Modern.az

Tariximiz, milli dəyərlərimiz necə saxtalaşdırılıb?

Tariximiz, milli dəyərlərimiz necə saxtalaşdırılıb?

Ölkə

16 Dekabr 2009, 15:28

AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun elmi işçisi, fəlsəfə elmləri namizədi                                                            II yazı

Qeyd edək ki, XIX əsrin sonu - XX yüzilliyin əvvəllərindən başlayaraq, milli ideologiyanın müəyyənləşməsində də əsas vurğu türk-türkçülük (turançılıq), İslam-islamçılıq (islami-ittihad - islam birliyi) və Azərbaycan - azərbaycançılıq üzərinə düşərək, yerdə qalan ideyalar - istiqlalçılıq, müsavatçılıq, vətənçilik, millətçilik və b. onların əsasında sonralar meydana çıxıb. Bu ideyalarla yanaşı həmin dövrdə milli ideologiyanın formalaşmasına müəyyən təsir göstərən qərbçilik-müasirləşmək və sosial-demokratiya (sosializm) isə Azərbaycana kənardan - Qərbdən və Rusiyadan gətirilmişdi ki, sonralar bu ideyalarla milli ideyalar arasında sintez yaradılmasına cəhdlər olmuşdu. Türk, Azərbaycan və İslam kimi milli mənəvi dəyələrmizdən başqa Aratta, Lullubi, Kuti, Turukki, Manna, Kimmer, İskit, Sak, Massaget, Albaniya (Arran), Atropatena (Adərbayqan), Qafqaz, Xəzər, Oğuz, Kaspi və b. anlayışlar da var ki, onlar da milli ideologiya probleminin tədqiqi baxımıdan mühüm əhəmiyyətə malikdir. Ən azı ona görə ki, həmin anlayışlar milli mənəvi dəyərlərmizlə, xüsusilə «türk» və «Azərbaycan» məfhumları ilə ya birbaşa bağlıdır, ya da həmin məsələlərlə dolayısıyla yaxınlığı olub. Maraqlıdır ki, ideoloji baxışlardan, ideyalardan asılı olaraq həmin anlayışlar «türk» və «Azərbaycan» məhfumunun açılmasında müxtəlif rollar oynayıb. Bu isə o deməkdir ki, milli mənəvi dəyərlərimizin (həm də milli ideologiyaynın) mahiyyətinə və bundan irəli gələrək onun tarixinə baxışlar da birmənalı olmayıb.

Qeyd edək ki, hələ Sovetlər Birliyi dövründə yazılmış «Azərbaycan tarixi», «Azərbaycan ədəbiyyatı», «Azərbaycan Sovet Ensklopediyası» kitablarında və ideoloji yöndə yazılmış əsərlərdə, monoqrafiyalarda və s. ciddi şəkildə milli mənəvi dəyərlərmizin, o cümlədən «türk», «Azərbaycan», «İslam» kimi vacib anlayışların mahiyyəti və tarixi saxtalaşdırılıb. Çox təəssüf ki, bu günün özündə də «Azərbaycan tarixi» kitablarında (istər akademik nəşrlərdə, istərsə orta və ali təhsil üçün nəzərdə tutulmuş dərsliklərdə), eləcə də Azərbaycan xalqının keçmişinə həsr edilmiş bir çox  ideoloji, qeyri-ideoloji əsərlərdə, monoqrafiyalarda və b. bu xalqın milli kimliyi, ölkənin adının mənası və s. məsələlərdə bir-birinə daban-dabana zidd onlarla mülahizələr, fikirlər var.

Buna görə də, fikrimizcə, milli ideologyianın əsasını təşkil edən milli mənəvi dəyərlərin mahiyyət və trarixini, deməli həm də Azərbaycan xalıqını tarixini  yenidən, oybektiv və elmi faktlardan kənara çıxmamaqla milli ruha sahib, sözün həqiqi mənasında milli kimliyini dərk edən tarixçilər, filosoflar, politoloqlar və b. bir yerdə yazmalı, ən əsası tarixmizdə milli ideologiyanın ünsürlərini göstərməlidirlər. Əgər sovet dövründəki tarixçilərimiz, fiosoflarımız, alimlərimiz bunu bacarmamışdılarsa, yaxud da, onların hansısa obyektiv və subyektiv amillərə görə bu imkanı olmamışdırsa, nədən biz bu gün öz milli mənəvi dəyərlərmizə sahib çıxıb, millətimizin ideoloji-fəlsəfi tarixini yazıb, yeni nəsilə dolğun, obyektiv və ən əsası milli ideyalara əsaslanan informasiyalar, bilgilər verməyək!

Bu baxımdan biz də, milli ideologiya problemini tədqiq edərkən mili mənəvi dəyərlərmizin mahiyyətini, Azərbaycan xalqının tarixini, mənşəyini və təşəkkülünü tarixi-ideoloji mənada təsvir etməyə çalışmışıq. Bu zaman, obyektivlik naminə bəzi tarixçilər, tədqiqatçılardan fərqli olaraq yalnız iddia etdiyimiz fikirlərə uyğun olan mülahizələri deyil, həm də tamamilə əksinə düşünən müəlliflərin fikirlərini də əks etdirmişik. Burada da başlıca məqsədimiz həm obyektivliyi qorumaq, həm də tariximizin, milli mənəvi dəyərlərimizin hansı şəkildə saxtalaşdırılmasını aşkara çıxarmaq olmuşdur. Yuxarıda qeyd etdiymiz üç əsas milli mənəvi dəyər arasından ən çox əsl mahiyyəti, tarixi məzmunu saxtalaşdırılan «türk» və «Azərbaycan» anlayışları olub.

Bu anayışlara son 200 ildə müxtəlif izahlar verilib ki, bu da tamam başqa səbəblərdən qaynaqlanıb. Başqa sözlə, Azərbaycan ərazisində marağı olan dövlətlər və xalqlar bu bögənin tarixinə milli maraqlarından yanaşmış, bunun da nəticəsində yerli türk xalqı ilə, bu ərazilərə iddia edən millətlər - farslar, ermənilər, gürcülər, ruslar və b. arasında ideoloji savaş başlamışdır. Bu ideoloji savaş isə son iki yüzildə bir-birinə zidd olan müxtəif ideoloji nəzəriyyələrin yaranmasına yol açmışdır. Belə ki, artıq iki əsrdir ki, yerli türklərlə, bu əraziyə iddia edən xalqların tarixçiləri, alimləri, ideoloqları Azərbaycan xalqının mənşəyini, tarixini, ümumilikdə milli ideologiyanın əsasını təşkil edən milli mənəvi dəyərlərin mahiyyətini, əsasən iki istiqamətdə izah etməyə çalışmışlar: «türk» və «antitürk».

Deməli, biz tədqiqatçılar da, ümumilikdə Azərbaycan xalqı da «türk», «Azərbaycan» və b. milli mənəvi dəyərərin mahiyyət və tarixinə, istər-istəməz bu ideoloji nəzəriyyələrin kontekstindən yanaşmağa bir növ məcbur edilmişik. Azərbaycan xalqının şüuruna bir əsrdə bir-neçə ideoloji nəzəriyyələr yeridilməyə çalışılmışdır ki, bunun da nəticəsində vahid milli ideologiyanın formalaşması mümkün olmamışdır və bu gün də həmin proses davam etməkdədir. Etiraf etmək azımdır ki, bu gün hər bir tarixçi, tədqiqatçı-alim, filosof, politoloq, hətta sadə vətəndaşların Azərbaycan xalqının mənşəyinə, milli etnik kimliyinə, ümumilikdə milli mənəvi dəyərlərin mahiyyət və tarixinə (həm də Azərbaycan tarixinə) münasibətində müxtəlif ideoloji nəzəriyyələr, o cümlədən «türk» və «antitürk» dünyagörüşləri mühüm rol oynayır. Fikrimizcə, öncə milli ideologiyanın (milli mənəvi dəyərlərin) mahiyyəti izah edilməlidir ki, daha sonra Azərbaycan xalqının mənşəyi, təşəkkülü, dili, ölkə adının mənası və s. məsələlərin tarixinə də konseptual şəkildə aydınlıq gətirmək mümkün olsun.

Milli ideologiyanın formalaşmasına ən çox təsir göstərən və ən qədim kökə malik milli mənəvi dəyərlərmizdən biri türk anlayışı və bu anlayışla bağlı olan türk tayfaları, türk milləti, türk dili, türk soyköküdür ki, XIX əsrin birinci yarısından başlayaraq milli ideologiyanın təzahürlərinin meydana çıxmasında başlıca rol oynayıb. «Türk» anlayışının qədim dövrlərdən XIX əsrin birinci yarısına qədər keçdiyi inkişaf mərhələləri, milli-mənəvi dəyər kimi daşıdığı məna və mahiyyəti də, bizə deməyə əsas verir ki, «türk» məfhumu mənşəyinə, qədimliyinə, mahiyyət və əhəmiyyətinə görə, Azərbaycan-türk xalqının milli ideologiyasının müəyyənləşməsində əsas milli mənəvi dəyər olub və çox keçmədən başlıca milli ideyaya çevrilib.

Əgər 19 əsrdən başlayaraq «türk» anlayışı əsas milli ideyaya çevrilməyə başlamışdırsa, deməli, o, bu bölgənin, indi Azərbaycan adlanan (konkret «Azərbaycan» anlayışı bu bölgəyə, xüsusilə Vətənimizin cənub torpaqlarına çox sonralar, təxminən bizim eranan 6-7 əsrlərdə verilib. Bu baxımdan qədim dövrlərə şamilən bu ərazini simvolik mənada Azərbaycan adlandırırıq - F.Ə.) ərazinin tarixində, yerli etnosların milli kimliyində, mədəniyyətində, dövlətçilik ənənələrində və s. ən başlıca rol oynayıb. Başqa sözlə, «türk» anlayışı ən qədim dövrlərdən bu ərazidə hakim bir mövqe tutmuş, başqa yerli və gəlmə etnoslarla müqayisədə əsas millət -superetnos kimi özünü göstərib.

Hesab edirik ki, milli ideologiyanın mahiyyətinin başlıca milli mənəvi dəyərlərdn biri kimi «türk» anlayışı əsasında izahı isə təxminən 19 əsrin ortalarında başlayıb və 1930-cu illərin sonlarına qədər davam edib. Yəni təxminən 1 əsr ərzində bir çox Azərbaycan mütəfəkkirləri, aimləri, ideoloqları - A.Bakıxanov, H.Zərdabi, Ş.C.Əfqani, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə, Y.V.Çəmənzəminli, H.Cavid, Ə.Cavad və b. Azərbaycan xaqının mənşəyini, milli mənəvi dəyərlərin mahiyyətinin izahını «türk» amilində axtarmış və buna əsasən nail olmağı bacarmışlar (bu dövrün mənzərəsinə mövzumuzun ardıcılığına uyğun olaraq qayıdacağıq. Bu məqamda əsas məqsədimiz yaxın tariximizdə Azərbaycan xalqının qədim dövrdə mənşəyi, etnik mənsubiyyəti, dili, ümumilikdə milli mənəvi dəyərlərin mahiyyəti ilə bağlı ziddiyyətli ideoloji baxışlara aydınıq gətirməkdir-F.Ə.). A.Bakıxanovdan bir qədər bəsit, sistemsiz şəkildə başlayan bu prosesin, sonralar sistematik halda böyük vüsət almasına başlıca səbəb isə, «antitürk» nəzəriyyəsi ilə müqayisədə «türk» nəzəriyyəsinin Azərbaycan xalqına daha çox yaxın olması və şübhəsiz, qeyd-şərtsiz inandırıcılığı idi.

Beləliklə, «türk» nəzəriyyəsinin 19 əsrin ortalarından başlayan təbliği, uğurlu şəkildə 1930-cu illərin sonlarına qədər davam edib. Şübhəsiz, bu müddət ərzində «türk» amili bir ideoloji dünyagörüş kimi xalqın əksəriyyətinin şüuruna hakim kəsilmiş və bütün spektrlərdə üstün mövqeyə malik olub. Xüsusilə, 19 əsrin sonu- 20 əsrin əvvəllərində formalaşan «türk» amili özünün ən yüksək inkişaf dövrünü yaşamış və xalqın ruhuna elə hakim kəsilib ki, hətta Azərbaycanın 1920-ci ildə zorla sovetləşdirilməsi belə, «türk» nəzəriyyəsinin aradan qadırılmasına bir müddətə - 1940-cı illərə qədər əngəl olub. Görünür, bu müddət ərzində Sovet (rus və erməni ideoloqları başda olmaqla) və İran-fars ideoloqları tərəfindən «antitürk» nəzəriyyəsinin əsasları işlənib hazırlanlb və 1940-cı illərdən başlayaraq rəsmi və qeyri-rəsmi şəkildə təbliğatına başlanıb.

«Türk» anlayışı ilə bağlı «antitütrk» nəzəriyyəsinə yer verməyimizə səbəb isə, milli ideologiyamızın təşəkkülündə bu amilin, qədim və yaxın tariximizin, milli mənəvi dəyərlərimizin mahiyyətinin necə saxtalaşdırılmasında oynadığı mənfi rolu göstərməkdir. Bizim məqsədimiz tarix yazmaq deyil, tarixin necə saxtalaşdırımasını və ondakı türk ruhunun, türk izinin necə ört-basdır edilməsini ortaya qoymaqdır. Bu baxımdan Azərbaycan xalqının mənşəyi, etnik mənsubiyyəti, təşəkkülü, milli dilinin yaranması və s. məsələlərdə «antitürk» nəzəriyyəsinin oynadığı mənfi rolu qeyd etməyə bilmərik.

Azərbaycan xalqının ideologiyalaşması «türk» və «antitürk» ideoloji baxışların mübarizə şəraitində keçdiyi üçün, xalqın dünyagörüşündə, milli ideologiyanın formalaşmasında bir çox problemlərə yol açıb. Başqa sözlə, Azərbaycan xalqının mənşəyinə, milli mənsubiyyətinə, dilinə və s. məsələlərə münasibətində «türk» faktoru ilə bərabər «antitürk» anlayışı da mühüm yer tutub, bununla da, xalqın dünyagörüşünə, ideoloji baxışlarına mənfi təsir göstərib. Hər halda «antitürk» tezisinin, xarici və müəyyən qədər daxili amillər nəticəsində bu günə qədər də gəlib çıxması təsadüfi olmayıb.

