19 iyun 2009-cu ildə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında” qanun imzalayıb. Qanunda bir sira maddələrə yenidən baxılıb və müəyyən dəyişikliklər aparılıb. Bunlara mənfəət vergisinin azaldılması, sadələşdirilmiş verginin hüquqi və fiziki şəxslərə görə fərqləndirilməsi, fiziki şəxslərin gəlir vergisinin azaldılması kimi müddəalar aiddir. Dəyişikliklərlə bağlı İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramova müraciət etdik. Onun fikrincə, edilən dəyişikliklər vergi ödəyiciləri üçün çox əhəmiyətlidir, sahibkarlar üçün stimullaşdırıcı xarakter daşıyır və vergi ödəyicilərinin sərəncamında daha çox vəsaitin qalmasına xidmət edir.
Yeni qanunda sadələşdirilmiş vergi sisitemi dəyişib. Əvvəl rüblük dövriyyəsi 22,500 manat olan fiziki və hüquqi şəxslər sadələşdirilmiş vergi subyektləri hesab olunurdu. Onlar gəlirindən Bakıda 4%, regionlarda 2% vergi ödəyirdilərsə, 2010 – cu il yanvarın 1-də qanun qüvvəyə minəndən sonra vergi üçün tələb olunan dövriyyə illik olaraq müəyyənləşdirilir. Bu verginin alınması da fiziki və hüquqi şəxslər üçün fərqləndiriləcək. Hüquqi şəxslər üçün dövriyyə ildə 150 min manat, fiziki şəxslər üçün isə 90 min manat müəyyənləşdirilib. Bunun bir neçə üstünlüyü var. Birincisi sahibkarlar hər rübün sonunda aidiyyatı orqanlara hesabatlar verməli idilər, indi ildə bir dəfə bu sənədlər hazırlanacaq. İkincisi sadələşdirilmiş verginin məbləği fiziki və hüquqi şəxslər üçün eyni idi və bu da fiziki şəxslərin hüquqi şəxs kimi qeydiyyatdan keçməsinə həvəsləndirmirdi. Qeydiyyatdan keçən fiziki şəxslərin sayı qeydiyyatdan keçmiş hüquqi şəxslərin sayından 4 dəfə çox idi. Güman olunur ki, bu dəyişiklikdən sonra hüquqi şəxs kimi qeydiyyatdan keçənlərin sayı artacaq. Vuqar Bayaramov: “Düzdür hüquqi şəxslərin öhdəlikləri, vergi ödəmələri daha çoxdur. Amma dovlət sahibkarların hüquqi şəxs kimi fəaliyyət göstərməsinin tərəfdarıdır, çünki hüquqi şəxs kimi qeydiyyadan keçənlərin maliyyə meneceri, işçiləri olmalıdır. Yeni iş yerlərinin açılması, dövlət büdcəsinə vergi ödəmələrinin artması deməkdir”.
Yeni qanunvericiliklə mənfəət vergisi 22% - dən 20% - ə endirilib. Memfis universitetinin maliyyə üzrə doktorantı Fariz Hüseynovun sözlərinə görə, mənfəət vergisinin azalmasi yeni investisiyalara imkan verir. Şirkətlər daha çox gəliri özlərində saxlayıb yenidən investisiya edə bilər. “Inkişaf etmiş ölkələrdə vergilərin yüksək olmasi problem yaradır, buna görə də vergilərin azaldılması şirkətler üçün müsbət addım kimi görülür. Azərbaycanda isə vergi dərəcəsinin şirkətlırin əsas problemi olduğunu düşünmürəm. Vergi məmurlarının yaratdıgı problemlər, biznes mühitinin əlverişli olmaması, onların fəaliyyətinə daha cox təsir edir, nəinki vergi dərəcəsi. Əslində vergi dərəcəsinin azaldılması adətən ilk il vergi yığımının az olması, ancaq sonrakı illərdə yüksəlməsi ilə xarakterikdir. 2010-cu il üçün nəzərdə tutulan büdcədə hüquqi şəxslərin gəlir vergisində 1.1 mlrd manat (2009-a nisbətən 50%) azalma nəzərdə tutulub. Düşünürəm ki, bu gəlirlərin artırılması üçün yuxarıda dediyim məqamlara toxunulmalıdır”.
Məcələyə edilən dəyişiklik nəticəsində fiziki şəxslərin gəlir vergisinin maksimum dərəcəsi 35% - dən 30 % - ə endirilib. Bunun üstünlüyü ondan ibarətdir ki, məsələn, aylıq əmək haqqısı 10 min manat olan fiziki şəxsin əmək haqqından bir hissəsi, təxminən 3,500 manatı dövlət büdcəsinə ayrılırdı. Yeni qanun bu gəlirin də miqdarını azaltmaqla sahibkarlığın inkişafına təsir göstərir.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehdiyev isə bu dəyişikliklərin sahibkarlığın inkişafina ciddi təsir göstərməyəcəyini bildirir. “Ona görə ki, hazırda sahibkarları incidən əsasən qeyri-rəsmi şəkildə toplanan yığımlardır. Bu qeyri-rəsmi ödənişlər sahibkarlığın inkişafına başlıca maneədir. Nə qədər ki, bu məsələ həll olunmayıb, vergilərlə bağlı belə dəyişikliklərin inkişafa ciddi stimul olması gözlənilən deyil. Statistik məlumatlara görə, 2007-ci və 2008-ci illərdə ölkədə ziyanla işləyən müəssisələrin sayı sürətlə artıb. 2008-ci ildə sənaye müəssisələrinin 40 faizi zərərlə işləyib. 2009-cu ildə zərərlə işləyən müəssisələrin sayının artması qaçılmazdır. Belə olan halda mənfəət yoxdursa, deməli güzəştin də əməli nəticəsi yoxdur”.
İqtisadçı Vüqar Bayramovun sözlərinə görə, 2009 -cu ilin aprel ayında İqtisadi və Sosial İnkişaf Mərkəzi “Azərbaycan Respublikasının anti-böhran konsepsiyasi” lahiyəsini təqdim edib. “Bu lahiyyədə vergi qanunvericiliyinə bir sıra dəyişikliklərin edilməsini təklif etmişik. O cümlədən, sadələşdirilmiş verginin hüquqi və fiziki şəxslərə görə fərqləndirilməsi, mənfəət vergisinin azaldılması. Bu təkliflərin bir neçəsi məcəlləyə edilən deyişikliklərdə öz əksini tapmışdı. Ümid edirik ki, növbəti qanunun qəbulu zamanı bizim digər təkliflər də nəzərə alınacaq. Məsələn, əlavə dəyər vergisinin 18% - dən 16 % - ə endirilməsi. ƏDV dolayı vergidir, sahibkarlar tərəfindən deyil, istehlakçılar tərəfindən ödənilir. Verginin azaldılması da alıcılara, yəni vətəndaşlara inkan verəcək ki, xərclərin bir qisminə qənaət etsinlər”. İqtisadi və Sosial İnkişaf Mərkəzi Vergi Məcəlləsi ilə bağlı sosial sığorta ayrımlarının həcminin 22%-dən 20%-ə endirilməsi, qlobal maliyyə böhranına görə dividentlərə tətbiq edilən vergiyə bir illik tətilin tətbiq edilməsi kimi təklifləri də var.
Günel H. Səfərova
BDU, Jurnalistika fakültəsi, 4-cü kurs tələbəsi
Məqalə Regionların İnkişafı İctimai Birliyinin elan etdiyi müsabiqəyə təqdim olunur