Azərbaycanda ümumi təhsil müəssisələrində tədris ilinin başlanma və başa çatma tarixləri, yarımillərin müddəti, eləcə də şagirdlər üçün nəzərdə tutulan tətillər Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir.
Modern.az AzEdu.az-a istinadən xəbər verir ki, Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş sənədə əsasən, ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə dərs məşğələləri hər il sentyabrın 15-də başlayır və növbəti il iyunun 14-də başa çatır.
Tədris ili iki yarımilə bölünür. Birinci yarımil sentyabrın 15-dən yanvarın 26-dək, ikinci yarımil isə fevralın 1-dən iyunun 14-dək davam edir.
Məktəblərdə tətil günləri
Qərara əsasən, tədris ili ərzində şagirdlər üçün payız, qış və əlavə tətil günləri müəyyən edilib.
Belə ki, payız tətili noyabrın 16-dan 20-dək, qış tətili isə yanvarın 27-dən 31-dək davam edir. Məktəbəhazırlıq qrupları və ibtidai siniflər üçün mayın 1-dən 5-dək əlavə tətil də nəzərdə tutulub.
Məktəbəhazırlıq qruplarında tədris ilinin müddəti
Məktəbəhazırlıq qruplarında məşğələlər hər il oktyabrın 1-də başlayır və növbəti il mayın 31-də başa çatır.
Bu qruplarda da tədris ili iki yarımilə bölünür. Birinci yarımil oktyabrın 1-dən yanvarın 26-dək, ikinci yarımil isə fevralın 1-dən mayın 31-dək davam edir.
Tədris ilinin müddəti hansı hallarda dəyişdirilə bilər?
Sənəddə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarını tətbiq edən ümumi təhsil müəssisələri üçün fərqli tədris ili müddətinin müəyyənləşdirilməsinə imkan verilir.
Bundan başqa, hərbi vəziyyət, zəlzələ, daşqın, kütləvi xəstəlik və digər fövqəladə hadisələrlə əlaqədar respublikanın bütün ərazisində tədris ilinin müddətində və tətil günlərində dəyişikliklər Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir.
Belə dəyişikliklər ayrı-ayrı ümumi təhsil müəssisələrində zərurət yarandıqda isə Elm və Təhsil Nazirliyinin əmri əsasında aparılır.