Bu baxımdan Azərbaycan xalqının mənşəyinin «türk» anlayışından kənarda axtarılması və qədim dövrdəki tayfaların türk deyil, başqa xalqlarla - Qafqaz mənşəli, İran mənşəli etnoslarla bağlanması bu günün və dünənin işi deyil. Azərbaycan xalqının mənşəyinin, coğrafiyasnın, mədəniyyətinin və s. saxtalaşdırımasının dərin kökləri var ki, bunun elmi cəhətdən «əsasladırılmasının» təməli müəyyən qədər çar Rusiyası, sonralar, əsaslı şəkidə isə Sovetlər Birliyi dövründə qoyulub. Şübhəsiz bu zaman çar Rusiyasının və Sovet Rusiyasının ideoloqarı, alimləri, tarixçiləri fars və erməni həmkarları ilə bir yerdə bu işi görüblər. Əsas məsələ də Azərbaycan xalqını mümkün olduğu qədər «türk» anlayışından: türk keçmişindən, türk kimliyindən, türk dilindən, türk mədəniyyətindən, bir sözlə türk milli mənəvi dəyərindən uzaq tutmaq olub. Bunun nəticəsində də «antitürk» nəzəriyyəsi yenidən vüsət alıb, bu nəzəriyyənin ideoloji şəkildə əsaslandırılmasının, rəsmi şəkildə təməli isə 1940-cı illərdə qoyulub və birmənalı şəkildə «türk» anlayışına qarşı yönəldilib.

Maraqlıdır ki, «antitürk» nəzəriyyəsinin Azərbaycandakı «könüllü» və bu «tarixi» həqiqətə inanmış tərəfdarları Azərbaycan xalqının qədim dövrlərdə etnik mənsubiyyətini, dilini tədqiq edərkən nədənsə, vaxtilə Sovet imperiyasının təbliğat maşının alətinə çevrilmiş bu amili qeyd etmirlər və sadə insanları inandırmağa çalışırlar ki, yalnız tarixi həqiqətlərdən çıxış edirlər.

Halbuki, Azərbaycan xalqının mənşəyinin «türk» anlayışından kənarda axtarılması, «Azərbaycan» anlayışına isə heç bir aidiyyatı olmayan mənaların verilməsi, 1940-cı illərdən məqsədli şəkildə başlayıb. Şübhəsiz, belə bir «antitürk» nəzəriyyəsinin yaranmasına ilk növbədə, həmin dövrdə - konkret 1939-cu ildə Stalinin göstərişi ilə, Azərbaycan türklərinin adından türk kimliyinin və türk dilinin götürülməsi, latın qrafikasından kiril əlifbasına keçid başlıca faktorlar olub. «Türk» anlayışını isə yalnız rəsmi şəkildə deyil (şəxsiyyət kimliyindən-pasportlardan türk kimliyini, dərslik və kitablardan isə türk dili sözlərini çıxartmaqla), həm də xalqın yaddaşından bu milli mənəvi dəyəri silmək üçün imperiyaya lazım idi ki, «antitürk» nəzəriyyəsini əsaslandırsın və Azərbaycan xalqının mənşəyini hansısa türk olmayan başqa xalqlarla bağlasın. Beləliklə, bu dövrdən başlayaraq Azərbaycan tədqiqatçı-alimləri də «antitürk» tezisindən çıxış etməyə ya məcbur edilib, ya da bu «nəzəriyyənin» könüllü tərəfdarları meydana çıxıb. Bunun nəticəsində də, Azərbaycan türklərinin keçmişi, milli mənəvi dəyərlərinin mahiyyəti saxtalaşdırılmağa başlayıb, Azərbaycan xalqının irandilli midiyalılardan, Qafqaz mənşəli albanlardan törəməsi dövriyyəyə buraxılıb, bəzi tarixçilər, tədqiqatçılar isə bu xalqı farsdan dönmə hesab etmiş, bəziləri isə hətta Azərbaycan xalqının çox sonralar - 11-12 əsrlərdə türkləşməsi müddəalarını irəli sürmüşdülər.

Ümumiikdə, «antitürk» nəzəriyyəsinin müəllfləri milli mənəvi dəyərlərin mahiyyətini saxtalaşdırarəkən qarşılarına iki məqsəd qoymuşdular: 1. Azərbaycan xalqının mənşəyi türk deyil və bu xalq ya irandilli midiyalılardan, farslardan, ya da hansısa türklərə heç bir aidiyyatı omayan xalqların birindən törəmədir. Azərbaycan xalqının yalnız dili türk dilidir (bu, ən ideal variant idi). 2. Azərbaycan çox sonralar - 11-12 əsrlərdə türkləşmişdir ki, deməli türklər bura gəlmə xalqdır və bu ərazilərin qədim xalqları türklərə heç bir aidiyyatı olmayan albanlar, udinlər, kaspilər və başqalarıdır (bu ən ən pis variant idi).

