Modern.az

İstefada olan polkovnik-leytenant İsgəndər Həmidova etiraz etdi, Fərəc Quliyevi günahkar saydı

İstefada olan polkovnik-leytenant İsgəndər Həmidova etiraz etdi, Fərəc Quliyevi günahkar saydı

30 Aprel 2013, 13:22

Sabiq daxili işlər naziri İsgəndər Həmidov bir müddət öncə Modern.az saytına müsahibəsində  eks-baş nazir Surət Hüseynov barəsində bəzi ittihamlar səsləndirmişdi. O, həmin müsahibədə Surət Hüseynovun silahlı dəstəsinin Qarabağ döyüşləri zamanı pozuculuq əməllərindən bəhs etmiş, eyni zamanda AXC İcraiyyə Komitəsinin keçmiş sədri Fərəc Quliyevin 1993-cü ildə verdiyi anti-Surət Hüseynov bəyanatına və Tərtərin o vaxtki icra başçısı Sərdar Həmidovun Surət Hüseynova sillə vurması məsələsinə toxunmuşdu.

İsgəndər Həmidovun səsləndirdiyi fikirlər istefada olan polkovnik-leytenant, 1993-cü ildə Ağdərə istiqamətində aparılmış döyüş əməliyyatlarının iştirakçısı Nazim Bayramovun etirazına səbəb olub. Vaxtilə İsgəndər Həmidovla birgə məhbəsdə olmuş Nazim Bayramov Modern.az saytı ilə əlaqə saxlayaraq öz fikirlərini bildirib. Onun dediklərinim olduğu kimi təqdim edirik:

- Müsahibələrini həmişə maraqla izlədiyim zindan yoldaşım İsgəndər bəydən müharibənin həlledici məqamları haqqında həqiqətləri söyləyəcəyini gözlədiyim halda, bəzi fikirlərini təəssüflə qarşıladım.

Artıq 20 ildir ki, çoxdan məlum olan və keçirilmiş çox saylı istintaqlar və hərbi-texniki ekspertizalarla təsdiqini tapmış həqiqətlər əvəzində cəmiyyətimizdə, Qarabağ uğrunda döyüşlərdə birbaşa iştirak etmiş zabitlərin susması fonunda, müharibə haqqında hər cür şayiələr və olub keçmiş hadisələrin kimlərinsə maraqlarına uyğun interpretasiyaları yayılmaqdadır.

Mən Ağdərə istiqamətində 1993-cü ilin yanvarında aparılan hücum əməliyyatını günbəgün təsvir edə bilərəm. Ancaq buna lüzum görmürəm, çünki Fərəc Quliyevin 9 fevral 1993-cü ildə AXC İcra Komitəsinin adından “Sürət Hüseynovun Ağdərədən qoşunları çıxardığı, ermənilərin qarşısını açdığı və bununla da Vətənə xəyanət etdiyi” haqqda verdiyi bəyanatın böhtan olduğunu mərhum eks-prezident Əbülfəz Elçibəy tərəfindən təyin olunmuş İbrahim Tatıyevin başçılğı ilə Baş Prokurorluğun və Baş Hərbi Prokurorluğun birgə istintaq qrupu və Baş Qərargahın rəisi general Nürəddin Sadıxovun başçılığı ilə keçirilən Hərbi-Texniki Ekspertizasının gəldikləri nəticələr sübut edib. Fərəc Quliyevin bəyanatında yer alan iddialar o zaman cəbhədə baş verənlərə tamamilə uyğun deyildi.

Bunların əsasında o zamankı dövlət katibi Arif Hacıyev AzTV-də çıxış edərək, dövlətin adından bəyanatda səslənən fikirləri təkzib etmişdi.

Bundan başqa, Surət Hüseynovu ömürlük həbsə göndərən indiki hakimiyyətin qurduğu məhkəmə də Ağdərə və Ağdamın işğalı epizodları ilə bağlı ittihamları Surət Hüseynovun üzərindən götürüb.
Buna baxmayaraq, bu günə qədər bəzi qüvvələrin Surət Hüseynovun əleyhinə apardıqları təbliğat yenə də Fərəc Quliyevin həmin bədnam bəyanatında səslənən böhtanlara əsaslanır.

AXC iqtidarı – Surət Hüseynov münasibətlərinin həmin bəyanatdan sonra kəskin sürətdə pisləşməsi də tarixdə qaldı. Lakin bəyanatın verilməsinin sırf təxribat olduğu və Qarabağı sərkərdəsiz qoyduğu bu günə kimi nədənsə açıqlanmır. Hətta Konstitusiyasında “Kommunist Partiyasının ölkənin aparıçı və istiqamətləndiriçi qüvvəsi” (məhşur 6-cı bənd) kimi təsbit edilmiş Sovet İttifaqında Kommunist Partiyası müharibə zamanlarında döyüşlərin gedişində hansısa komandirin əməlinə qiymət verməyib. Çünki hərbi qanunlara görə, komandirin hərəkətinə yalnız onun birbaşa rəisi yaxud qanunla təyin olunmuş hərbi-texniki ekspertiza və ya istintaq qiymət verə bilər.

Bir başqa maraqlı məqam ondan ibarətdir ki, AXC İcra Komitəsi 8 fevral 1993-cü ildə yaradılmışdı. Elə həmin gün Naxçıvandan Bakıya gətirilərək, AXC İcra Komitəsi sədri təyin olunmuş, Qarabağın yolunu belə tanımayan, həkim Fərəc Quliyev 9 fevral 1993-cü ildə Qarabağda gedən döyüşlər haqqında bədnam bəyanat vermişdi. Dəqiq məlumdur ki, AXC İcra Komitəsinin 20 nəfər üzvündən birinin də bu bəyanatın hazırlanmasından xəbəri olmamışdı.

9 fevral 1993-cü ildə günorta Ali Baş komandan Əbülfəz Elçibəy 2-ci Ordu Korpusun komandiri Surət Hüseynovla Gəncədə hərbi məsələlərin müzakirəsi üçün görüşmüşdülər. Bəyanat AzTV-də səslənəndən sonra, axşam saatlarında Gəncə İcra Hakimiyyətinin qonaq evində bir daha görüşdülər və Əbülfəz Elçibəy Surət Hüseynova bəyanatdan xəbərsiz olduğunu və onun Vətənə xəyanət etmədiyini bildiyini, Bakıya qayıdıb bu məsələyə aydınlıq gətirərək, onu yanına dəvət edəcəyini bildirmişdi.
12 fevral 1993-cü ildə Əbülfəz Elçibəy Surət Hüseynovu Bakıya dəvət etdi və axşam saatlarında qəbul etdi. Surət Hüseynov yanındaykən, o, bir daha Fərəc Quliyevə zəng edərək, bəyanatı geri götürməyi tələb etsə də, dəstəyi yerə qoyaraq, “sözümə baxmırlar, bəy, demokratiyadır. Ancaq bu dövlətin mövqeyi deyil. Mən bilirəm ki, siz heç vaxt Vətənə xəyanət etməzsiz, sizin Vətən qarşısında böyük xidmətləriniz var. Narahat olmayın, mən Yevlax Yun Kombinatını Dövlət Yun Konserninə qədər böyüdüb, sizi fərmanımla bu konsernə prezident təyin edəcəm və hamı görəcək ki, siz dövlət işlərində iştirak edirsiz və bununla da bəyanat məsələsi çözüləcək” - deyib.

Bu bəyanatın nəticəsində Surət Hüseynov müharibə işlərindən uzaqlaşdırıldı, cəbhədə əsgərlərdə ruh düşgünlüyü və hərbi rəhbərliyə qarşı inamsızlıq yarandı, qoşunların idarəedilməsi pozuldu, 26 fevral 1993-cü ildə ermənilər Sərsəng su anbarının ətrafını tutmaqla, əsas Kəlbəcər yolunu kəsdilər. Kəlbəcər və Laçınla quru əlaqə kəsildi və nəticədə Ağdərə rayonu rayon mərkəzinə qədər, Laçının bizdə olan hissəsi və Kəlbəcər işğal olundu.

Sürət Hüseynov Qarabağa cavabdeh olan 2-ci Ordu Korpusunun komandanı olub. Onun tabeçiliyində 7 hərbi birləşmə, 10-a qədər hərbi hissələr və ayrı-ayrı batalyonlar olub ki, ümumi şəxsi heyyəti 34 min döyüşçü təşkil edib.
İsgəndər Həmidovun indi 72 nəfər cəbhə xəttindən qaçmış əsgərə “Gəncə batalyonu” deyərək, bütov bir korpus komandanının ayağına yazmaq doğrudurmu?

Qaldı sillə məsələsinə - heç vaxt Sərdar Həmidov Sürət Hüseynova sillə vurmayıb və buna heç cürət də edə bilməzdi. Bu söhbətə türmədə Surət Hüseynovun özü ilə aydınlıq gətirilib və İsgənər Həmidov bunu bilir.

Bu kimi şayiələri, torpaqlarımızın getməsini Surət Hüseynovun ayağına yazmaqla öz təqsirlərini gizlətməkdə maraqlı olan qüvvələr uydurublar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?