Modern.az

Azərbaycanda həkimlərə inamsızlığın səbəbləri (Deputat və professor fikri)

Azərbaycanda həkimlərə inamsızlığın səbəbləri (Deputat və professor fikri)

Ölkə

11 Oktyabr 2011, 11:06

Bu gün Azərbaycanda birmənalı olaraq bir qədər imkanı olan xəstə müalicə üçün xaricə üz tutur. Burada əsas səbəb təbii ki, ölkəmizdə həkimlərə olan inamın azalmasının göstəricisidir. Bir çoxları düşünür ki, həkimlərə olan inamın sarsılması kadrları yetişdirən ali təhsil müəsisəsinin lazımı səviyyədə təhsil verə bilməməsidir.
Modern.az saytı məsələ ilə bağlı sovet dövründə Azətbaycan Tibb İnstitunun məzunları olmuş şəxslərlə, Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev və professor Adil Qeybulla ilə əlaqə saxlayıb.  

Millət vəkili Musa Quliyev deyib ki, bu gün cəmiyyətin bütün sahələrində ayrı-ayrı insanlara qarşı inamsızlıq ola bilər:
"9 milyon Azərbaycan əhalisini bizim həkimlər müalicə edir. İnsanlar da bundan razıdır. Ola bilər ki, əhalinin 3 faizi müalicə üçün xarici ölkəyə gedir və yaxud da xaricdən gələn həkimlərə müraciət edir. Eyni zamanda, bu gün azərbaycanlı həkimlər xarici ölkələrdə kurslarda iştirak edirlər. Yüksək nailiyyətlər əldə edirlər".

Millət vəkili hesab edir ki, səhiyyə sahəsində kadr islahatı sona saxlanmalıdır: "Bir çox sahələrdə kadr islahatları aparılır. Səhiyyə isə kadrla bağlı sonuncu islahat aparılmalı sahədir. İlk növbədə texniki baza qurulmalıdır. Həkimlər tibbi texnologiyalardan baş çıxarmalıdırlar. Bizim hazırda axsadığımız sahə həkimlərin müasir tibbi avadanlıqlardan istifadə edə bilməməsindədir. Bildiyim qədərilə bu sahədə də problem getdikcə aradan qalxacaq. Hər il 1500 nəfər tibb işcisi müxəlif ölkələrə göndərilir. Bu sahədə olan yenilikləri öyrənirlər".

Tibb elmləri doktoru, proffesor Adil Qeybulla isə bildirib ki, Azərbaycanda tibb təhsilinin yenidən qurulması vacibdir: "Sovet təhsil sistemindən fərqli olaraq, Qərbdə tibb təhsili fərqli sistem üzərində qurulub. Sovet dövründə tibb təhsilində 6 ilik nəzəri təhsil sistemi, bir illik internatura-təcrübə sistemi var idi. Daha sonra isə təhsilin diplomdan sonrakı mərhələsi, sonra elmi işlər üzrə aspirantura, doktorantura pillələri var idi. Eyni zamanda Həkimləri Təkmilləşdirmə İnstitunda həkimlər üçün ixtisaslaşmış kurslar var idi".

A.Qeybulla söyləyib ki, bütün bunlara nəzər saldıqda sovet təhsil sisteminin tam yetkin olmadığı fikrinə gəlmək olur.
"Çünki dünyada tibb təhsil sistemi tamamilə fərqli qurulub. ABŞ təhsil sistemində tibb təhsili 4 il nəzərdə tutulub. 4 ildən ildən sonra baza tibb təhsili almış şəxs ixtisası üzrə rezidentura pilləsinə daxil olur. Rezidentura isə 3-ildən 8 ilə qədərdir. Məsələn, kordiocərrah ixtisası üzrı 8 il, mama- ginekologiya üzrə 4 il, ümumi cərrah ixtisası üzrə 4 il təhsil almaq lazımdır. Bu iş üçün Amerikada 1400-ə yaxın tibb mərkəzi cəlb olunub, burada rezidentlər böyük təcrübə toplayırlar. Hər bir rezident həftədə bir dəfə  həkimlər kimi istirahət edir, ildə 4 həftə məzuniyyət götürür, maaş alır".

A.Qeybullanın sözlərinə görə, hər bir rezident üçün nəzərədə tutulan əsas göstərici onun ən azı bir xəstəni tam müalicə etməsidir. Yəni xəstəyə diaqnoz qoyulmalı, tam müalicə edilməli, evə yazmalıdır. Təhsilin bu pilləsini başa vuran rezidentə 10 il müddətinə xüsusi sertifikat verilir. Və konkret olaraq bir sahənin mütəxəssisi kimi çalışır. Türkiyədə buna analoji sahə uzmanlıqdır.

A.Qeybulla düşünür ki,  Azərbaycanda tibb təhsilinin yenidən qurulması tələb olunur: "Azərbaycanda da rezidentura secilib, amma tibb təhsilinin də özünün yenidən qurulması tələb olunur. Tibb təhsili orta məktəbdən seçilməlidir. Bura hazırlaşan abituriyentlər artıq öz ixtisasını seçib müəyyən nəzəri fənləri orta məktəbdə keçərək sertifikat almalıdırlar. Bundan sonra isə tibb fakultəsinə daxil olmalıdırlar. Ona görə mən hesab edirəm ki, rezidenturaya keçmişiksə, bununla bağlı xeyli sayda yenidən qurmaya ehtiyac var". 

A.Qeybulla düşünür ki, Azərbaycanda həkimlərə olan inamın azalmasında məhz bu amillər dayanır. Belə ki, həkimlərə güvənc peşəkarlıqla bağlıdır. Eyni zamanda A.Qeybulla deyib ki, müəyyən neqativ halların səslənməsi, ictimailəşməsi də bəzən bu güvənci aşağı salır: "Azərbaycanda tibb təhsili Avropa sisteminə keçəndən sonra insanların fikirləri də dəyişəcək. Bunun üçün mütləq xüsusi icbari siğortanın tətbiqi vacibdir ki, həkimlə xəstə arasında inzibati yollarla aradan qaldırılması mümkün olmayan neqativ hallar tam aradan qalxa bilsin". 

Azərbaycan Tibb Universitetində keyfiyətsiz təhsilə gəlincə, A.Qeybulla qeyd edib ki, bu sahədə olan problemlər təhsil sistemilə bağlıdır: "Xaricdə daha çox tədrisi aparan şəxslər dekanlar sayılır. Umumiyyətlə, bizdə hər şeyi fərdlərə bağlayırlar, hər şey sistemə bağlanmalıdır. Problem fərddə deyil, təhsil sistemindədir". 

Sədaqət SÜLEYMANOVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı