Modern.az

"Adımı siyahıda görmək böyük sürpriz oldu" - Təltif olunan jurnalistlər danışdı 

"Adımı siyahıda görmək böyük sürpriz oldu" - Təltif olunan jurnalistlər danışdı 

Media

Bu gün, 18:50

Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya və radio işçilərinin peşə bayramı münasibətilə bir qrup media nümayəndəsi təltif edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, təltif olunanlar arasında Billurə Aslanova da var. O, aldığı mükafatla bağlı təəssüratlarını bölüşüb:

“Radionun 100 illik yubileyi ərəfəsində bu mükafata layiq görüldüyüm üçün çox şadam. Gələn il fevralın 9-da radio və televiziya sahəsində fəaliyyətimin 30 ili tamam olacaq. İlk addımlarımı AzTV-də atmışam. Sonradan müxtəlif televiziya və radiolarda çalışsam da, yenidən doğma televiziyama qayıtmışam. Prezident İlham Əliyevə və əməyimə dəyər verən hər kəsə minnətdaram”.

O, gələcək planlarından da danışıb:

“Bundan sonrakı fəaliyyətimizdə də əsas məqsədimiz Azərbaycan radiosunun ənənələrini qorumaq və daha da inkişaf etdirməkdir. Əsas hədəflərimizdən biri Azərbaycan dinləyicisinə keyfiyyətli musiqi təqdim etmək, ana dilimizi və tariximizi müxtəlif konseptlər vasitəsilə sevdirməkdir”.

“Tərəqqi” medalına layiq görülən jurnalistlərdən biri də Almaz Mahmud olub. O, açıqlamasında mükafat xəbərinin özü üçün gözlənilməz olduğunu bildirib:

“Mən özüm Gəncədəyəm. Birdən dostlarım təltif olunanların siyahısını göndərdilər. Adımı orada görmək mənim üçün böyük sürpriz oldu. Ölkə başçısının imzası ilə “Tərəqqi” medalına layiq görülmək mənim üçün çox böyük məna daşıyır. Bu, o deməkdir ki, jurnalistikanın tərəqqisində mənim də əməyim var. Buna görə özümü çox xoşbəxt hiss edirəm”.

Almaz Mahmud bildirib ki, Azərbaycan Televiziyasının Teleradio Akademiyasının rəhbərliyində fəaliyyət göstərir:

"Maraqlı layihələr hazırlayırıq və düşünürəm ki, bu istiqamətdə işlərimizi davam etdirəcəyik. Layihələrimiz daim yenilənir. Gələcək planlarımız arasında ixtisaslaşmış jurnalistikanın inkişafı da var. Məsələn, dini jurnalistika, iqlim jurnalistikası və digər sahələr üzrə treninqlər və təlimlər keçirməyi nəzərdə tuturuq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
“İsmayıl məqamı” filminin təqdimatı keçirilib