Azərbaycan müsəlmanları necə çaşqınlığa düşdülər..?

Otuz gün ərzində oruc tutmaqla İslam dininin əsas şərtlərindən birini yerinə yetirən dindarlar bununla həm ruhən və cismən saflaşmış oldular, həm də bu müddətdə aclığa qarşı öz iradələrini nümayiş etdirdilər. Ramazan imtahanı sona çatır.
Ramazan ayı həm də xüsusi tərbiyəvi əhəmiyyətə malikdir. Allah yolunda orucluq tutanların Xudavəndi-Aləm yanında ərzi böyükdür.
Ramazan bayramı ilə bağlı hər il olduğu kimi bu il də müxtəlif tarixlər söylənilib və insanlar çaşqınlıq içində qalıblar. Bir qisim bayramı 30 avqustda, başqa qisim 31 avqustda qeyd edir.
Lap 100 il öncəki kimidir, sünni-şiə ayrı-seçkiliyi müşahidə olunur.
Qardaş Türkiyədə olduğu kimi, Azərbaycanda da bayramı iki gün qeyd edənlər var...
Qeyd edək ki, iki gün öncə AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası Ramazan bayramının dəqiq tarixi barədə məlumat yayıb. Modern.az saytının məlumatına görə, rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyevin verdiyi məlumata görə, avqustun 29-da Bakı vaxtı ilə səhər təxminən saat 07-54-də yeni ay doğacaq. Ayı adi gözlə görmək mümkün olmadığına görə, həmin gün oruc tutulmalıdır. Avqustun 29-u bayram axşamı hesab olunur, avqustun 30-u isə bayramdır.
Şamaxı Astrofizika Rəsədxanası təzə ayın dünəndən çıxıdığını, sadəcə gözlə görünmədiyini bəyan edib.
Ancaq avqustun 30-da Azərbaycandakı əksər dini kəsim, xüsusilə şiə məzhəbindən olanla yeni ayın doğmadığını əsas gətirərək Ramazan bayramının 31 avqustda olduğunu bildiriblər. Onlar deyirlər ki, Şəvval ayı hilalının görünməsindən asılı olaraq Ramazan – Fitr bayramı avqustun 31-dir.
Modern.az-ın xəbərinə görə, Azərbaycandakı dini kəsimlərin rəhbərləri İslam əməllərinin İslam ənənələrinə uyğun icra olunması fikrinin tərəfdarı kimi müsəlmanlara yalnız yeni Ayın hilalının görünməsinə əmin olduqdan sonra oruclarını dayandırıb Mübarək Ramazan bayramını qeyd etməyə başlamağı məsləhət görüblər. Bildirilir ki, iki gün öncə Britaniyadakı Ayın Müşahidəsi Üzrə İslam Cəmiyyətinin elan etdiyinə görə 29 avqustda Ayın hilalının görünməsi mümkün deyil. O səbəbdən də ay 30 avqustda görünəcək, bayram isə 31 avqustda qeyd olunacaq.
Qafqaz Müsəlmanları İdarəsi də (QMİ) avqustun 31-ni bayram elan edib. Bu günü isə bayram axşamı elan edib. Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurası sədrinin müavini Hacı Sabir Həsənlinin ANS-ə deyib ki, bayram namazı sabah saat 09-09:30 radələrində “Təzə pir” və digər məscidlərdə qılınacaq.
Bir sözlə, Azərbaycan müsəlmanları bu il əməlli-başlı çaş-baş qaldılar. İkitirəlik müşahidə olundu... Hələ Ramazan ayı girəndə AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına istinad edərək namaz cədvəli təqdim edən QMİ bayram günü ilə bağlı rəsədxananın məlumatı ilə razılaşmadı.
İstənilən halda, həzrəti-Məhəmməd salavatullahın mübarək hədisi-şərifində buyurulur ki, Adəm oğlunun hər əməli özü üçündür. Təkcə orucluqdan başqa. Orucluq Allah üçündür, əvəzini də Allah verir.
Min illərdən bəri qeyd edilən Ramazan bayramı dünya müsəlmanları üçün ən müqəddəs mərasimlərdən sayılır. Oruc tutmaq müsəlmanın riayət etməli olduğu 10 vacib əməldən biridir.

Ramazan bayramı Azərbaycanda dini azadlıqların olmadığı Sovet İttifaqı dağılandan sonra yenidən geniş qeyd edilməyə başlayıb. Sovet ideologiyasının 70 il ərzində apardığı antitəbliğat və qadağalar soydaşlarımıza bu müqəddəs mərasimi unutdura bilməyib.
İslam dinində müqəddəs ay sayılan Ramazanda müsəlmanlar pəhriz saxladıqları üçün Ramazana «ağlın nəfsə qalib gəldiyi ay» da deyirlər.
Oruc insanın Allaha minnətdarlıq niyyətilə icra etdiyi bir ibadətdir. Bu ayda müsəlmanlar iradəsini gücləndirib, nəfsini tərbiyə etmiş oldular, öz dözümlülüklərini yoxladılar, əxlaqlarını pisliklərdən qorudular.
Ramazanın adət-ənənəsinə görə, bayram günü müsəlmanlar qohum-əqrəbaları ilə əlaqə saxlamalı, qəbiristanlığa gedərək rəhmətlikləri yad etməli, küsənləri barışdırmalı, uşaqları sevindirməli və digər xeyirxah işlər görməlidirlər.
Bundan başqa, imkanı olan hər bir müsəlman bayram namazından öncə fitrə sədəqəsi verməlidir. Fitrə bayram namazından qabaq çıxarılmalıdır, əks halda bu, sadəcə sədəqə hesab oluna bilər.
Fitrənin verilməsi adambaşına 1 kq buğda, arpa, xurma, düyü, kişmiş və ya bu məhsulların orta qiyməti ilə ölçülür. Burada məhsulun qiyməti evdəki insan sayına vurulur və alınan miqdar fəqir-füqəraya verilir.
Bayramınız mübarək!
Adəm Qorxmaz