Cənubi Afrika Respublikasında atışmalar zamanı 27 nəfər həlak olub.
Modern.az xarici KİV-ə istinadla bildirir ki, hadisələr Yohannesburq yaxınlığında və Keyptaunun bir şəhərətrafı ərazisində baş verib.
Qautenq əyalətində hüquq-mühafizə orqanları şəxsiyyəti müəyyən edilməmiş səkkiz silahlı şəxsi axtarır. Onlar sentyabrın 26-sı axşam saatlarında Yohannesburq yaxınlığındakı Vedela qəsəbəsində yerləşən bir içki evinə basqın ediblər. Polisə görə, hadisə nəticəsində 17 nəfər (13 kişi və 4 qadın) həlak olub.
Güman edilir ki, cinayətkarlar restoran sahiblərini tapmaq məqsədilə ora gəliblər. Hücumun səbəbi hələ müəyyən edilməyib. Heç bir şübhəli şəxs saxlanılmayıb və araşdırma davam edir.
Keçən gecə Keyptaunun şəhərətrafı ərazilərindəki əyləncə məkanında daha bir silahlı hücum baş verib. Hadisə nəticəsində 10 nəfər həlak olub, daha 11 nəfər isə yaralanıb.
Bu hadisə ilə bağlı da hələ heç kim saxlanılmayıb. Həmçinin, hazırda iki hücum arasında əlaqənin olub-olmadığını göstərən hər hansı məlumat yoxdur.