Modern.az

Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - IV yazı

Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - IV yazı

20 Yanvar 2013, 12:30

Müstəqillik dövründə də milli ideologiya və ideologiya anlayışları öz əhəmiyyətini itirməmişdir. Çağdaş Azərbaycan alimlərinin əksəriyyətinin əsərlərində milli ideya, ideologiya və milli ideologiya anlayışları ilə bağlı irəli sürülən mülahizələr isə, müəyyən cüzi fərqləri nəzərə almasaq, yuxarıdakı müddəalardan ciddi şəkildə fərqlənmir.

Məsələn, filosof Ağayar Şüof alim kürov bir tərəfdən iddia edirdi ki, milli ideologiya millətlə birlikdə meydana gəlir və millətin mənəvi tərəqqisi milli ideyanın başlıca vəzifəsidir. Digər tərəfdən isə o yazırdı ki, milli ideya «milliyyətindən, dinindən asılı olmayaraq hamının başa düşüb danışdığı dilə, eyni, yaxud oxşar adət-ənənəyə, ümumi psixoloji amillərə malik olan cəmiyyətin mənafeyini təmsil, müdafiə edir». Fikrimizcə, A.Şükürov unutmuşdur ki, milli ideologi­ya­nın yaranmasında, müəyyən mənada başqa etnik qruplar iştirak edə biləcəyi halda, milli ideya yalnız bir millətin məh­suludur.

Bu baxımdan tanınmış filosof alim Yadigar Türkel doğru qeyd edir ki, «milli ideya - milli özünütəsdiq məqsədilə yaradılmış milli-mənəvi dəyərlər sistemidir. Bir yandan əhalinin uzun tarixi varlıq tək keçdiyi yolu, sosial-siyasi birlik kimi özünüdərkini, o biri yandan millətin varlığını, maraqlarını, iqtisadi, si­ya­si, mədəni inkişaf yönünü göstərir. Məsələn, rus milli ideyası, türkçülük və b.». Bu müəl­lifin fikirlərinə qatılaraq, biz də hesab edirik ki, milli ide­ya konkret bir millətlə (türk, rus, fars və b.) bağlı yaranır.

Çağdaş filosoflardan Əlikram Tağıyevin isə qeyd etməsi ki, milli ideyalar saf ideyalar şəklində deyil, çox vaxt müxtəlif formalarda və bayraqlar altında yaranıb inkişaf edir, onun bu fikri ilə razılaşa bilmərik. Fikrimizcə, milli ideya ilə bağlı «saf və qeyri-saf ideyalar»dan danışmaq doğru deyildir. Çünki qeyri-saf ideya artıq milli ideya deyil, o, beynəlmiləlçidir, kommunistdir, liberalistdir və s. Bu mənada saf və qeyri saf ideyalardan deyil, milli və bəşəri ideyalardan söhbət gedə bilər. Belə olduğu təqdirdə, milli ideya­dan fərqli olaraq milli ideologiya da həm milli, həm də bə­şə­ri ideyalar (demokrtiya, insan hüquq və azadlıqları və s.) öz ək­sini tapa bilər. Bu baxımdan Ə.Ta­ğı­ye­vin yazması ki, ideologiya - ideyaların toplusundan tə­şək­kül tapır və onun hərtərəfli tədqiqi üçün birinci növbədə mil­li etnik ideyalar öyrənilməlidir, bu fikirlə isə razılaşmaq olar.

