Modern.az

“Bu yalandır, məni gah AMİP, gah da YAP-ın üzvü elan edirlər” - AÇIQLAMA

“Bu yalandır, məni gah AMİP, gah da YAP-ın üzvü elan edirlər” - AÇIQLAMA

Təhsil

19 Mart 2015, 11:46

Modern.az saytının “Siyasi partiyalara gəlib-getmiş tanınmışlar” rubrikasında AMİP-ə gəlib-getmiş tanınmışlar - onlar Etibar Məmmədovu niyə tərk etdilər?” adlı araşdırma yazısı eks-spiker Rəsul Quliyevin narazılığına səbəb olub.

Qeyd edək ki, sözügedən yazıdan sonra Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov Modern.az-a açıqlamasında eks-spiker Rəsul Quliyevin, baş nazirin müavini Əli Əhmədovun, Prezident Administrasiyası Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun da vaxtilə AMİP-çilər olduğunu bildirmişdi.

“Mən AMİP-in arxiv sənədləri əsasında deyirəm ki, həm Əli Əhmədov, həm də Rəsul Quliyev 1992-ci ildə partiyamızın sıravi üzvü olublar. Onlar sonradan vəzifəyə gedəndə AMİP-dən çıxıblar. Hazırda Prezident Administrasiyasında Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da sabiq AMİP-çidir. Bir maraqlı faktı da qeyd edim ki, Novruz Məmmədov sonralar vəzifəyə gedəndə heç AMİP-dən çıxmaq barədə ərizə də yazmayıb. 
Eyni zamanda yəqin çoxları bunu bilmir, xalq şairi Məmməd Araz da rəhmətə gedənə qədər AMİP-in üzvü olub. Bundan başqa, mərhum yazıçı İsi Məlikzadə də AMİP-də təmsil olunub”,-deyə Ə.Orucov qeyd edib.

O yazının dərc olunmasından bir xeyli vaxt keçən sonra, bu günlərdə Azərbaycan parlamentinin keçmiş sədri Rəsul Quliyev AMİP üzvü olması ilə bağlı deyilənlərə reaksiya verib. Rəsul Quliyev Modern.az-a deyib ki, o, heç bir vaxt AMİP üzvü olmayıb: “Bu yalandır, belə şey heç vaxt olmayıb.

Məni gah AMİP, gah da YAP-ın üzvü elan edirlər. Ancaq təsdiqləyici bir sənəd ortaya çıxarda bilmirlər, çünki belə bir şey olmayıb. Mənim AMİP üzvü olmağımla bağlı açıqlama verən şəxsdən bunu təsdiqləyən bir sənəd tələb etmək lazımdır”,-deyə Rəsul Quliyev söyləyib.

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır