Böyük alman şairi Höte deyib: “Kim xarici dil bilmirsə- öz dilini də bilmir”. Dünyada 6000 dil var. Onun yarıdan çoxu məhv olmaq üzrədir. Hazırda bütün planeti öz təsiri altına almış qloballaşma prosesləri dünyaya çıxış üçün aparıcı xarici dilləri öyrənməyi zəruri edib. İndi təkcə yeniyetmələrin və gənclərin deyil, hətta orta nəslin nümayəndələrinin də ingilis, fransız, alman, ispan, rus və digər Avropa dillərini öyrənməyə can atdığının şahidi oluruq. Hazırda təkcə xarici və yerli şirkətlər, özəl biznes qurumları deyil, hətta dövlət orqanları da işə qəbul zamanı bir və ya bir neçə xarici dili bilən mütəxəssislərə üstünlük verirlər. Bunu onunla əlaqələndirirlər ki, xarici dil bilməyən kadrların bilik və təcrübəsi respublika çərçivəsi ilə məhdudlaşır. Mütəxəssislərin fikrincə, dil öyrənmək heç vaxt gec deyil, əsas həvəs, meyl olmalıdır. Son illər xarici dillər sırasında ingilis dilinin daha dominant mövqeyə çıxaraq kütləviləşməsi dövrün tələbi ilə əlaqələndirilir. Müasir dövrdə ingilis dilini öyrənməklə əksər ölkələrdə asanlıqla ünsiyyət qurmaq, dünya xalqlarının mədəniyyəti ilə tanış olmaq, hətta xaricdə iş tapmaq olar.
Mütəxəssislərin fikrincə, dil öyrənmək üçün üç mərhələ tələb olunur: dilin əxz edilməsi, mənimsənilməsi, tələffüzü. Qeyd edək ki, indi Bakıda onlarla xarici dil kursları fəaliyyət göstərir. Bu kurslarda ingilis, alman, fransız, rus, ispan, italyan, çin, yapon, ərəb, fars, bolqar, ivrit, acar, fin, urdu, hind, gürcü, polyak və başqa əcnəbi billər öyrədilir. Kurslara yazılanların böyük əksəriyyəti ingilis dilinə üstünlük verir.
Araşdırmalarımız nəticəsində məlum oldu ki, bu kursların əksəriyyətində dil öyrətmədə səriştəsi, savadı olmayan ya orta, ya da ali məktəbdə bir gün belə dərs deməyən repititorlar cəmlənib, yüngül yolla qazanc əldə etmək məqsədi güdürlər. Əksər kurslar şirnikləndirici vasitələrlə dinləyiciləri cəlb edir, qısa müddətdə dil öyrətməyi öhdəsinə götürür, sonda isə bütün günahı qarşı tərəfin üzərinə yıxırlar. Modern.az-ın əməkdaşı paytaxtdakı bir neçə dil kurslarındakı vəziyyətlə tanış olub.
Əvvəlcə metronun “Gənclik” stansiyası yaxınlığında yerləşən “Celt Training” mərkəzində olduq. Burda ingilis dilinin öyrədilməsi 53 manatdan başlayaraq 540 manata kimi dəyişir. Bu da təbii ki, yerli və ya xarici müəllim seçimi, dərs saatından asılıdır.
Kursa gələn dinləyicilərin də fikrini öyrənməyə çalışdıq. Vahid Məmmədov adlı dinləyici dedi ki, ingilis dilini öyrənmək niyyətindədir: “Çünki iş üçün hara müraciət etmişəmsə, məndən ingilis dilin bilməyi tələb ediblər. Əvvəlcə cəhd etdim ki, özüm tək məşğul olum. Ancaq iş qrafikimlə əlaqədar öyrənməyə vaxt ayıra bilmədim. İndi bu kursa pul verirəm deyə, məcbur olub oöyrənəcəm”.
11-ci sinif şagirdi Musa Ələkbərov dedi ki, məktəbdə dərs saatı az olduğu üçün kursa gəlməli olub: “Dərsdə 3 saat ingilis dili keçirilir. Bununla dil öyrənmək çətin məsələdir. Həm də kursda diskə qulaq asırıq, qəzet və jurnal oxuyuruq. Bu da bizim dil öyrənmə imkanımızı intensivləşdirir”.
Metronun “Elmlər Akademiyası” stansiyası yaxınlığındakı “İb Conversation Club”da ingilis, rus , fransız, ərəb və digər dillər tədris olunur. Qiymətlər isə digər kurslara nisbətən aşağıdır. İngilis və rus dili qrup halında (2 nəfər) adambaşına 30 manat, fərdi şəkildə 60 manatdır. Ərəb, fransız d illəri 50-70 manat arasında tədris olunur. Kursun rus dili müəllimi Emin Əkbərov deyir ki, onlarda ucuz və keyfiyyətli kurs tədris olunur: “Tələbələr mütəlif cür audio disklərə qulaq asır, nağıl, hekayə və digər dərsliklərlə tez bir zamanda dili öyrənir”.
“Stimul” təhsil mərkəzində Azərbaycan, ingilis, alman, fransız, ispan, polyak, çin, ərəb, rus, italyan, gürcü dilləri öyrədilir. Qiymətlər isə dillərə görə dəyişir. Məsələn, ingilis və rus dilləri üçün aylıq təhsil haqqı 50-60 manat, ispan, fransız, ərəb dilləri üçün isə 80-90 manat məbləğindədir.
Dilarə Əliyeva küçəsindəki “Piramida” Təhsil mərkəzinin elanında bildirilib ki, guya, dinləyicilərə bir neçə ay ərzində xarici dilə yiyələnmək şansı yaradılır. Tələbə Günel Əliyeva deyir ki, bir neçə kursda olsa da, heç biri onu qane etməyib: “İndi o qədər kurs açılır ki, bilmək olmur hansı yaxşıdır. Burada deyirlər qısa zaman ərzində öyrədəcəklər. Məncə intensiv məşğul olsam, uğur əldə edə biləcəm”.
Dil öyrədən kursların xüsusi komissiyanın yoxlamasından keçib-keçmədiyini öyrənmək üçün Təhsil Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlasaq da, qurumdan bu barədə məlumat ala bilmədik.
Fərdi repetitorlar isə Bakıdakı kurslarında tədrisin keyfiyyətinin aşağı olduğunu deyirlər. 7 ildir ingilis dilini tələbələrə ev şəraitində öyrədən İradə Nəcəflinin sözlərinə görə, kurslara bəzən təcrübəsiz müəllimlər götürülür: “Qəzetlərin hansını açırsan, “Kursa müəllim tələb olunur” başlıqlı elana rast gəlirsən. Heç bir imtahan keçirmədən onları işə qəbul edirlər. Təbii ki, belədə keyfiyyətli tədrisdən söz gedə bilməz”.
Azərbaycan Dillər Universitetinin müəllimi Rəna Əliyeva bildirib ki, dil öyrətmə kurslarına nəzarət olmalıdır: “Bu kursların müəyyən biznes maraqları var. Onlar buna xidmət göstərirlər. 4-5 aya dil öyrənmək mümkün deyil. Dil öyrətmək üçün müəllimlərin öz üsulları olmalıdır. Əksəriyyət kurslarda tələbələr dərs deyir. Bu tələbənin praktikası yoxdursa, başqasına necə dil öyrədə bilər?”.
Psixoloq Asəf Kərimov dil kurslarında psixoloqun da olmasına ehtiyac duyur: “İntellektual qabiliyyətlərin öyrədilməsi ilə əlaqədar kurslarda psixoloqun olması vacibdir. Çünki psixoloq dil öyrənmək istəyən şəxsə istiqamət verə bilər ki, hansı proqram əsasında ona dil öyrədilməlidir”. Psixoloq deyir ki, 4 və ya 6 ay ərzində ancaq danışıq dilini müəyyən qədər öyrənmək olar. “Müəyyən üsullar var ki, onun vasitəsi ilə tez bir zamanda insan beyninə sözləri yeritmək mümkündür. Xaricdə belə bir təcrübə aparılıb ki, səhər və axşam saatlarında hətta yuxulu vəziyyətdə belə, dili öyrənmək olur. Çünki yuxulu halda insanın beyninin müəyyən mərkəzləri oyaq olur ki, eşitdiklərinin hər biri onun beyni tərəfindən qəbul olunur. İndiki zamanda nəzəriyyədən fərqli olaraq, dilin öyrədilməsi insanın keyfiyyəti daxilində, yəni onun psixoloji keyfiyyətləri və təfəkkür xüsusiyyətlərini nəzərə alınmaqla praktika üzərində qurulur”. .
Günay MUSAYEVA