Beləliklə də, Sovetlər dövründə Azəbaycan xalqının milli mənəvi dəyərlərinin mahiyyətinin və tarixinin saxtalaşdırılmasının rəsmi şəkildə əsası qoyulub və bu xalqın saxta «tarixi», saxta «milli ideologiyası» yaradılmağa başlayıb.

Bu «antitürk» tezislər, xüsusilə öz əksini sovetər dönəmində nəşr olunmuş 3 cildlik «Azərbaycan tarixi» (1960-cı illərdə), eləcə də bir çox sovet tarixçiərinin, alimlərinin - İ.M.Dyakanov, İ.Əliyev, Q.Melikişvili və b. əsərlərində tapıb. Məhz bu təbliğatın nəticəsidir ki, yerli alimlərdən, tarixçilərdən M.Rəfili, İ.Əliyev, S.Qaşqay, Y.Cəfərov, F.Məmmədova və b. istər o dövrdə, istərsə də müstəqilliyimiz dövründə Azərbaycan xaqının milli mənəvi dəyərlərinin mahiyyətini «türk» anlayışından kənar, daha doğrusu «antitürk» nəzəriyyəsində axtarıblar.

1940-cü illərdən Azərbaycan xalqının milli mənəvi dəyərlərinin saxtalaşdırılması istiqamətində, imperiyanın rəsmi şəkildə başladığı «antitürk» nəzəriyyəsinə ilk dəfə elmi sübutlarla tanınmış akademik Z.Bünyadov qarşı çıxıb. Z.Bünyadov 1960-ci illərdə yazdığı doktorluq dissertasiyasında  - «Azərbaycan 7-9 əsrlərdə» ilk dəfə, ən azı bu xalqın farsdan dönmə türkdili xalq olmadığınıı, eyni zamanda türklərin 11-12 əsrlərdə deyil, ən azı milladın 1 minilliiyn əvvəllərindən bu ərazilərə axın etməsi müddəasını irəli sürüb. Bu kitabın «türk» nəzəriyyəsinə, ideologiyasına xidmət etdiyini dərhal anlayan sovet (rus-erməni) ideoloqları isə, əsərin türk dilində nəşrini qadağan edib.

Buna baxmayaraq, «antitürk» nəzəriyyəsinin hakim olduğu bir dövrdə Z.Bünyadovun bu faktlarla çıxış etməsi, təxminən 20-30 ildən sonra «türk» nəzəriyyəsinin müəyyən mənada dirçəlməsinə səbəb olub. Z.Bünyadovun tutarlı və elmi faktlarından sonra «türk» nəzəriyyəsi yenidən aktuallaşıb və Azərbaycan elmində (tarixşünaslıq, dilşüaslıq və s.) özünə yeni tərəfdarlar (Y.Yusifov, Q.Qeybullayev, M.İsmayılov, A.Məmmədov, T.Hacıyev və b.) qazanmağa başlayıb. 

