“Sahibkarlıq fəaliyyəti ilə məşğul deyiləm. Bu məsələ ilə bağlı həm şəxsən mən, həm də təmsil etdiyim siyasi partiya dəfələrlə aydın və birmənalı açıqlamalar vermişik. Artıq bu həqiqət təkcə jurnalistlərə deyil, ölkənin ən ucqar kəndində yaşayan vətəndaşlara da məlumdur ki, mənim nə bazarım, nə də hər hansı ticarət obyektim var.
Buna baxmayaraq, bəzi media resursları sensasiya yaratmaq, daha çox baxış toplamaq və diqqət çəkmək naminə eyni əsassız iddiaları dövriyyəyə buraxmaqda davam edirlər. Təəssüf doğuran odur ki, bəzən peşəkar və məsuliyyətli hesab etdiyimiz media qurumları da faktları dəqiqləşdirmədən bu yanlış tendensiyaya qoşulurlar”.
Modern.az xəbər verir ki, bunu deputat, Milli Cəbhə Partiyasının sədri Razi Nuurllayev deyib.
Onun sözlərinə görə, cəmiyyətimizdə başqa bir yanlış yanaşma da formalaşdırılmağa çalışılır:
“Əgər hansısa vəzifəli şəxsin qohumlarından biri sahibkarlıq fəaliyyəti ilə məşğuldursa, onun bütün fəaliyyəti avtomatik şəkildə həmin vəzifəli şəxsin adına çıxılır. Halbuki bu, nə hüquqi, nə də mənəvi baxımdan qəbulolunandır.
İlk vaxtlar bu cür məlumatları məqsədli şəkildə, müəyyən maraqlar qarşılığında yayanlar var idi. Sonradan isə bir çoxları məsələni araşdırmadan, hətta yazılanları tam oxumadan həmin dezinformasiyanı təkrarlamağa başladılar.
Hər bir insanın bacısı, qardaşı, valideyni, əmisi, dayısı, xalası və digər qohumları var. Onların hər biri müstəqil hüquq subyektidir, öz fəaliyyəti və qərarlarına görə şəxsən məsuliyyət daşıyır.
Heç bir vəzifəli şəxs qohumlarının bütün fəaliyyətinə görə hüquqi və ya mənəvi məsuliyyət daşıya bilməz. Belə yanaşma nə qanunvericiliyə, nə də sağlam məntiqə uyğundur.
Təəssüf ki, bəzi şəxslər və hətta bəzi vətəndaşlar qəsdən vəzifəli şəxslərin qohumlarını bəhanə edərək onlara təzyiq göstərməyə, ictimai rəyi manipulyasiya etməyə çalışırlar. Bəzi “dırnaqarası” media resursları da bu kampaniyanın alətinə çevrilirlər.
Halbuki böhtan xarakterli məlumatların yayılması, şəxsin şərəf və ləyaqətini ləkələyən əsassız ittihamların səsləndirilməsi qanunvericiliyin tələblərinə ziddir və hüquqi məsuliyyət yaradır”.
Deputat deyib ki, tənqid faktlara söykənəndə faydalıdır:
“Lakin yalan məlumat yaymaq, insanların nüfuzuna qəsd etmək, reytinq və baxış naminə böhtan kampaniyası aparmaq nə vətəndaş jurnalistikasının etik çərçivəsinə, nə jurnalistikanın prinsiplərinə, nə də vicdana sığır.
Mən hər zaman açıq mövqe nümayiş etdirmişəm və bundan sonra da yalnız faktlara əsaslanan, məsuliyyətli ictimai müzakirələrin tərəfdarı olacağam”.