Modern.az

ADY-dən rəqəmsal yenilik: sərnişinlərin vaxt itkisi minimuma enəcək

ADY-dən rəqəmsal yenilik: sərnişinlərin vaxt itkisi minimuma enəcək

İqtisadiyyat

Bu gün, 17:06

Azərbaycanda ictimai nəqliyyatın rəqəmsallaşması istiqamətində daha bir mühüm yeniliyə imza atılıb. AZCON Holding şirkətlərindən olan Azərbaycan Dəmir Yolları (ADY) və AzInTelecom MMC-nin birgə həyata keçirdiyi yeni layihə nəticəsində ölkədə ilk dəfə dəmir yollarında üztanıma ilə ödəniş sistemi tətbiq olunmağa başlanıb. “SİMA Pay” texnologiyasının istifadəyə verilməsi sərnişinlər üçün həm sürətli, həm də daha rahat keçid imkanları yaradaraq ictimai nəqliyyatda rəqəmsal transformasiyanın yeni mərhələsini formalaşdırır.

Yeni sistem sayəsində sərnişinlər artıq fiziki kart və ya əlavə cihaza ehtiyac olmadan turniketlərdən keçə biləcəklər. Bu isə xüsusilə gündəlik sərnişin axınının yüksək olduğu marşrutlarda vaxt itkisini minimuma endirməklə yanaşı, xidmət keyfiyyətinin yüksəldilməsinə də töhfə verir.

ADY-nin son illərdə həyata keçirdiyi rəqəmsal layihələr bütün bunlarda məhdudlaşmır. Sərnişinlərin ən rahat və təhlükəsiz, səmərəli nəqliyyat mexanizmi olan ADY onların gündəlik səyahət vərdişlərini də dəyişib. “ADY Mobile” tətbiqinin istifadəçi sayının 400 mini ötməsi, sərnişinlərin böyük hissəsinin biletləri onlayn alması və QR əsaslı identifikasiya sisteminin tətbiqi göstərir ki, ictimai nəqliyyatda texnoloji həllərə maraq sürətlə artmaqda davam edir.

Mövzu ilə bağlı Modern.az-a açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev qeyd edib ki, ümumilikdə, üz tanıma texnologiyası artıq dünyanın bir çox ölkəsində tətbiq olunur və müxtəlif ödəniş üsullarından biri kimi istifadə edilir. Onun sözlərinə görə, bu mexanizmin ilk dəfə olaraq ölkəmizdə də dəmir yolu sahəsində tətbiqi, ADY tərəfindən görülən işlər müsbət addımdır.  

"Bu sistem sərnişinlərin daha sürətli keçidini təmin etməsinə şərait yaradacaq. Hazırda 91 kilometrlik Abşeron dairəvi dəmiryolu xəttində 15 stansiya fəaliyyət göstərir və burada məsafəyə əsaslanan gediş haqqı tətbiq olunur. Bu baxımdan, üz tanıma sisteminin məhz dəmiryolu nəqliyyatında tətbiqi digər nəqliyyat növləri ilə müqayisədə daha əlverişli və rahatdər. Lakin avtobus və metro kimi sahələrdə sərnişin axını daha böyükdür və infrastruktur tamamilə fərqlidir".

Ekspert onu da əlavə edib ki, avtobus şəbəkəsində üç minə yaxın dayanacaq mövcuddur:

"Metroda isə 27 stansiya fəaliyyət göstərsə də, məsafəyə əsaslanan ödəniş sisteminin tətbiqi üçün zəruri avadanlıqların quraşdırılması məsələsi hələ də açıq qalır. Ümumilikdə, məsafəyə görə ödəniş sistemi olmadan üz tanıma texnologiyasının funksionallığı tam effektiv hesab edilmir. Çünki bu texnologiya xüsusilə məsafəyə uyğun tarifləşmədə daha səmərəli işləyir. Bu baxımdan dəmir yolu şəbəkəsində də tətbiqi olduqca uğurlu addımlardan biridir". 

R.Ağamirzəyev həmçinin vurğulayıb ki, bununla yanaşı, gələcəkdə bu sistemin geniş tətbiqi ciddi rəqəmsal inteqrasiya prosesini də tələb edir.

"Hazırda 2026-2028-ci illəri əhatə edən dövlət proqramında rəqəmsallaşmaya keçid əsas hədəflərdən biri kimi müəyyənləşdirilib. Hesab edirəm ki, həmin proqramın icrasından sonra növbəti illərdə daha çox sərnişin daşıyan nəqliyyat növlərində də üz tanıma texnologiyasının tətbiqi mümkün ola bilər. Lakin bunun üçün mövcud infrastrukturda ciddi təkmilləşdirmə işlərinin aparılmasına ehtiyac var".

Məlumat üçün bildirək ki, üztanıma ilə ödəniş sistemindən ilkin mərhələdə Bakı Dəmiryol Vağzalı, Sumqayıt Dəmiryol Vağzalı və “Koroğlu” dayanacağındakı turniketlərdən keçərkən istifadə etmək mümkündür. Növbəti mərhələdə isə həm Abşeron dairəvi marşrutu boyunca bütün stansiya və dayanacaqlarda, həm də ölkə üzrə dəmir yolu şəbəkəsində bu müasir xidmətin göstərilməsi planlaşdırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?