1960-cı illərdən başlayaraq Azərbaycan xalqının etnik mənsubiyyəti, milli mənəvi dəyərləri bir-birinə zidd olan iki nəzəriyyə, ideologiya əsasında şərh edilməyə başlayıb. Baxmayaraq ki, Azərbaycan xalqı 1991-ci ildə müstəqiliyini bərpa edərək 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Cümhuriyyətinin varisi elan etmişdir, hazırda da bir-birinə daban-dabana zidd olan bu nəzəriyyələr xalqın ideologiyalaşması prosesində öz rollarını qoruyub saxlayır. Bu isə özünü, həm Azərbaycan tarixinə, mədəniyyətinə, milli mənəvi dəyərlərə həsr edilmiş elmi-kütləvi nəşrlərdə, xalqın hansı ideologiyaya əsaslanması ilə bağlı yazılan ideoloji əsərlərdə, həm də xalqın dünyagörüşüdəki ideoloji məsələlərə münasibətdə büruzə verir. Bu baxımdan 19 əsrdən, xüsusilə ötən əsrin əvvələrindən xalıqın ideologiyalaşma prosesində mühüm rol oynamış milli mənəvi dəyərlərin tarixinə nəzər salarkən, bu iki nəzəriyyənin ideoloqlarının müddəalarına mühüm yer vermişik.

Doğrudur, bu gün qədim dövrlərdə, o cümlədən miladdan öncəki 3-2 minilliklərdə indiki Azərbaycanda yaşamış kuti, lullubi, hurri, su, turukkilər və b. tayfa və tayfa ittifaqlarının etnik mənsubiyyəti, burada prototürklərin yoxsa, başqa xalqların yaşaması haqqında kifayət qədər tutarlı elmi faktlar, arxeoloji və yazılı qaynaqlar yoxdur. Bu baxımdan  qədim Azərbaycanda yaşayan etnos və tayfaların etnik və dil tərkibi barədə dəqiq mülahizə yürtümək üçün əldə müvafiq mətnlər olmadığına görə, məsələni yalnız etnonim və topnimlərə müraciət etməklə aydınlaşdırmağa cəhd etmək olar. Əlbəttə, bu məsələlər də araşdırılarkən heç də ortaya birmənalı şəkidə hər hansı bir, fakt və yaxud faktlar da çıxmır ki, türklər indiki Azərbaycanda qədim dövrlərdə yaşamayıblar və buraya gəlmədirlər. Bir sözlə, bu məsələ ilə bağlı - qədim dövrdə yaşamış tayfaların prototürklər, yoxsa qeyri-prototürklər (Qafqaz mənşəli, İran mənşəli və s.) olması məsələsində nə dünya elmində-tarixşünaslığında, nə də Azərbaycan elmində dəqiq faktlar yoxdur.

Bu günə qədər qədim Azərbaycan xalqının etnik mənsüubiyyətinin müəyyənləşməsi məsələsinə isə, yerli və əcnəbi tarixçilər daha çox şəxsi elmi fərziyyələrindən və rəğbət bəslədikləri ideologiyalardan yanaşıblar. Artıq etiraf olunmalıdır ki, indiyənə qədər bu məsələyə münasibətdə tarixi, elmi sübutların yoxluğu daha inandırıcı görünən «elmi fərziyyələr»ə yol açmış və  bu «elmi fərziyyələr» ideoloji maraqlara («türk» və «antitürk») uyğun olaraq bir-birinə zidd istqamətərdə «tarixləşmişdir». Məsələn, biz hesab ediriksə ki, qədim Azərbaycanda yaşamış tayfalar - kutilər, lullubilər, sular, turukkilər və b. prototürklər olmuşdur, deməli, «türk» nəzəriyyəsindən çıxış edirik və «elmi fəziyyələr»mizi də bu yöndə izah etməyə, əsaslandırmağa meyilliyik. Şübhəsiz, həmin qədim tayfaların etnik mənsubiyyətinə münasibətdə «antitürk» nəzəriyyəsinin müdafiəçiləri üçün də, ideoloji mənada onlara inandırıcı görünən «elmi fərziyyələr» prtototürklər məsələsini inkar edir. Deməli, istər-istəməz qədim Azərbaycan xalqının tarixinə, etnik mənsubiyyətinə, ümumilikdə milli mənəvi dəyərlərin tarixinə münasibətdə «elmi fərziyyələr»dən çıxış edərkən, «ideologiyanın» təsirindən yan qaça bilmirik.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?