Modern.az

Körpənizin həkimini nə vaxt seçməlisiniz? - Pediatr açıqladı

Körpənizin həkimini nə vaxt seçməlisiniz? - Pediatr açıqladı

Aktual

Bu gün, 17:22

Körpə doğulur, doğum evində 2-3 gün qalır və sonra ailəsi ilə birlikdə evə gedir. Bundan sonra isə bəzən çox təəssüf etdiyimiz bir mənzərə ilə qarşılaşırıq: körpə 10-15 gün, bəzən bir ay, hətta iki ay ərzində pediatr tərəfindən müayinə olunmur.

Ailə düşünür: “Uşaq yaxşıdır, yatır, yeyir, niyə həkimə aparaq?”

Halbuki həyatın ilk günləri körpənin ən diqqətlə izlənməli olduğu dövrlərdən biridir.

Amerika Pediatriya Akademiyası sağlam yenidoğulmuşun ilk müayinəsinin doğumdan sonra ilk 1-3 gün ərzində və ya xəstəxanadan çıxdıqdan sonrakı 24-72 saat ərzində aparılmasını tövsiyə edir. Ümumdünya Səhiyyə Təşkilatı da yenidoğulmuşların 48-72-ci saatlarda, 7-14-cü günlər arasında və daha sonra təkrar qiymətləndirilməsini tövsiyə edir. Bunun çox ciddi səbəbləri var.

İlk təhlükə: çəki itkisi və qidalanma problemi

Yenidoğulmuşların doğulduqdan sonra müəyyən qədər çəki itirməsi fizioloji prosesdir. Lakin əsas məsələ çəkinin nə qədər azalması və sonradan necə bərpa olunmasıdır.

Bəzən körpə kifayət qədər ana südü ala bilmir, amma ailə bunu fərq etmir. Çəki itkisi getdikcə artır və uşaq susuzlaşır. Xüsusilə həddindən artıq çəki itkisi hipernatremik dehidratasiyaya qədər gedə bilər. Ağır hallarda bu vəziyyət nevroloji fəsadlara, qıcolmalara, trombotik ağırlaşmalara və böyrək zədələnməsinə səbəb ola bilər.

Ən təhlükəlisi isə odur ki, belə körpə hər zaman ağlamır. Əksinə, getdikcə daha çox yata bilər. Ailə isə bunu “çox sakit uşaqdır” kimi qiymətləndirə bilər.

Halbuki bu sakitliyin arxasında ciddi problem gizlənə bilər.

Sarılıq: “Onsuz da bütün uşaqlarda olur” demək olmaz

Yenidoğulmuşlarda sarılıq çox yayğındır və əksər hallarda fizioloji xarakter daşıyır. Ancaq doğum evindən çıxarkən təhlükəli səviyyədə olmayan bilirubin sonrakı günlərdə yüksələ bilər.

Məhz buna görə həyatın ilk 3-5 günü xüsusi əhəmiyyət daşıyır. Amerika Pediatriya Akademiyasının məlumatına görə, bilirubin səviyyəsi əksər körpələrdə məhz bu dövrdə ən yüksək həddə çata bilər.

Ağır hiperbilirubinemiya vaxtında aşkarlanıb müalicə edilmədikdə bilirubin beyində toplanaraq bilirubin ensefalopatiyasına və kernikterusa, yəni ömürlük ağır nevroloji zədələnməyə səbəb ola bilər.

Bu səbəbdən “sarılığı var, keçər” yanaşması doğru deyil. Sarılığın fizioloji olub-olmadığını yalnız gözlə qiymətləndirmək olmaz. Körpənin yaşı, risk faktorları, qidalanması və lazım gəldikdə bilirubin səviyyəsi birlikdə nəzərə alınmalıdır.

Çox yatmaq həmişə “sakit körpə” demək deyil

Yenidoğulmuşlarda sepsisin ilk əlamətləri bəzən çox səssiz başlayır.

Körpə əvvəlkindən daha çox yatır, döşü zəif əmir, aktivliyi azalır, temperaturu yüksəlir və ya əksinə, aşağı düşür. Rəngində və nəfəs almasında dəyişikliklər də yarana bilər.

Valideyn bunu “yenidoğulmuşdur, onsuz da çox yatır” kimi qəbul etdikdə qiymətli vaxt itirilə bilər. İnfeksiya irəlilədikcə isə uşaq ağır sepsis, tənəffüs çatışmazlığı və çoxorqan çatışmazlığı ilə reanimasiyaya düşə bilər.

Ümumdünya Səhiyyə Təşkilatı qidalanmanın pisləşməsini, aktivliyin azalmasını, tənəffüs çətinliyini, temperatur dəyişikliklərini və qıcolmanı yenidoğulmuşlarda təcili qiymətləndirilməli təhlükə əlamətləri sırasında göstərir.

Pediatr yalnız xəstə uşağı müalicə edən həkim deyil

Pediatrın əsas vəzifələrindən biri xəstəlik ortaya çıxmamışdan əvvəl mümkün problemləri müəyyən etmək və onların qarşısını almaqdır.

Müntəzəm müayinələr zamanı uşağın çəkisi, boyu və baş çevrəsi, qidalanması, ürək-damar və tənəffüs sistemi, nevroloji vəziyyəti, əzələ tonusu, refleksləri, görmə və eşitmə ilə bağlı əlamətləri, skelet sistemi və psixomotor inkişafı ardıcıl qiymətləndirilir.

Lazım olan uşaqlarda müvafiq laborator və instrumental müayinələr vaxtında planlaşdırılır. D vitamini, göstəriş olduqda isə dəmir profilaktikası düzgün zamanda başlanır. Peyvəndlərin vaxtında aparılması, qidalanmanın mərhələləri və uşağın yaşına uyğun digər vacib məsələlər də pediatr tərəfindən ailəyə izah edilir.

Yəni məqsəd uşağa hər kontrolda analiz və ultrasəs yazmaq deyil. Əksinə, yaxşı pediatr hansı uşağın hansı müayinəyə ehtiyacı olduğunu, hansının isə olmadığını düzgün müəyyənləşdirməlidir.

Peyvəndlər və valideynlərin ən böyük qorxularından biri

Bu gün sosial mediada valideynlərin qarşısına ən çox çıxan iddialardan biri peyvəndlərin autizmə və ya digər neyroinkişaf problemlərinə səbəb olmasıdır.

Bu iddianı dəstəkləyən etibarlı elmi sübut yoxdur.

2025-ci ildə “Annals of Internal Medicine” jurnalında dərc edilən böyük Danimarka tədqiqatında 1 224 176 uşaq araşdırılıb. Tədqiqatda erkən uşaqlıq peyvəndlərindən alınan kumulyativ alüminium ekspozisiyasının autizm spektr pozuntusu və digər neyroinkişaf xəstəlikləri də daxil olmaqla araşdırılan xroniki xəstəliklərin riskini artırmadığı göstərilib.

Peyvəndin məqsədi sağlam uşağı xəstələndirmək deyil, onu xəstələnmədən əvvəl qorumaqdır. Peyvəndlə qarşısı alına bilən infeksiyaların və onların ağırlaşmalarının, o cümlədən xəstəxanaya yerləşdirilmə hallarının qarşısının alınması uşağın sağlam izlənməsinin vacib hissəsidir.

Pediatr uşağın yalnız çəkisini ölçmür, inkişafını da istiqamətləndirir.

Müntəzəm izlənən uşağın ailəsi hər kontrolda növbəti inkişaf mərhələsinə hazırlanır.

Körpənin necə qidalanacağı, əlavə qidaya nə vaxt və necə başlanacağı, ekran qarşısında vaxtla bağlı düzgün yanaşma, yuxu rejimi, motor və nitq inkişafı, təhlükəsiz ev mühiti kimi məsələlər uşağın yaşına uyğun olaraq ailə ilə müzakirə edilir.

Bir yaşında və ya iki yaşında geriyə baxdıqda, doğulduğu gündən sistemli şəkildə izlənən uşaqla yalnız xəstələndikdə həkimə gətirilən uşağın tibbi tarixçəsi və ailənin sağlamlıq davranışı arasında ciddi fərq görmək mümkündür.

Ən yaxşı vaxt uşağın həkimini xəstələnəndə deyil, doğulmamışdan əvvəl seçməkdir.

Mən valideynlərə həmişə bir şeyi tövsiyə edirəm: uşağınızın pediatrını problem yarandıqdan sonra axtarmayın.

Mümkünsə, körpə doğulmamışdan əvvəl onun həkimini seçin.

Çünki pediatrla ailə arasında zamanla yaranan güvən sadəcə emosional rahatlıq deyil. Həkim uşağı doğulduğu gündən etibarən tanıyır, onun inkişafını, keçirdiyi xəstəlikləri, reaksiyalarını və ailəsini daha yaxından izləyə bilir. Valideyn də hansı vəziyyətdə gözləməli, hansı vəziyyətdə isə dərhal həkimə müraciət etməli olduğunu bilir.

Bu münasibət formalaşdıqca həm lazımsız qorxu, həm də gərəksiz dərman və müayinələrin qarşısını almaq mümkün olur.

Həkim seçərkən isə yalnız sosial mediada deyilənlərə deyil, onun təhsilinə, ixtisasına, klinik təcrübəsinə, elmi yanaşmasına və illər ərzində qazandığı peşəkar etibara diqqət yetirmək lazımdır.

Çünki uşağınız üçün avtomobil, telefon və ya geyim seçmirsiniz.

Uşağınızın sağlamlığını etibar edəcəyiniz insanı seçirsiniz.

Və bəzən həyatın ilk günlərində verilən doğru bir qərar uşağın bütün gələcək sağlamlığı üçün böyük əhəmiyyət daşıya bilər.

Dr. Kamil Şərifov,
Leyla Medical Center-in Pediatriya Mərkəzinin rəhbəri,

uzman pediatr-neonatoloq

Sizə yeni x var
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı