Bakı Mühəndislik Universitetində (BMU) Çinin Pekin Kimya Texnologiya Universitetinin (PKTU) Şura sədri, Partiya Komitəsinin katibi Li Nanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Modern.az xəbər verir ki, görüşdə BMU-nun rektoru Yaqub Piriyev nümayəndə heyətinin səfərinin universitetlər arasındakı mövcud əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini önə çəkərək, bu əməkdaşlığı Azərbaycan ilə Çin arasında son illərdə dinamik inkişaf edən münasibətlərin mühüm tərkib hissəsi adlandırıb. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin ötən il dövlət səfəri çərçivəsində Çin Sədri Si Cinpin ilə imzaladığı Birgə Bəyanat iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə, xüsusilə təhsil, elm və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsinə güclü təkan verib.
BMU ilə PKTU arasında 2025-ci ildə imzalanmış müqaviləyə uyğun olaraq, 2+2 modeli əsasında kimya, kompüter, mexanika mühəndislikləri, kimya, biotexnologiya və biznesin idarə edilməsi ixtisasları üzrə ikili diplom proqramının uğurla həyata keçirildiyini deyən Yaqub Piriyev hazırda proqram çərçivəsində 49 BMU tələbəsinin Çində təhsil aldığını diqqətə çatdırıb. Tələbələr üçün yüksək akademik standartlara uyğun tədris mühiti və əlverişli sosial şəraitin yaradılmasını tərəfdaşlığın səmərəliliyini nümayiş etdirən mühüm amillər kimi qeyd edib. Əməkdaşlığın növbəti mühüm mərhələsi olaraq cari ildən etibarən PKTU-BMU Mühəndislik fakültəsinin fəaliyyətə başladığını və fakültəyə kompüter elmləri, kimya, biotexnologiya və mexanika mühəndisliyi ixtisasları üzrə ilk tələbə qəbulunun həyata keçirildiyini vurğulayan rektor qəbul planının dolmasını, tələbələrin yüksək nəticələr göstərməsini bu təşəbbüsə olan maraq və etimadın göstəricisi kimi səciyyələndirib.
Pekin Kimya Texnologiya Universitetinin Şura sədri Li Nan iki universitet arasında əməkdaşlığın tarixçəsinə toxunaraq, qısa müddətdə əldə olunan nəticələrin universitetin beynəlxalq əməkdaşlıq təcrübəsində nadir nümunələrdən biri olduğunu vurğulayıb. O, əməkdaşlığın ikili diplom proqramlarından birgə fakültənin yaradılmasına qədər ardıcıl və məqsədyönlü şəkildə inkişafını qeyd edərək, növbəti mərhələdə əsas diqqətin təhsilin keyfiyyətinin təmin olunmasına, tədris proqramlarının uyğunlaşdırılmasına, müəllim heyətinin gücləndirilməsinə və tələbələrə göstərilən dəstəyin artırılmasına yönəldilməsinin vacibliyini bildirib. Li Nan həmçinin birgə elmi tədqiqatların, innovasiya layihələrinin və akademik əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb, məzunların gələcəkdə Azərbaycanın inkişafına və Azərbaycan-Çin əlaqələrinin dərinləşməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Daha sonra nümayəndə heyətinin üzvü, Beynəlxalq Mübadilə və Əməkdaşlıq Departamentinin rəhbər müavini Feng Jianghong PKTU haqqında təqdimatla çıxış edib.
Təqdimatın ardından PKTU-BMU Mühəndislik fakültəsinin gələcək perspektivləri, universitetlər arasında mövcud və potensial əməkdaşlıq istiqamətləri müzakirə olunub, birgə elmi-tədqiqat, təhsil və akademik mübadilə imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşdən sonra nümayəndə heyəti PKTU-BMU Mühəndislik fakültəsi və universitetin laboratoriyaları ilə tanış olub.









