Ermənistanda yeni Konstitusiyanın qəbulu ilə bağlı müzakirələr ölkənin daxili siyasi gündəliyində mühüm yer tutur. Rəsmi İrəvan üçün bu prosesin Azərbaycanın tələbi kimi deyil, Ermənistanın daxili siyasi və hüquqi ehtiyacları çərçivəsində aparılması daha məqsədəuyğun hesab olunur. Bununla belə, yeni Konstitusiyanın qəbulu ilə bağlı atılacaq addımlar Azərbaycan-Ermənistan münasibətlərinin gələcək dinamikasına və sülh prosesinin yekun mərhələsinə də təsir göstərə bilər.
Digər tərəfdən, Cənubi Qafqazda sülh gündəliyi ilə paralel olaraq regionun gələcək nəqliyyat xəritəsi də formalaşır. Ermənistanın irəli sürdüyü “Sülh körpüsü” təşəbbüsü və Azərbaycanın aparıcı rol oynadığı “Orta Dəhliz” layihəsi bu prosesin fərqli istiqamətlərini təşkil edir. İrəvan nəqliyyat təcridindən çıxmaq və regional tranzit imkanlarını genişləndirmək üçün yeni kommunikasiyalarda iştirak etməyə çalışır. Lakin regionun nəqliyyat və logistika arxitekturasının formalaşmasında Azərbaycanın mövcud infrastrukturu və geostrateji mövqeyi həlledici əhəmiyyət daşıyır.
Həm də bu addımlar sanki qəsdən prosesin uzanmasına, yubadılamasına hesablanıb.
Məsələ ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov bildirib ki, söhbət Ermənistan Konstitusiyasının Azərbaycanın tələbi ilə dəyişdirilməsindən deyil, yeni Konstitusiyanın qəbulundan gedir:
“Kənardan təzyiqlə Konstitusiyanı dəyişmək kifayət qədər çətindir. Yeni Konstitusiyanın qəbulu isə başqa məsələdir. Bunu Azərbaycanın tələbi ilə deyil, daxili tələblərlə əlaqələndirmək daha əlverişlidir. Ermənistanda parlament seçkilərinin başa çatmasından dərhal sonra yeni Konstitusiyanın qəbulu ilə bağlı prosesin başlanması mümkün deyil. Əvvəlcə yeni parlament formalaşmalı, parlamentin rəhbər orqanları və komitələri yaradılmalı, daha sonra hökumətin fəaliyyət proqramı parlamentə təqdim edilməlidir. Hökumətin fəaliyyət proqramında yeni Konstitusiya ilə bağlı öhdəlik mütləq öz əksini tapmalıdır. Hökumətin fəaliyyət proqramı ilə yanaşı, hökumətin formalaşması da baş verməlidir. Payızdan tez bunu etmək mümkün olmayacaq. Bundan sonra isə yeni Konstitusiyanın mətni gündəmə gələcək”.

Politoloq vurğulayıb ki, Ermənistanın yeni Konstitusiya ilə bağlı atacağı addımlar Azərbaycanla münasibətlərin normallaşması prosesindən ayrı nəzərdən keçirilə bilməz:
“Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması məsələsindən asılı olmayaraq, iki ölkə arasında bir sıra istiqamətlərdə praktiki addımlar artıq atılıb. Cənab Prezident elan etmişdi ki, Ermənistanla yekun sülh müqaviləsinin imzalanmamasına baxmayaraq, sülh şəraitində yaşayırıq. Mümkün olan məsələlər həm müzakirə olunub, həm də irəli aparılıb. Azərbaycan ərazisindən Ermənistana tranzit açılıb, Ermənistana yanacaq göndərilməsinə başlanılıb, iki ölkə arasında sərhədlərin delimitasiyası prosesi davam etdirilir.
O, həmçinin TRIPP layihəsi ilə bağlı prosesin də praktiki mərhələyə keçdiyini bildirib:
“TRIPP layihəsi ilə bağlı məsələlər işlək mərhələyə gəlib çatıb. Fondun rəhbəri ABŞ-də təsdiq olunub, Ermənistana mütəxəssislər də gəlirlər. TRIPP müqaviləsi də Paşinyanın vədinə görə parlamentin ilk iclaslarında müzakirə olunmalı və təsdiqlənməlidir”.
Politoloqun sözlərinə görə, Azərbaycan Ermənistanla vətəndaş cəmiyyəti səviyyəsində də dialoqu inkişaf etdirib:
“Parlament və media nümayəndələri arasında görüşlər keçirilib və bu istiqamətdə əməkdaşlıq imkanları genişlənib. Mən deyə bilərəm ki, Azərbaycan-Ermənistan normallaşma prosesi irəli aparılıb. Orada hər şey əldə olunub. Ancaq prosesin dinamik şəkildə irəli aparılması vacibdir”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov isə Ermənistanın təşəbbüsü olan "Sülh körpüsü" layihəsini şərh edib. O, qeyd edib ki, Azərbaycan son illərdə öz coğrafi üstünlüyünü inkişaf etmiş nəqliyyat infrastrukturu ilə daha da möhkəmləndirib:
“Şaxələndirilmiş avtomobil yolları, dəmir yolu infrastrukturu, hava limanları, limanlar, boru kəmərləri sistemi və yaşıl enerji layihələri buna nümunədir. Sülh gündəliyi çərçivəsində bu layihələrin bir hissəsinin Ermənistan ərazisindən keçməsi də nəzərdə tutulur. Bununla belə, Azərbaycan bu istiqamətdə üstün mövqeyə malikdir və bölgədə həyata keçirilən təşəbbüslərin önündə gedən əsas lokomotiv rolunu oynayır.
Cənubi Qafqazda kommunikasiya və nəqliyyat xətləri regionun iqtisadi inkişafı, tranzit imkanlarının genişləndirilməsi və strateji əlaqələrin gücləndirilməsi baxımından mühüm rol oynayır. Azərbaycan bu sahədə bütün tərəfdaşlarla əməkdaşlığı inkişaf etdirməyə, Naxçıvanla əlaqələri normallaşdırmağa və Azərbaycan-Türkiyə kommunikasiya xəttinin fasiləsiz fəaliyyətinə xüsusi önəm verir.
“Orta Dəhliz”in əhəmiyyəti son illərdə xeyli artıb. Bu marşrut ənənəvi nəqliyyat xətlərinə mühüm alternativ olmaqla, Mərkəzi Asiya ilə Cənubi Qafqazı və Avropanı birləşdirən əsas tranzit istiqamətlərindən birinə çevrilir".

Deputat söyləyib ki, Ermənistan da regional kommunikasiyalarda iştirakını genişləndirmək məqsədilə “Sülh körpüsü” təşəbbüsünü irəli sürüb:
"Bu təşəbbüs İrəvanın nəqliyyat təcridindən çıxmaq və regional tranzit imkanlarını artırmaq cəhdlərindən biri kimi qiymətləndirilə bilər. Lakin Ermənistanın Azərbaycanla əks mövqedə dayanaraq regional nəqliyyat layihələrində üstünlük əldə etməsi mümkün deyil. “Orta Dəhliz” Azərbaycanın iştirakı və aparıcı rolu ilə inkişaf edən genişmiqyaslı kommunikasiya layihəsidir. Ermənistanın bu sistemə qoşulması isə qarşıdurma deyil, regional əməkdaşlıq və mövcud nəqliyyat şəbəkələri ilə inteqrasiya yolu ilə mümkündür”.