Fikrimizcə, müəyyən mənada çağdaş tannımış filosof alimlərdən Əbülhəsən Abbasov bu anlayışları elmi-fəlsəfi baxımdan təhlil edərkən yeni söz de­məyə yaxın olmuşdur. Doğrudur, o da, əsasən əvvəlki müəlliflərin fikirləri ilə üst-üstə düşən belə bir ifadə işlədir ki, «ideologiya» dedikdə, ilk növbədə və başlıca olaraq döv­lətin ideologiyası, «milli ideologiya» nəzərdə tutulma­lıdır, çünki onun əsasında dayanan ictimai mənafe daha geniş və dərin məna daşıyır: «Belə ki, bu ideologiya yalnız ayrı-ayrı qrup və təbəqələrin, icma və birliklərin maraqlarını deyil, dövlətin ərazisində yaşayan bütün sosial, etnik, dini qrup və birliklərin mənafeyini ifadə edir. Onu «milli dövlətçilik ideologiyası» da adlandırmaq olar. O, daha sonra yazır: «Milli dövlətçilik ideologiyası bütövlükdə cəmiyyətin həyat və fəaliyyətini, ictimai münasibətləri zəruri olan isti­qa­mətdə və məzmunda təşkil etmək, milli maraqlar­ın hə­ya­ta keçirilməsini gerçəkləşdir­mək üçün praktiki vəzifə­lər­in həll edilməsinə yönəldilmiş biliklərin sintezidir. Yalnız ümum­milli mənafeyə, milli birlik və ictimai tarazlıq tələblər­inə cavab verdikdə, milli ideolo­giya öz missiyasını daşımağa qadir olur. Məhz bu mahiy­yətdə və statusda milli ideologiya hakim ideologiya səviyyə­sinə yüksəlir, bir sosial qrupun və yaxud da ayrıca bir siyasi partiyanın deyil, bütöv xalqın maraqlarını ifadə və müdafiə edir».

Bizə isə elə gəlir ki, milli ideologiyanın dövlətçilik ideologiyası ilə əlaqələndirilməsi doğru olsa da, dövlət ideologiyası və milli ideologiya arasındakı bəzi fərqləri də nəzərə almaq lazımdır. 

Beləliklə, milli ideya, ideologiya və milli ideologiya ilə bağlı fikir­lə­ri ümumiləşdirərək belə qənaətə gəlmək olar ki, milli mə­nə­vi dəyərlə milli mentalitet, milli mentalitetlə milli özü­nü­dərk, eləcə də həmin anlayışlarla milli ideya və milli ideo­lo­giya arasında müəyyən əlaqlər vardır. Fikrimizcə, milli mə­nə­vi dəyər də, milli özünüdərk də, milli ideya da xalqın soy­kö­kü, dili və b. vacib əlamətlərini əks etdirir. Hər bir xalq özü­nün milli varlığını qoruyub saxlamaq üçün bir çox sərvətlərini - dilini, dövlətçiliyini, dini-fəlsəfi dünyagörüşünü, mədəniy­yətini və s. milli mənəvi dəyərlər, yaxud da milli mentalitet ki­mi yaddaşlarda yaşadır və nəsillərdən-nəsillərə ötürür. Ancaq elə milli mənəvi dəyərlər var ki, bu günə qədər qorunub sax­lan­sa da, onları bu mənada milli ideya kimi qəbul etmək doğru olmazdı. Məsələn, bunlardan yaşlı insan­lara, ağsaq­qal­lara hörmət, qadına münasibət, namus­lu­luq, toy və yas mərasimlərinə münasibət və s. göstər­mək olar. Bütün bun­lar daha çox, milli mentalitet anlayışına aiddir.

Milli mənəvi dəyərin, o cümlədən milli mentalitetin mil­li ideyaya çevrilməsi məsələsində onun miqyasına, əhəmiy­yətinə və xalqın bütün təbəqələri tərəfindən qəbul edilib-edilməməsinə diqqət yetirmək lazımdır. Çünki yalnız bu halda hər hansı bir anlayış milli mənəvi dəyərdən daha yük­sək səviyyəyə qalxaraq, milli ideyaya və nəticədə milli ide­o­lo­giyanın tərkib hissəsinə çevrilə bilər. Eyni zamanda o mə­nəvi dəyərlər, anlayışlar milli ideya, sonrakı mərhələdə milli ideologiya kimi qəbul edilə bilər ki, onun da yalnız milli mənəvi mənada deyil, həm də elmi, fəlsəfi, siyasi və ideoloji baxımdan da əsası olsun. Fikrimizcə, milli ideya konkret bir millətə aid anlayış kimi yaranır və həmin millətin oyanışının və inkişafının istiqamətvericisi olur. Milli mənəvi dəyər­lər­dən, milli sərvətlərdən millətin tərəqqisi, milli kim­li­yi və lə­ya­qətinin müdafiəsi, milli dövlətini yaşatması və s. üçün istifadə olunarsa, onda onlar milli ideyaya çevrilə bilər.

Milli ideologiya dedikdə isə, xalqın fəlsəfi, dini, siyasi, mə­dəni, iqtisadi və s. görüşlərinin nəticəsində meydana çıxan, məzmun və formasına, mahiyyətinə görə təşəkkül taparaq, si­ya­si-ideoloji mənada millətin formalaşmasına yardım edən tə­səv­vürlərin, obrazların, mənəvi dəyərlərin, özünəməxsus olan­la­rın bütövlüyüdür. Müstəqillik əldə edərək azad şəkildə ya­şa­yan bir dövlətdə «milli ideologiya» anlayışını iki mə­na­da başa düşmək olar: 1. Dövlətin, hakimiyyətin maraq­larını özün­­də əks etdirən, siyasi-ideoloji yönlü milli ideolo­giya; 2. Heç bir direktiv-məmur, hakimiyyət göstərişi olma­dan mil­lətin özünün tapındığı və inandığı milli mənəvi ideyalar.

Bunun örnəyi, birinci halda vətəndaşlar istəyərəkdən və yaxud istəməyərəkdən, məcburi şəkildə bir çox mühüm mə­sə­lə­lərə (məs., millətin dövlətçilik, tarix, etnogenez, dil, mə­də­niy­yət, fəlsəfə, din və s.) münasibətdə milli mənafeni, dövlətin ma­raqlarını nəzərə almalı, bir sözlə hakim və vahid kon­sep­si­ya­dan kənara çıxmamalıdır. Bu halda (sovet dövründə ol­duğu kimi) bir millətin tarixinə, etnogenezinə, dilinə, həmin xalqın formalaşmasına, fəlsəfəsinə və s. münasibət bütün dairələrdə, o cümlədən elm sahələrində (tarix, fəlsəfə, siya­sət, ədəbiyyat, dilçilik, etnoqrafiya və s.) birmənalı olur. Şüb­­həsiz, burada hakimiyyətin, bir partiyanın müəyyənləş­dir­diyi direktiv-məmur göstərişləri həlledici rol oynadığı üçün həmin millətin tarixi, etnogenezi, dili, onun for­ma­laş­ma­sı və s. məsələlərdə obyektiv şəkildə öz əksini tapa bilmir. Bu baxımdan müstəqil dövlətdə milli ideologiyanın yu­xa­rı­dan müəyyənləşdirilməsi, adətən birmənalı qarşılanmır. Ona görə də, demokratik dövlətlərdə hakim qüvvələr yalnız öl­kə­nin birbaşa mənafeyinə toxunan, onun gələcək taleyi, dövlət təhlükəsizliyi üçün təhlükəli olan və s. vacib məsələlər baxımından milli maraqların ifadəçisi kimi çıxış edərək, yerdə qalan məsələlərdə, özəlliklə elmi mübahisə doğuran mə­sələlərə (tarix, ədəbiyyat, etnogenez, dil, mədəniyyət, fəlsəfə, din və s.) müdaxilə etmirlər.

İkinci halda isə milli ideologiya millətin ziyalıları, alim­lə­ri və b. tərəfindən milli mənəvi ideyalar əsasında müəy­yən­ləş­di­rilir. Bu halda millətin öz içindən qaynaqlanan, milli mənəvi də­yərlərinə söykənən, əsasən hər hansı hakimiyyət ma­raq­la­rı­na əsaslanmayan və milli vicdanın öhdəsinə buraxılan mənəvi-ideoloji ideyalar həlledici rol oynayır. Bu zaman millətin maraqlarını ifadə etmək baxımından müraciət olunan vacib, o cümlədən elmi cəhətdən mübahisə doğuran məsələlərə - Azər­baycan elminin bəzi sahələrindəki tarix (qədim dövlətlərlə çağdaş dövlətin hüquqi və mənəvi bağlılığı, etnogenez, dil və xalqın formalaşması məsələləri), fəlsəfə (xalqın qədim dövr, orta əsr və yeni dövr fəlsəfi dünyagörüşü ilə bugünkü dün­ya­görüşü arasında hansı bağlılıqların olması), ədəbiyyat (qədim dövr, orta əsr və yeni dövr ədəbiyyatı ilə çağdaş ədəbiyyatın va­risliyi), dilçilik (xalqın qədim dövr, orta əsr və çağdaş dövrlərdəki dil bağlılığı), mədəniyyət (xalqın qədim dövr, orta əsr və yeni dövr mədəniyyətinin çağdaş dövr mədəniyyəti ilə bağlılığı), din (islamaqədərki mifoloji və dini dünyagörüşlərin, o cümlədən islamın Azərbaycan xalqının həyatındakı bağ­lı­lı­ğı) və s. problemlərə münasibətdə «vahid konsepsiya» yu­xa­rı­nın, hakimiyyətin göstərişləri əsasında deyil, milli mənəvi ide­ya­lar əsasında müəyyənləşdirilir.

Bu gün Azərbaycan elmində ikinci məsələ daha aktual xarakter daşıyır və «milli ideologiya»nın qeyd etdiyimiz məzmunda başa düşülməsinə ehtiyac var. Yalnız bu halda, Azərbaycan xalqının etnogenezi, dili, bu xalqın formalaşma­sı, dini-fəlsəfi düynagörüşmüz və s. məsələlərlə bağlı Azərbay­can elmində, xüsusilə humanitar və ictimai elmlərdə mövcud olan ziddiyyətlər, anlaşılmazlıqlar aradan qaldırıla bilər. Bir sözlə, Azərbaycan ziyalıları, alimləri elmin bəzi sahə­lərində mövcud olan problemlərin həlli üçün, həmin problemlərin Azərbaycan xalqının milli maraqları ilə bir­başa bağlılığını nəzərə almaqla, öncə milli-mənəvi ideyalar­dan çıxış etməli və sovet dövrünün məhsulu olan, yalnız «direktiv-məmur göstərişləri» əsasında milli məsələlərə yanaşmaqdan kənar qaçmalıdırlar. Əgər bu gün ictimai və humanitar elmlər üzərində dövlət nəzarəti yoxdursa, bu o demək deyil ki, millətin maraqları müxtəlif nəşrlərdə bir-birinə zidd şəkildə öz əksini tapmalıdır. Bu mənada tədqiqatçılar ictimai və humanitar elmlər üzərində dövlət nəzarəti olmadığı bir şəraitdən sui-istifadə etməməli, milli mənəvi ideyalar əsasında tədqiqatlar aparmalı və mənəvi-ideoloji mənada vahid konsepsiyadan çıxış etməlidirlər.

Yeri gəlmişkən, milli ideologiya anlayışı ilə yanaşı, «mil­­li konsepsiya» termininə də rast gəlirik. Hətta bəzi təd­qi­qat­çılar milli ideologiya və milli konsepsiya anlayışlarını eyniləşdirirlər. Buna səbəb də, «konsepsiya» sözünü daşıdığı mənadır: «Konsepsiya (lat. conseptio - aparıcı fikir, sistem, anlama) - hadisələr, proseslər, ideyalar haq­qında baxışlar sistemidir». Fikrimizcə, «milli konsepsiya» milli ideologiya anlayışı ilə müqayisədə bir qədər konkret məna daşıyır. Burada mövcud ideyalardan biri, yaxud bir neçəsi daha konkret şəkilə, formaya salınaraq lokomotiv rolunu oynayır. Bu mənada «milli konsepsiya»nı milli ideo­lo­gi­ya­nın daha konkretləşdirilmiş forması hesab etmək olar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü