Modern.az

Təpəgöz yağmuru

Təpəgöz yağmuru

Ölkə

8 İyun 2011, 16:24

Yaxud kəfənə bürünmüş kimsəsizlik...

...Deyəsən yorulmuşam. Tanrının verdiyi vaxt məni öz arxasınca sürükləkdikcə, mən də geridə qalan zamanın ağrı-acılarının yükləndiyi, badalaqlardan qançır olmuş ayaqlarımı öz arxamca sürükləməyə çalışıram.

...Bir gün öncə Süleyman Osmanoğlunun üç mərasiminə getmişdim. Olduqca həzin, nisgilli, təsəlli üçün xatirələrdən özgə bir ümidin belə qalmadığı düzəndə təhtəlşüur olaraq, heç bir məqsədsiz-filansız illərdən bəri tanıdığım qələm dostlarımın, məslək yoldaşlarımın üz cizgilərini nəzərdən keçirdim. Filmlərdə olduğu kimi, yavaşıdılmış kadrla, aram-aram...

...Ağarmış saçlar, çuxura düşmüş gözlər...

Dopdolu bir yorğunluq tablosu.

Onlar da yorulublar.

Elə Süleyman Osmanoğlu da yorulmuşdu...

...Kimsə Süleyman haqqında onun ölümündən sonra qələmə alınan yazılardan birini uca səslə oxuyur. Amma bu səs də yorğunluq tablosunun cizgilərini xəfifcə də olsun yerindən oynada bilmir.

...Berqmanın şedevrlərindən olan "Amadeus" filmini, Motsartın dəfn mərasimini xatırlayıram: Yağışlı-çiskinli, hüzn və sükuta bürünmüş ah-nalə qoxuyan bir hava...

Yarıya qədər su ilə dolu bir məzar...

Kəfənə bürünmüş kimsəsizlik...

İslanmamaq üçün çətiri əlindən yerə qoymayan, yağış damlalarının aramsız şəkildə döyəclədiyi tabutun üzərinə bir ovuc torpaq atmağa ərinən, insanlıq borcundan qaçan doğmalar, yaxınlar, dostlar...

Və yağışın yaratdığı gölməçələr üzrəndən qaçaraq keçib ölümləri saya-saya ölümə doğru yürüyən fanilərin addım səsləri...

...Mərasimdən ayrılıram. Yol boyu yaşadıqlarım da özümdən kənarda, hansısa mücərrəd, insanlığın bitdiyi bir məkanda baş verən hadisələri xatırladır. Küçələri haradan və necə gəldi keçməyə çalışan, sanki düşünmədən, yaxud düşünməkdən bezmiş şəkildə qarmaqarışıq bir həyat yaşayan, yorğun-arğın, kökdən düşmüş piano kimi həyatın bir küncünə atılan insanların xaotik hərəkətləri, bahalı maşınların ön şüşəsindən acıq verən, ehtiras dolu və harın baxışlarıla hər kəsə qurşaqdan aşağı baxan assimetrik simalar...

Aman Allah! Şəhər elə bir təpəgöz yağmuruna düşüb.

Təpəgözlərin sayı artır...

İldırım sürətilə...

Süleymanların sayı azalır...

İşıq sürətilə...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı