politoloq
e-mail: [email protected]
Qarabağ haqqında düşünərkən
Bəri başdan deyim ki, həyatın müxtəlif sahələrinə aid fikir mübadiləsi aparmağı xoşlasam da, yazı yazmağı bir o qədər də xoşlamıram.
Yaxın günlərin söhbətidir. Hörmətli millət vəkili, professor Astan Şahverdiyev məndən xahiş etdi ki, politoloq Elxan Şahinoğlunun dünyanın 10 muxtariyyət təcrübəsini özündə birləşdirən “Dağlıq Qarabağ: statussuz status” adlı analitik kitabını onun üçün tapım.
Elxan bəylə əlaqə yaradıb kitabı əldə etdikdən sonra xüsusi maraq dairəmdə olduğundan, düşündüm ki, mən də bu vəsaiti oxusam, heç şübhəsiz ki, faydası olar.
Müəllifə bu günümüz üçün aktual olan bir mövzuya toxunaraq maraqlı bir əsər ərsəyə gətirdiyi üçün dərin təşəkkürümü bildirirəm.
Kitabda dünyanın müxtəlif bölgələrində yerləşən Aland adaları, Tatarıstan və Şimali İrlandiya modeli, Krımın, Triestin, Kataloniyanın statusu, “bir dövlət - iki sistem” adlandırılan Honkonq modeli, Karib dənizində yerləşən ABŞ-ın tamhüquqlu ştatı sayılmasa da, müstəqil dövlət də olmayan Puerto-Rikonun statusunu özündə birləşdirməklə dünyanın 10 müxtəlif muxtariyyət təcrübəsi haqqında kifayət qədər zəngin məlumat öz əksini tapıb.
Bu muxtariyyətlər barədə geniş yazmaq niyyətim yoxdur. Çünki “Dağlıq Qarabağ: statussuz status”da bu barədə ətraflı bilgi verilib.
Kitabı oxuduqdan sonra bu qərara gəldim ki, Azərbaycan Respublikasının Konstitusiyasını bir daha diqqətlə nəzərdən keçirim. Axı ölkəmizin ali qanunda Naxçıvan Muxtar Respublikasının statusunu özündə əks etdirən maddələr var.
Azərbaycan Respublikasının Konstitusiyasının 8 maddəsi Naxçıvan Muxtar Respublikasının statusunu müəyyən edir. Onlara diqqət yetirək. Anayasamızın 134-cü maddəsində deyilir:
I. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir.
V. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi Naxçıvan Muxtar Respublikasının Konstitusiyası və qanunları müvafiq olaraq Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına; Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.
VI. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim edilir və Konstitusiya qanunu ilə təsdiq edilir.
Konstitusiyamızın 135-ci maddəsində göstərilib:
Maddə 135. Naxçıvan Muxtar Respublikasında hakimiyyətlərin bölünməsi
I. Naxçıvan Muxtar Respublikasının qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, məhkəmə hakimiyyətini Naxçıvan Muxtar Respublikasının məhkəmələri həyata keçirir.
II. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində, Naxçıvan Muxtar Respublikasının məhkəmələri isə Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə onların səlahiyyətlərinə aid edilən məsələlərin həllində müstəqildirlər.
Ali qanunumuzun 139, 140 və 141-ci maddələrini də olduğu kimi hörmətli oxucuların diqqətinə çatdırıram:
Maddə 139. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin həll etdiyi məsələlər
I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi aşağıdakı məsələləri həll edir:
1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin işinin təşkili;
2. Naxçıvan Muxtar Respublikasının büdcəsinin təsdiqi;
3. Naxçıvan Muxtar Respublikasının iqtisadi və sosial proqramlarının təsdiqi;
4. Naxçıvan Muxtar Respublikası Baş nazirinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
5. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərkibinin təsdiqi;
6. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə etimad. II. Bu maddədə göstərilən məsələlərə dair Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərarlar qəbul edir.
Maddə 140. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
I. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin tərkibini Naxçıvan Muxtar Respublikası Baş nazirinin təklifi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təsdiq edir.
II. Naxçıvan Muxtar Respublikasının Baş nazirini Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təyin edir.
III. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
- muxtar respublika büdcəsinin layihəsini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edir;
- muxtar respublikanın büdcəsini icra edir;
- muxtar respublikanın iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir;
- muxtar respublikanın sosial proqramlarının həyata keçirilməsini təmin edir;
- Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir.
IV. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərar və sərəncamlar qəbul edir.
Maddə 141. Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyəti
Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətlərinin başçılarını Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti təyin edir.
Hərdən mənə elə gəlir ki, 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası tərtib edilərkən, sanki gələcəkdə Dağlıq Qarabağa verilə biləcək status da nəzərə alınıb.
Yuxarıda qeyd etdiyim maddələri dərindən analiz etsək, görərik ki, heç də Naxçıvan Muxtar Respublikasının səlahiyyətləri müxtəlif vaxtlarda müxtəlif dövlətlər tərəfindən bu və ya digər səbəbdən öz ərazilərinin müəyyən bir hissəsinə verilən muxtariyyətlərin səlahiyyətlərdən az deyil. Onda biz nədən dünyanı qarış-qarış gəzib müxtəlif modellər axtarırıq. Əgər ermənilər həqiqətən sülh istəyirlərsə, bunun ən doğru və hər iki tərəf üçün məqbul yolu Azərbaycan Respublikasının Konstitusiyasında Naxçıvan Muxtar Respublikası sözlərindən sonra Daqlıq Qarabağ Muxtar Respublikası sözlərini əlavə etməkdir.
Amma görəsən ermənilər (həm də ruslar kimi də başa düşmək olar) Dağlıq Qarabağın müstəqilliyi və ya Ermənistanla birləşməsindən başqa bir modeli qəbul etməyi düşünürlərmi?
Hərçənd onları ancaq sözdə Qarabağın müstəqilliyi maraqlandırır. İşdə onların məqsədi hamımıza aydın olduğu kimi, Azərbaycandan bu torpaqları qoparıb Ermənistana birləşdirməkdir.
Şübhəsiz ki, onlar Azərbaycana bir qarış da olsun torpaq qaytarmaq haqqında düşünmürlər. Mən bunun ən azı Azərbaycan Ordusunun işğalçıları torpaqları qaytarmağa məcbur etməyənədək belə olacağına əminəm.
Mülahizələrimin doğru olduğunu bu günlərdə Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun açıqlaması bir daha təsdiqləyir. Cənab Davudoğludan sitat:
“Biz Ermənistanla əlaqə yaratmaq xətrinə Azərbaycanı itirə bilmərik. Bunu özümüzə heç vaxt rəva görmərik. Biz Sərkisyandan xahiş etmişdik ki, Azərbaycana jest olaraq əldə saxladıqları bir-iki rayonu, məsələn Füzuli və Ağdamı geri qaytarsın. Bu halda Bakı öz sərhədlərini açmağa hazır idi. Amma Ermənistan bundan imtina etdi”.
İndi özünüz düşünün, adıçəkilən hər iki rayon Dağlıq Qarabağın inzibati ərazisinə aid deyil. Əgər ermənilər heç bir halda hətta bu rayonları qaytarmağa belə hazır deyillərsə, onda işğalçılarla nə barədə danışıq aparmaq olar. Qalır bir çıxış yolu. İrəli Azərbaycan Əsgəri!!!