Azərbaycanın Qarabağ üzərində tam suverenliyini bərpa etməsindən üç il ötür.
Tarixi qələbə 2023-cü il sentyabrın 19-da başlayan və cəmi 23 saat 43 dəqiqə davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində qazanılıb. Qarabağda keçirilmiş əməliyyatlar zamanı 192 hərbi qulluqçu və bir mülki şəxs olmaqla, ümumilikdə 193 nəfər şəhidlik zirvəsinə ucalıb.
Onların həyatı yarımçıq qalsa da, uğrunda can verdikləri Vətən bütövləşdi. Azərbaycan öz suverenliyini tam bərpa etdi, üçrəngli bayrağımız Qarabağın hər guşəsində dalğalanmağa başladı.
Modern.az saytının əməkdaşları bu gün Hərbi Memorial Məzarlığı ziyarət edərək şəhidlərin doğmaları və dostları ilə həmsöhbət olublar.
Sentyabrın 19-u, saat 11:00...
Hərbi Memorial Məzarlıqda sakitlik hökm sürür. Buradakı sükut adi sükut deyil. Hər məzarın arxasında yarımçıq qalmış bir ömür, gözü yolda qalan bir ailə və bütövləşmiş bir Vətənin hekayəsi dayanır.
Məzarlığı ziyarət edənlər arasında şəhid ailələri ilə yanaşı, gənclər və uşaqlar da var. Onlar məzarların qarşısında dayanır, qərənfillər düzür, başdaşlarındakı şəkillərə baxırlar.
Gənclərin bir neçəsi ilə söhbətimiz zamanı bir daha aydın olur ki, onlar bu gün yaşadıqları azad və bütöv Azərbaycanın hansı qurbanlar hesabına qazanıldığını yaxşı anlayırlar.

“Şəhidlər bizim qürurumuzdur. Biz onları heç vaxt unutmayacağıq”, – deyə onlar bildirirlər.
Vətənin körpə övladları da həmin günləri görməsələr belə, bu tarixi və onu yazan qəhrəmanları unutmayacaqlarını söyləyirlər. Balaca əllərdə tutulan qərənfillər sanki bir nəsildən digərinə ötürülən müqəddəs yaddaşın rəmzinə çevrilir.

"O, şəhid olduqdan sonra bütün arzusuna çatdı"
Şəhid İsmayıl Çərkəz oğlu İsayevin məzarı önündə isə iki dostu dayanıb. Dostlar şəhid İsmayıldan danışarkən onun xatirələrdə deyil, sanki hələ də yanlarında yaşadığını hiss etdirirlər.
Rais Orucovun sözlərinə görə, İsmayıl əsl döyüşçü olmaq üçün illərlə özünü hazırlayıb. O, dostu ilə aralarında keçən söhbətlərdən birini belə xatırlayır:
“Bir dəfə ondan soruşdum ki, sən niyə bu qədər hazırlaşırsan? Cavab verdi ki, arzumdur, komandoya düşüm. O, bu arzusuna çatdı”.
Lakin İsmayılın başqa bir arzusu da var idi. Şəhid olmaq istədiyini dostuna dəfələrlə söyləmişdi:
“Ona dedim ki, qardaş, şəhid olmağı arzulama. Arzula ki, ən gözəl qələbə ilə qayıdasan, biz də səninlə fəxr edək. Amma o, bütün arzularına çatdı”.
Bu sözlər məzarların arasındakı sükutu bir qədər də ağırlaşdırır. İsmayıl qələbə ilə qayıda bilməsə də, onun döyüşü qələbə ilə nəticələndi. Dostları bu gün onun qarşısında yalnız itirdikləri bir insanı deyil, Vətənin bütövlüyünə imzasını qanı ilə atan qəhrəmanı yad edirlər.
“Elə bildim, film qəhrəmanından danışırlar”
Rais Orucov dostunun döyüş yolu haqqında eşitdiklərini danışarkən hələ də heyrətini gizlədə bilmir:
“Onun silahdaşlarından və yanında döyüşən əsgərlərdən eşitdiklərimə inana bilmirdim. İsmayıl səngərə təkbaşına girərək 11 ermənini məhv etmişdi. Bir anlıq düşündüm ki, film qəhrəmanından danışırlar. Amma yox, həmin şəxs film qəhrəmanı deyildi. Mənim qardaşım, dostum İsmayıl idi”.
Bəzən qəhrəmanlar filmlərdə deyil, yanımızda böyüyürlər. Eyni küçələrdə gəzir, eyni süfrə arxasında oturur, eyni arzuları bölüşürlər. Onların qəhrəman olduğunu isə ən çətin anda verdikləri qərar göstərir.

"Söz verdi ki, bir həftə sonra görüşəcəyik"
İsmayıl İsayevin 2017-ci ildən dostluq etdiyi Ülvi Qafarov onu düşüncəli, ağıllı, bacarıqlı və mərd gənc kimi xatırlayır.
Dostların son söhbəti İsmayılın şəhid olmasından cəmi bir həftə əvvəl baş tutub. Ülvinin sözlərinə görə, həmin söhbət zamanı İsmayıl yaxın vaxtlarda bütün torpaqlarımızın azad olunacağını və növbəti dəfə tam fərqli bir məclisdə oturacaqlarını deyib.
Bir həftə sonra onun şəhid xəbəri gəlib.
İsmayılın söylədiyi kimi, torpaqlar azad edildi. Azərbaycan Qarabağ üzərində suverenliyini tam bərpa etdi. Ancaq arzulanan həmin məclisdə onun yeri boş qaldı.
Ülvi Qafarov deyir ki, həmin gündən sonra şəhid dostunun bütün ildönümlərində və doğum günlərində onun məzarını ziyarət edir. İndi onların söhbətləri səssiz davam edir: Ülvi danışır, İsmayıl isə başdaşındakı təbəssümü ilə onu qarşılayır.

“Dayım əsgərləri ilə çiyin-çiyinə döyüşüb”
Məzarlıqda şəhid Əkrəm Yunus oğlu Şadmanovun bacısı oğlu Alim Hüseynovla qarşılaşırıq.
O, dayısından danışarkən həm qürurlanır, həm də kövrəlir. Alim Hüseynovun sözlərinə görə, Əkrəm Şadmanov komandir olmaqla yanaşı, əsgərlərinə hər zaman nümunə olan zabit idi:
“Dayım bir zabit kimi həmişə öz əsgərlərinə nümunə olub. Onlarla çiyin-çiyinə döyüşüb, qəhrəmanlıq göstərib. Bütün Azərbaycan xalqı kimi, mən də dayımla fəxr edirəm”.
Onun sözlərində itkinin ağrısı ilə qürurun qəribə vəhdəti hiss olunur. Çünki şəhid ailələri doğmalarını itirsələr də, onların Vətənə çevrilən adlarını yaşadırlar.

Onların ömrü Vətənin ömrünə qarışdı
Hərbi Memorial Məzarlıqda hər başdaşı bir ömür kitabıdır. Bəzisinin son səhifəsi 20, bəzisinin 30, bəzisinin isə daha böyük yaşda yazılıb. Amma bu kitabların hamısının son cümləsi eynidir: Vətən sağ olsun.
Şəhidlər Qarabağı görmək, o torpaqlarda Azərbaycan bayrağının dalğalandığı günə şahidlik etmək istəyirdilər. Bəziləri həmin günü gördü, bəziləri isə o günü yaxınlaşdırmaq üçün son nəfəsini verdi.
Onlar torpağa tapşırılmadılar, Vətənə əmanət edildilər. Adları küçələrdə, məktəblərdə, ailələrinin yaddaşında, dostlarının söhbətlərində və azad Qarabağın hər qarışında yaşayır.
Bu gün Azərbaycan bütövdürsə, bayrağımız Xankəndidə, Xocalıda, Ağdərədə, Əsgəranda dalğalanırsa, bunun arxasında məhz onların fədakarlığı dayanır.
Üç il keçir. Zaman irəliləyir, həyat davam edir. Amma bəzi tarixlər təqvimdən silinmir, bəzi adlar unudulmur, bəzi məzarlar isə bir xalqın əbədi ziyarətgahına çevrilir.
Lamiyə Cənnətzadə
Turqay Musayev