Modern.az

Son dörd ayda 1100 vətəndaşa ipoteka krediti verilib

Son dörd ayda 1100 vətəndaşa ipoteka krediti verilib

Ölkə

30 Sentyabr 2009, 15:31

Azərbaycan İpoteka Fondunun xətti ilə ölkədə ipoteka kreditləşməsinin bərpa olunduğu 1 iyun 2009-cu il tarixindən bugünədək 1100 nəfərə yaxın vətəndaşa ümumi həcmi 47 mln.manat təşkil edən ipoteka krediti verilib. Fondundun mətbuat xidmətindən Modern.az-a bildirilib ki,  təkcə 2009-cu ilin sentyabr ayında  14 mln. manat məbləğində ipoteka krediti verilib, 300-dən artıq ailə öz yaşayış-mənzil şəraitini yaxşılaşdırıb.      
Beləliklə, 2006-cı ilin mart ayından başlayaraq Azərbaycan Respublikası Mərkəzi Bankı nəzdində fəaliyyət göstərən İpoteka Fondunun xətti ilə verilən ipoteka kreditlərinin ümumi həcmi 122 mln.manatı keçib. Nəticədə 3100-ə yaxın ailə ipoteka kreditləri hesabına öz yaşayış-mənzil şəraitinin yaxşılaşdırılmasına və sosial ehtiyaclarının ödənilməsinə nail olub.      
"Bildiririk ki, adi ipoteka kreditləri ilə yanaşı güzəştli ipoteka kreditlərinin verilməsi də davam edir və bu kreditlərə də əhali arasında yüksək tələbat müşahidə olunmaqdadır. Belə ki, 2009-cu ilin sentyabr ayının sonunadək müvəkkil banklara güzəştli ipoteka kreditləri ilə bağlı daxil olmuş müraciətlər üzrə ümumi məbləğ 8 mln. manatdan artıq olub. Məlum olduğu kimi, cari ilin dövlət büdcəsindən ipoteka kreditləşməsi üçün 14 mln.manat məbləğində vəsait ayrılıb və bu vəsaitin hamısının güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəltmək nəzərdə tutulur. Göründüyü kimi, güzəştli ipoteka kreditləşməsinin cari ildə davam etdirilməsi üçün  kifayət qədər vəsait mövcuddur"-deyə, Fonddan bildirilib.      
İpoteka Fondunun xətti ilə müvəkkil kredit təşkilatları tərəfindən əhalinin ipoteka kreditləri ilə təmin edilməsinin stabil və aktiv şəkildə həyata keçirildiyi qeyd olunur: "Xüsusi vurğulamaq istəyirik ki, 30 sentyabr 2009-cu il tarixinədək banklar tərəfindən onlara ayrılmış limitlərin cəmi 72%i istifadə edilib. Təkcə onu qeyd etmək kifayətdir ki, cari ilin iyun ayından ipoteka kreditləşməsi bərpa edildikdən indiyədək banklara ayrılmış limitlərin həcmi 4 dəfədən çox artırılıb".        
Fond bəyan edib ki, gələcəkdə də ipoteka kreditləşməsinin davamlılığını təmin etmək məqsədilə qurumun açıq bazardan əlavə vəsait cəlb etmək imkanları var və bu sahədə heç bir çətinlik yoxdur: "Hazırda ipoteka kreditləşməsinin davam etdirilməsi üçün kifayət qədər resurslar mövcuddur və ehtiyac yarandıqca Fond tərəfindən müvəkkil banklara ayrılan limitlərin artırılması davam etdiriləcək".

"Modern.az" 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir