Modern.az

“Vətənpərvərlik qazanc yeri deyil” - Əkrəm Əylisli

“Vətənpərvərlik qazanc yeri deyil” - Əkrəm Əylisli

6 Dekabr 2021, 12:00

Bu gün tanınmış yazıçı Əkrəm Əylisinin 84 yaşı tamam olur. Yazıçı 1937-ci ildə Naxçıvan MR Ordubad rayonunun Yuxarı Əylis kəndində doğulub.

 

Modern.az saytı bu münasibətlə yazıçı ilə əlaqə saxlayıb, onun səhhəti və yaradıcılığı ilə maraqlanıb.

 

Yazıçı ilk olaraq bütün dünyanın bəlasına çevrilən koronavirusdan necə qorunduğundan danışıb:

 

“Allah kimi istəyir qoruyur, kimi istəyir öz tərəfinə çağırır. Çox vaxt evdə oluram, ona görə peyvənd də olunmamışam. Ümumilikdə səhhətim pis deyil. Kənddə belə bir söz var, deyirdilər, “qocafəndi”yəm. Mən də o cürəm”.

 

Ə.Əylisli imkan daxilində ictimai-siyasi prosesləri izlədiyini bildirib. O, hazırda yeni bir əsər üzərində işlədiyini də qeyd edib:

 

“Bir əsər üzərində işləyirəm, yazıram. Çoxdan içimdə yetişən bir yazıdır. Məndə elədir ki, mövzu içimə toxum kimi düşür və uzun müddət toxum torpağın altında necə baş qaldırırsa, o da o cür cücərir, yetişir. Çox güman ki, hekayə kimi doğulan bu “toxum” povestə çevriləcək”.

 

44 günlük Vətən müharibəsi haqqında nə zaman əsər yazacağı ilə maraqlandıqda, Ə.Əylisli bildirib ki, müharibə haqqında əsərlər çox vaxt müharibədən xeyli sonra yazılır:

 

“Hadisələr cəmiyyətin ruhunda həzm olunur, sonra yazıya çevrilir. İstəmirəm ki, bu da alver mövzusu olsun. Qələbədən o qədər yazacaqlar ki... Həmişə belə olub. İstedadsız, kamil olmayan insanlar növbədə durur, o saat aktual mövzudan yapışırlar. Normal yazıçı üçün aktual mövzu deyilən bir şey yoxdur. Dostayevski hansı aktual mövzunu yazıb? Dövrün, zamanın dərdlərini yazmaq aktual mövzuda işləmək deyil. Qalıcı bəşəri əsərlər yazmaq üçün zaman lazımdır. Vətənpərvərlik qazanc yeri deyil. Vətənpərvərlik insanlardan böyük cəsarət tələb edir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi