Modern.az

Mərhum alim Oqtay Əfəndiyev dəfn olunub

Mərhum alim Oqtay Əfəndiyev dəfn olunub

28 Fevral 2013, 15:36

Tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Oqtay Əfəndiyevlə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) vida mərasimi keçirilib.

Modern.az xəbər verir ki, vida mərasimində çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezident əvəzi Akif Əlizadə deyib ki, Oqtay Əfəndiyevin ölümü ilə Azərbaycan elminə ağır itki üz verib. Onun sözlərinə görə, mərhum Akademiyanın ictimai həyatının gərgin vaxtlarında yaxından iştirak edib və qurumun fəaliyyətində onun hər zaman böyük yeri olub.

“İstedadlı alim olmaqla yanaşı, dəyərli insan olan Oqtay Əfəndiyev gənc illərindən Azərbaycanın orta əsrlər tarixini öyrənib. Bütün ömür boyu orta əsrlər tarixini öyrənən alim ölkədən kənarda da tarixin bu istiqamətini öyrədib. O, alimlə olmaqla yanaşı, böyük pedaqoq idi və çalışırdı ki, öz biliklərini tələbələrə öyrətsin. Hər zaman Azərbaycanda böyük elm ordusu yaratmaq istəyi var idi”.

AMEA-nın müxbir üzvü, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla da vida mərasimində çıxış edib. O qeyd edib ki, görkəmli alim həmişə öz əməlləri və fəaliyyəti ilə hər kəsə örnək, əvəzsiz elm və mədəni zənginlik nöqtəsi idi.

Akademik Teymur Bünyadov, AMEA Tarix İnstitutunun direktor müavini Tofiq Nəcəfli və digərləri mərhum Oqtay Əfəndiyevlə bağlı xatirələrini bölüşüblər.

Mərhumun ailəsi adından çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq  yazıçısı Anar bildirib ki, onun vəfatı yalnız ailəsi üçün deyil, xalq və elm üçün çox böyük itkidir. O, Azərbaycan tarixinin 2 əsərini yazıb və onun yazısında bir saxtakarlıq yalan ola bilməz. “Görkəmli alim Səfəvi dövlətinin Azərbaycan dövləti kimi təsdiqləyəndə yalnız vətənpərvər olduğu üçün etmirdi, həm də elmi vicdanın səsi üçün edirdi. Bütün həyatını elmə həsr edən Oqtay Əfəndiyev AMEA-dan yola salınır. Onun dəfn mərasimi ona layiq təşkil olunduğu üçün ailə adından prezidentə, AMEA rəhbərliyinə təşəkkür edirəm”.

Qeyd edək ki, Oqtay Əbdülkərim oğlu Əfəndiyev 26 mart 1926-cı ildə Bakı şəhərində anadan olub. Moskva Şərqşünaslıq İnstitutunda təhsil alan O.Əfəndiyev Səfəvilər (Qızılbaşlar) dövlətinin siyasi, ictimai-iqtisadi tarixini araşdırıb, bu dövlətin inkişafında Azərbaycan türklərinin aparıcı rolunu ilk dəfə dövrün müxtəlif fars dilli salnamələri və sənədləri əsasında üzə çıxarıb. Bununla da tarix elmində Səfəvi dövlətinə "İran dövləti" kimi ənənəvi baxışın yanlış olduğu sübut edilib. XV-XVI əsrin bir sıra əlyazma mənbələrini ilk dəfə tədqiqata cəlb edən O.Əfəndiyev tarix elmində "İranlı Don Juan" adı ilə məşhurlaşmış Orucbəy Bayatın Azərbaycan türkü olduğunu təsbit edib və onun əsərini rus dilində çapa hazırlayıb. 7 cildlik "Azərbaycan tarixi"nin 3-cü cildinin (XII-XVIII əsrlər) məsul redaktoru və müəlliflərindən olub. 2004-cü ildə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib. 

Mərhum 2-ci Fəxri Xiyabanda dəfn olunub.

Anar Kəlbiyev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir