Modern.az

Kor döyüşü

Kor döyüşü

Ölkə

7 May 2011, 14:01

Yaxud "Yol xəritəsi"ndəki yolsuzluq

İctimai Palatanın "Yol xəritəsi" ilə bağlı mətbuata verdiyim açıqlama bu keyfiyyətsiz üzdənköçürmənin konturlarını cızan siyasilər tərəfindən aşırı bir aqressiya ilə qarşılandı. Doğrusu, şərti olaraq "barışmaz müxalifət" adlandırdığım düşərgədə təmsil olunan bəzi şəxslərin radikallığının bir xarakter problemi olduğunu daha öncədən də bilirdim. Amma bu qədərini gözləmirdim.

Baş verənlərin mahiyyətini gün işığına çıxarmaq üçün İctimai Palatanın "Yol xəritəsi" adlandırdığı sənədlə bağlı açıqlamamdan bir neçə iqtibas gətirəcəyəm. Pənah Hüseynin emosional tərzdə "absurd" kimi dəyərləndirdiyi açıqlamamda demişəm ki, İctimai Palatanın ölkədə demokratik dəyişikliklər və köklü islahatlarla bağlı "hazırladığı" və "Yol xəritəsi" adlandırılan sənəd Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) hələ 2007-ci ildə siyasi partiyaların və parlamentin müzakirəsinə təqdim etdiyi "Konstitusiya islahatları" layihəsinin keyfiyyətsiz surətidir. Elə indi də bu fikirdəyəm! Çünki İctimai Palatanın ictimai rəyə sırımağa çalışdığı sənəd sadəcə tezislər toplusudur. BAXCP-nin hazırladığı layihədə isə bu tezislərin konstitusion normalara aid olan bütün məqamları qanun yaradıcılığının forma və prisiplərinə uyğun şəkildə öz əksini tapıb. İctimai Palatanın "Yol xəritəsi"ndə isə hələ bundan sonra "yeni Konstitusiya layihəsi"nin hazırlanmasından danışılır.

Bax, elə buna görə deyirik ki, BAXCP-nin hazırladığı Konstitusiya layihəsi ilə bağlı 2007-ci il sentyabrın 12-də, Beynəlxalq Mətbuat Mərkəzində keçirilən müzakirədə bu sənədi birmənalı şəkildə dəstəkləmisinizsə, o zaman eyni prinsiplər əsasında yenisinin hazırlanmasına nə ehtiyac var?

Pənah Hüseyn BAXCP sədri Qüdrət Həsənquliyevlə "Yeni Müsavat" qəzetində keçirilən debatda iddia edir ki, onların hazırladığı "Yol xəritəsi"ndə söhbət prezident üsul-idarəsinin ləğvindən və tamamilə parlament idarəçiliyinə keçiddən gedir. BAXCP-nin hazırladığı Konstitusiya layihəsində isə qarışıq sistem təklif olunur... İndisə Pənah Hüseyn üçün təmsil olduğu İctimai Palatanın "Yol xəritə"sindən iqtibas gətirirəm.

Adıçəkilən sənədin 3.3-cü maddəsində deyilir ki, "prezidentin qanunları təsdiq etmək, ali baş komandan və ali hakim funksiyaları saxlanılır". Maraqlıdır, görəsən sabiq baş nazir başa düşmür ki, prezident üsul-idarəsinin istənilən formada saxlanılması və bununla barəbər parlamentin səlahiyyətlərinin artırılması elə qarışıq model deməkdir?!

Pənah Hüseynin debatdakı arqumentlərindən biri də "Yol xəritəsi"ndə yer alan tezislərdən yalnız birinin BAXCP-nin hazırladığı layihədəki müddəalarla üst-üstə düşməsidir.

Əgər belədirsə, deməli o zaman ya Pənah bəy təmsil olunduğu qurumun hazırladığı sənəddən xəbərdar deyil, ya da haqsız olduğunu bilə-bilə göz önündə olan gerçəkliyi danmağa çalışır. Bunun, sadəcə başqa adı yoxdur...

Bütün hallarda "Yol xəritəsi"nin BAXCP-nin hazırladığı layihə ilə üst-üstə düşən məqamlarını Pənah Hüseynin diqqətinə çatdırmaqdan başqa çarəm qalmır.

Beləliklə, mənim "keyfiyyətsiz köçürmə" kimi dəyərləndirdiyim məqamlar hansılardır:

"Baş nazirin parlament tərəfindən seçilməsi, mərkəzi və yerli idarəetmə orqanlarının proporsional seçki sistemi əsasında formalaşması, iri şəhər bələdiyyələrinin yaradılması... və s."

"Yol xəritəsi"ndə yer alan məhkəmələrin müstəqilliyinin təmin edilməsi, dövlət büdcəsindən maliyyələşən iş və xidmətlərin monitoriqlərinin aparılması, siyasi partiyaların, QHT-lərin, kütləvi informasiya vasitələrinin inkişafına bərabər şəraitin yaradılması, sərbəst toplaşmaq azadlığının genişləndirilməsi kimi müddəalar da BAXCP-nin hazırladığı Konstitusiya layihəsində konstitusion norma kimi öz əksini tapıb.

Məsələn, BAXCP-nin Konstitusiyanın 16-cı maddəsinə təklif etdiyi əlavədə deyilir:

- Azərbaycan dövləti siyasi partiyaların, həmkarlar ittifaqlarının, ictimai birliklərin, kütləvi informasiya vasitələrinin inkişafına yardım göstərir.

BAXCP-nin Konstitusiyanın 49-cu maddəsinə təklif etdiyi əlavə isə belədir:

- Hər kəsin başqaları ilə birlikdə idarə, müəssisə və təşkilatlar qarşısında müvafiq dövlət orqanlarından icazə almadan, yalnız onları xəbərdar etməklə piketlər düzəltmək hüququ vardır.

- Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarının qabaqcadan müəyyən etdiyi yaşayış məntəqələrinin mərkəzi meydan, prospekt və küçələrində müvafiq dövlət orqanlarından icazə almadan, yalnız onları öncədən xəbərdar etməklə yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək hüququ vardır.

Maddə 58-ə təklif olunan əlavə:

- Siyasi partiyalar dövlət tərəfindən maliyyələşdirilir.

Maddə 92-yə təklif olunan əlavə:

- Hesablama Palatasının sədri və üzvlərinin yarısı namizədliyi müxalifət partiyaları tərəfindən irəli sürülmüş şəxslər sırasından təyin olunur...

Bu yazıda qeyd etdiyim sonuncu əlavə özündə məhz dövlət büdcəsindən maliyyələşən iş və xidmətlərin monitoriqlərinin aparılmasını ehtiva edir. Yəni, qanunvericiliyə əsasən büdcədən maliyyəşən iş və xidmət yerlərində monitorinqin aparılması hüququ hesablama palatasına verilib. BAXCP-nin hazırladığı layihədə Hesablama Palatası sədrinin və qurum üzvlərinin yarısının müxalifət partiyalarının irəli sürdüyü şəxslərin sırasından təyin olunması ilə bağlı müddəa bu sahədə tam şəffaflığın təmin edilməsi üçündür.

İndi İctimai Palatada təmsil olunan sabiq deputatlar parlamentə təmsil olunduqları müddət ərzində heç olmasa qanun yaradıcılığının mahiyyətinə varmağı və hüquqi-normativ aktların doğurduğu təzahürləri anlamağı öyrənməyiblərsə bu artıq bizim problemimiz deyil!

...Son olaraq xatırladım ki, BAXCP-nin hazırladığı qanun layihəsi kifayət qədər genişdir. Bu baxımdan nəinki İctimai Palatanın "Yol xəritəsi"ndə yer alan, hətta bu qurumda təmsil olunan şəxslərin ağlına belə gəlməyəcək konstitusion müddəalar da bu sənəddə öz əksini tapıb.

Pənah bəy isə özünü əbəs yerə yorur. Çünki haqlı olduğunu sübuta yetirmək üçün heç bir şansı yoxdur.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı