Ermənistanın Avropa İttifaqı ölkələrinə məhsul ixrac edən şirkətləri və yükdaşıyıcıları ciddi problemlərlə üzləşdiklərini bildirirlər.
Modern.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, "Joqovurd" qəzeti erməni ixracatçıların və daşıyıcıların Avropa istiqamətində yük daşımaları zamanı bürokratik maneələr və gömrük prosedurlarının ləngliyi ilə qarşılaşdıqlarını yazıb.
Məlumata görə, Avropa ölkələrinə göndərilən yüklər uzunmüddətli yoxlamalara cəlb olunur, yük avtomobilləri möhürlənir və günlərlə gömrük terminallarında gözləməli olur. Bu isə xüsusilə tez xarab olan kənd təsərrüfatı məhsullarının keyfiyyətinə mənfi təsir göstərir.
Nəşrin mənbəsinin sözlərinə görə, gecikmələr sahibkarlara əlavə maliyyə itkiləri yaradır və ixrac prosesini çətinləşdirir.
Qeyd olunur ki, Avropa bazarına ixracın həcmi Rusiya bazarına göndərilən məhsullarla müqayisə edilə bilməz. Bu səbəbdən erməni ixracatçılar Avropa istiqamətindəki çətinliklərin onların fəaliyyətinə ciddi təsir göstərdiyini bildirirlər.