə bir halla heç rastlaşmamışıq. İzmirə 140 kilometr təxmini məsafəmiz var. Şəhər mərkəzinə uzağıq”.

 

Məhəllənin rəhbəri onu da söyləyib ki, dünyanın digər bölgələrində yaşayan, Qarabağdan köç etmiş soydaşlarla əlaqələr qurmaq arzusundadırlar:

 

“İstəyərdik ki, Qarabağdan köçən yeni nəsillərlə tanış olaq. Qarabağlılar 8-10 kilometr bizdən aralıda daha bir kənddə məskunlaşıblar. Amma kəndin adı fərqlidir.

Mən əsgərlikdən gələndə Qarabağ ermənilər tərəfindən işğal edilmişdi. Söhbət 1990-cı illərdən gedir. Mən burada hərbi xidmətə çağırış şöbəsinə müraciət etmişdim, Azərbaycana gəlmək, ermənilərə qarşı savaşda iştirak etmək istəmişdim. Amma bu istəyim baş tutmadı.

Şükür ki, Qarabağ azad edildi, şəhidlərimizə Allah rəhmət eləsin! Mənim ilk getmək istədiyim yer Məkkə, ikinci istədiyim isə Qarabağı görməkdir. Çox yaşlanmadan bunu etmək istəyirəm”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir