NATO son illərdə Rusiya-Ukrayna müharibəsi, ABŞ Prezidenti Donald Trampın alyansdakı müttəfiqlərinə qarşı sərt mövqeyi və digər böhranlar fonunda dünya gündəminin əsas mövzularından birinə çevrilib.
Modern.az xəbər verir ki, bu barədə “Pew Research Center”in araşdırmasında qeyd olunub.
Araşdırmaya əsasən, NATO ölkələrinin əksəriyyətində vətəndaşların hərbi alyansa münasibəti müsbətdir. Bununla belə, ölkələr arasında ciddi fərqlər mövcuddur.
NATO son illərdə demək olar ki, həftə keçmədən dünya gündəminə gəlir. Artıq beşinci ilinə qədəm qoyan Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi alyansın əsas prioritetlərindən biri olaraq qalır. NATO Ukraynaya dəstəyini davam etdirir, Avropa ölkələri isə öz müdafiə imkanlarını gücləndirməyə çalışırlar.
ABŞ Prezidenti Donald Trampın ikinci prezidentlik dönəmində NATO daxilində ciddi fikir ayrılıqları yaranıb. Tramp Danimarkanın tərkibində olan Qrenlandiyanı ələ keçirmək və NATO üzvü Kanadanı ABŞ-ə birləşdirmək barədə açıqlamalar verib. O, həmçinin digər müttəfiq ölkələri müdafiə xərclərini kifayət qədər artırmamaqda ittiham edib və ABŞ-nin alyansı tərk edə biləcəyi barədə xəbərdarlıq edib.
Buna baxmayaraq, NATO ictimai rəydə bu böhranların təsirindən tamamilə sarsılmayıb. “Pew Research Center”in 13 NATO ölkəsində keçirdiyi sorğuya əsasən, respondentlərin əksəriyyəti alyans haqqında müsbət fikirdədir.

NATO-ya ən yüksək müsbət münasibət Polşada qeydə alınıb – 78 faiz. Bu göstərici İsveçdə 74, Almaniyada 73, Macarıstanda isə 72 faiz təşkil edib.
Avropadan kənar NATO üzvləri arasında da alyansa müsbət münasibət üstünlük təşkil edir. Kanadada respondentlərin 67 faizi, ABŞ-də isə 57 faizi NATO haqqında müsbət fikirdə olduğunu bildirib.
Lakin bütün ölkələrdə vəziyyət eyni deyil. İspaniyada NATO-ya münasibət bölünüb: respondentlərin 48 faizi alyansa mənfi, 44 faizi isə müsbət münasibət bəslədiyini bildirib.
Yunanıstan və Türkiyədə isə NATO haqqında mənfi fikirdə olanların payı üstünlük təşkil edib. Hər iki ölkədə respondentlərin 59 faizi alyansa mənfi münasibət bildirib.
Araşdırmaya görə, ötən illə müqayisədə NATO-ya müsbət münasibət Fransada 7, İtaliyada 6, ABŞ-də isə 3 faiz azalıb. Yunanıstanda isə bu göstərici 8 faiz artıb.
Sorğuda NATO ölkələrində demoqrafik qruplar arasında fərqlərin də olduğu müəyyənləşdirilib. ABŞ-də NATO-ya münasibətdə siyasi parçalanma xüsusilə nəzərə çarpır. Demokratların 75 faizi alyansa müsbət münasibət bəslədiyi halda, Donald Trampın Respublikaçılar Partiyasını dəstəkləyənlərin yalnız 42 faizi NATO haqqında müsbət fikirdədir.
Macarıstanda isə 18-34 yaşlı respondentlərin 87 faizi NATO-ya müsbət münasibət bəsləyib. 50 yaşdan yuxarı respondentlər arasında bu göstərici 64 faiz təşkil edib. Oxşar yaş fərqləri Almaniya, İtaliya, Niderland və ABŞ-də də müşahidə olunub.
Avropada Rusiyaya münasibət mənfidir
Araşdırmada NATO ölkələrinin Rusiya və Prezident Vladimir Putinə münasibəti də öyrənilib.
Sorğuda iştirak edən bütün NATO ölkələrində Rusiyaya mənfi münasibət üstünlük təşkil edib. Bu göstərici İsveçdə 94, Polşada 86, Niderlandda isə 85 faiz olub.
Türkiyədə isə Rusiyaya mənfi münasibət müsbət rəydən cüzi fərqlə üstün olub. Respondentlərin 49 faizi Rusiyaya mənfi, 47 faizi isə müsbət münasibət bəslədiyini bildirib.
Avropa üzrə ümumi mənzərə Rusiyaya münasibətin əsasən mənfi olduğunu göstərir. Sorğuda iştirak edən bütün Avropa ölkələrində respondentlərin ən azı 60 faizi Rusiyaya mənfi münasibət bildirib. Niderland, Polşa və İsveçdə Rusiyaya “çox mənfi” münasibət bəsləyənlərin payı xüsusilə yüksək olub.
Vladimir Putinə münasibətdə də oxşar mənzərə müşahidə edilir. Avropa və Amerika qitəsində respondentlərin əksəriyyəti Rusiya Prezidentinin beynəlxalq məsələlərdə düzgün qərarlar verəcəyinə inamının olmadığını bildirib.
NATO ölkələri arasında Putinə ən aşağı etimad Polşa, İsveç, İspaniya və Niderlandda qeydə alınıb. Ən yüksək göstəricilər isə Türkiyə, Yunanıstan və Macarıstanda müşahidə olunub. Lakin bu ölkələrdə də Putinə etimad edənlərin payı azlıq təşkil edib – müvafiq olaraq 39, 35 və 33 faiz.

NATO ölkələrində Zelenskiyə münasibət bölünüb
Sorğuda Ukrayna Prezidenti Volodimir Zelenskiyə münasibət də araşdırılıb. NATO-nun Ukraynaya davamlı dəstəyinə baxmayaraq, alyans ölkələrinin vətəndaşları Zelenskiyə münasibətdə əsasən iki qrupa bölünüb.
Zelenskiyə ən yüksək etimad İsveçdə qeydə alınıb – 83 faiz. Bu göstərici Böyük Britaniyada 68, Niderlandda isə 67 faiz təşkil edib.
Macarıstan, Yunanıstan və Türkiyədə respondentlərin əksəriyyəti isə Zelenskinin beynəlxalq məsələlərdə düzgün qərarlar verəcəyinə inanmadığını bildirib. Bu göstərici Macarıstanda 78, Yunanıstanda 75, Türkiyədə isə 70 faiz olub.
ABŞ-də isə Zelenskiyə etimad edənlərin payı etimad etməyənlərdən yüksək olaraq qalır. Respondentlərin 50 faizi Ukrayna Prezidentinə etimad etdiyini, 40 faizi isə etimad etmədiyini bildirib.
Bu nəticələr ABŞ ilə Ukrayna arasında münasibətlərin Donald Trampın hakimiyyətə qayıtmasından sonra daha da qeyri-sabit xarakter almasına baxmayaraq qeydə alınıb.