
“2009-cu ildən başlayaraq biz orta məktəblərdə keçirilən mərkəzləşmiş test imtahanları ilə bağlı təkliflərimizi Təhsil Nazirliyinə göndərmişik, lakin bu 3 il ərzində həmin imtahanların nəticələrində irəliləyiş görmədik. Bu problemlər birgə müzakirə olunmalıdır. 2002-ci ildən biz attestat qiymətləri ilə qəbul imtahanlarının nəticələrini müqayisə edib Təhsil Nazirliyinə məlumat vermişik. 2003-cü ildən isə bununla bağlı ictimaiyyəti məlumatlandırmağa başlamışıq. O zaman əlaçıların sayı 4500-dən çox idi. İndi əlaçıların sayı xeyli azalsa da, 0-100 bal nəticə göstərən əlaçılar hələ də var”.
Modern.az saytınən məlumatına görə, bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
O həmçinin qeyd edib ki, mərkəzləşdirilmiş imtahanlarda attestat ala bilməyən gəncin taleyindən də narahatdır.
“2011-ci ildə orta məktəbi bitirən 100 min məzundan 20 faizi attestat almayıb. Attestat alan 19,63 faiz məzun imtahanlarda iştirak üçün sənəd versə də, iştirak etməyib. Məzunların 32 faizi qəbul olmayıb, qalanları isə müxtəlif ballarla ali təhsil müəssisələrinə və orta ixtisas məktəblərinə daxil olublar. Belə çıxır ki, 70 faizdən çox məzun əmək bazarınaorta məktəbdə aldığı biliklərlə daxil olur. Gələcəkdə həmin şəxslər əmək bazarındakı rəqabətə davam gətirə bilməyəcəklər”:
M.Abbaszadə qeyd edib ki, əgər mərkəzləşdirilmiş imtahanlar keçirilirsə, nəticələr belə olmamalıdır. O, sual edib ki, nə üçün 3 ildir qəbul imtahanlarından əvvəl keçirilən mərkəzləşdirilmiş imtahanların nəticələrinə əsasən 0-100 bal toplayan məzunlara attestat verib, TQDK-ya göndərirlər.?
Mətbuat konfransında iştirak edən Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov attestat ala bilməyən şagirdlərlə bağlı fikirlərə münasibət bildirib. O buna faciə kimi baxmağın tərəfdarı olmadığını qeyd edib.
“Elə inkişaf etmiş ölkələr var ki, orada da attestat ala bilməyənlər var. Hətta elə ölkələr var ki, orada attestat ala bilməyənlərin sayı bizdən çoxdur. Ümumiyyətlə, belə faktlar hər zaman olub, indi də var. Hətta sovet dövründə də olub”.
TQDK sədri həmçinin bildirib ki, 20 faiz 20 min şagird deməkdir və bu kifayət qədər ciddi göstəricidir.
Modern.az