Modern.az

Misir Mərdanov direktorlara və müəllimlərə xəbərdarlıq etdi

Misir Mərdanov direktorlara və müəllimlərə xəbərdarlıq etdi

Ölkə

1 Oktyabr 2009, 16:02

Oktyabrın 5-i Müəllimlər günüdür. Artıq indidən bəzi ümumtəhsil məktəblərində direktor və müəllimlər yaxınlaşmaqda olan Müəllimlər gününə özlərinəməxsus qaydada tədarük görməyə başlayıblar. Söhbət şagirdlərdən yığılmaqda olan qanunsuz ödənişdən gedir.   Xüsuslə paytaxt məktəblərində bu işə sürətli start verilib. Qanunsuz ödənişlər məktəblərin yerləşdiyi ərazidən asılı olaraq 10-20 manat arasında dəyişir.

Modern.az məsələ ilə bağlı bu gün təhsil naziri Misir Mərdanovdan münasibət öyrənib.

Qeyd edək ki, orta məktəblərdə müxtəlif məqsədlərdə qanunsuz ödənişlərin toplanılması mətbuatda vaxtaşırı müzakirə olunan məsələdir. Məktəblərdə rüşvətxorluq hallarının mövcudluğu müxtəlif vaxtlarda təhsil sahəsinə rəhbərlik edən şəxslər tərəfindən də etiraf olunub. Problemin aradan qaldırılmasının çətinliyini iddia edən rəsmi şəxslərin arqumentləri isə cəmiyyət tərfindən qəbul olunmur. Məktəblərdə yalnız şagirdlərdən müxtəlif adlarla pul yığıldığını desək, yəqin yanılarıq. Çünki ümumtəhsil məktəblərində çalışan müəllimlər də elə şagirdlərin günündədir. Pedaqoji işçilər də tez-tez qeyri-rəsmi ödənişlər verməyə məcbur edilir. Onlar işdən çıxarılacaqlarından, dərs saatlarının azaldılacağından qoxduqları üçün açıq şəkildə etiraz etməyə çəkinirlər.

«Orta məktəblərdə pul yığılması problemi ilə bağlı artıq birbaşa mən özüm məsuliyyət daşıyacağam. Belə hallar bundan sonra ya olmayacaq, ya da rəsmiləşəcək. Biz bu  problemlə mübarizə aparırıq. Bir ildən sonra cəmiyyətə müsbət irəliləyişlərlə bağlı bəyanat verəcəyik». Bu fikirləri təhsil naziri Misir Mərdanov hələ 2007-ci ildə mətbuata açıqlamasında bildirmişdi.

Amma o zamandan bəri sözügedən problem nəinki aradan qaldırılıb, hətta bir az da qol-budaq açıb. Bəzi ekspertlər problemin həll olunmamasının səbəbini qeyri-rəsmi ödənişlərin yığılmasının zəncirvari proses olması ilə əqalələndirirlər. Yəni, müəllimlər şagirdlərdən pul istəyirlər, direktorlar da müəllimlərdən və s.

Əməkdaşımız təhsil naziri Misir Mərdanovun 2007-ci ildə məktəblərdə qanunsuz ödənişlərlə bağlı söylədiyi fikirləri bu gün onun yadına salıb. Eyni zamanda nazirdən 5 oktyabr Müəllimlər günü ilə bağlı məktəblərdə yığılan qanunsuz ödənişlərə dair fikir bildirməyi xahiş edib.

Təhsil naziri əməkdaşımıza açıqlamasında bildirib ki, belə halların yolverilməz olduğunu bildirərək məktəb rəhbərlərinə və direktorlara xəbərdarlıq ünvanlayıb. M.Mərdanov deyib ki, heç bir direktorun və müəllimin şagirdlərdən Müəllimlər günü ilə bağlı pul yığmağa ixtiyarı yoxdur. O, belə hallara yol verən təhsil işçilərinin cəzalandırılacağını deyib. Nazir valideynlərə də müraciət edərək onları qanunsuz ödənişlərə qarşı çıxmağa çağırıb. 

«Modern.az»   

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı