Modern.az

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yeni müsabiqə elan edib

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yeni müsabiqə elan edib

Media

2 Oktyabr 2009, 16:11

Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yeni müsabiqə elan edib. Yeni müsabiqə jurnalist təşkilatları və mətbuat fondları üçündür. Müsabiqə bu istiqamətləri əhatə edir: Milli mətbuat tarixinin araşdırılması, mətbuat antologiyasının hazırlanması; Müasir mətbuatın fəaliyyətinin marketinqinin monitorinqinin aparılması; Jurnalistlərin peşəkarlığının artırılması məqsədilə treninqlərin təşkili (dövri mətbuatda işləyənlər üçün); Jurnalistlərin peşəkarlığının artırılması məqsədilə treninqlərin təşkili (televiziya və radio işçiləri üçün). Müsabiqədə iştirak etmək istəyənlər layihə təklifini 10 gün müddətində (oktyabrın 10-nu saat 17.00-dək) KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna verməlidir. Hər layihə üçün maksimum məbləğ 20 min manat müəyyən edilib. Hər qurum bir layihə təqdim edə bilər. Fondun şərtinə görə, müsabiqədə yalnız bu sahədə təcrübəsi olan qurumlar iştirak edə bilərlər.
Bu müsabiqə KİV-ə Dövlət Dəstəyi Fondunun bu il KİV-lər və media qurumları arasında keçirdiyi müsabiqədə bütün yerlər tutulmadığından təşkil olunub. Fondun KİV-lər və media qurumları arasında keçirdiyi, nəticələri sentyabrın 1-də açıqlanan müsabiqədə elan edilmiş 12 istiqamətin hər biri üzrə 5 layihəyə qrant ayırmaq nəzərdə tutulmuşdu. Yəni qaliblərin sayı 60 olmalıydı. Ancaq 55 oldu. Beləliklə, 5 layihənin yeri boş qaldı. Fondun icraçı direktoru Vüqar Səfərli sentyabrın 1-də keçirdiyi mətbuat konfransında demişdi ki, onlar həmin 5 yer üçün ayrılmış vəsaiti əlavə - jurnalistlər arasında fərdi müsabiqə keçirməklə ayrı-ayrı media təmsilçilərinin layihələrinə xərcləmək qərarına gəliblər.
Lakin göründüyü kimi, fond jurnalistlər üçün fərdi müsabiqə fikrindən daşınıb, müsabiqəni jurnalist təşkilatları və mətbuat fondları üçün keçirmək qərarına gəlib.



 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir