Modern.az “Su İstehsalçıları” İctimai Birliyinin sədri Dövlət Məmmədovun müsahibəsi təqdim edir. Dövlət Məmmədov Azərbaycanın su satışı bazarındakı nöqsanlara aydınlıq gətirib.
- Dövlət müəllim, hər yeni gələn il həm də bir hesabatdır. Bəs yola saldığımız ildə Azərbaycan su bazarında hansı meyllər müşahidə edildi, təəssüratınız müsbətdir, yoxsa mənfi?
- 2011-ci ildə “Su İstehsalçıları” İctimai Birliyi Avropa Su Birliyinə üzv qəbul edilib. Oğuz-Qəbələ-Bakı su kəməri çəkilib. Qəbələdə su-limonad istehsalı zavodu, Bakıda “Qızıl quyu”limonad zavodu işə salınıb. “Azproma”nın xətti ilə Almaniyada keçirilən Beynəlxalq “Yaşıl həftə” sərgisində ”Sirab”, ”Slavyanka-1”, ”Akva vita”, “Badamlı” suları sərgidə nümayiş etdirilib, sərgiyə gələnlər tərəfindən bizim sular içilərək yüksək qiymətləndirilib. Bundan başqa regionlarda kiçik su sexləri də fəaliyyətə başlayıb. Bizim müəssələr hökümətin büdcəsini yaradan müəssələrdir. Müəssələrimizə İqtisadi İnkişaf Nazirliyi tərəfindən lasım olan köməkliklər göstərilir.
Problerimiz də olub həddən çox müxtəlif təşkilatlar tərəfindən yay aylarında yerli və yersiz yoxlamalar keçirilib. Ən qəribəsi də odur ki, yoxlamağa gələnlərin su haqqıda anlayışları belə yoxdur. Onların bir məqsədi var: adlı-sanlı müəssisəni cüzü bir şeydən ötrü bağlamaq və bu haqda tez mətbuata xəbər vemək. MDB dövlətlərinin rusdilli saytları da tez belə materialları yerləşdirirlər. Son da bizdə istehsal edilən məhsulları MDB-də təklif edəndə həmin yazıları gözümüzə soxurlar. Belə olmaz.
- Azərbaycanda su istehsalı üçün münbit şərait var. Belə olduğu təqdirdə nədən daha çox idxal məhsullarına üstünlük verilir?
- Bu məsələdə bizim çox günahımız var. Əhali arasında lazımı marifləndirmə işi apara bilməmişik. Hər bir azərbaycanlı bilməlidir ki, bizim içdiyimiz yerli sular xarici dövlətlərdən gətirilən sulardan nə ilə fərqlənir və üstün cəhəti nədir?
Birincisi bizim ölkədə Atom Elektirik Stansiyası yoxdur. İkincisi bizim sular dağ-buzlaq sularıdır. Üçüncüsü Günəşin temperatupu o biri ölkələrdən biz də daha yuxarıdır. Dördüncüsü bizim suların mənbəyi bataqlıqdan və kimya zavodlarindan uzaqda yerləşir. Beşincisi bizim su bu torpaqda, bu iqlimdə yetişib, biz də bu torpaqda bu iqlimdə böyüdüyümüz üçün bizim su bizim canımıza yatır.
Bunları bilə-bilə bu gün reklamlara uyub xarici sulara üstünlük vermək lazim deyil. Azərbaycan suları keyfiyyətinə görə dünyanın ən yaxşı suyudur. Hərdən soruşurlar ki, hansı suyu içək? Deyirəm ki, əgər xəstəsinizsə, həkimə müraciət edin, məsləhət bilsə, “Borjomi”, ”Nabeqlavi”, ”Slavyanskaya”, “Smirnovskaya”, ”Donat”, “Narzan”, ”Essentuki-4”, ”Essentuki-17”, ”Truskavesskaya”, ”Mopşinskaya” sularını alıb için. Bu sular xəstələr üçündür. Əfsuslar olsun ki, bu suları əhaliyə süfrə suyu kimi təqdim edirlər, əhalini aldadırlar. Bu suların üzərındə içmək qaydası yazılmalıdır: hansi şəraitdə içilməlidir, hansı xəstələrə içmək olar, hansılara olmaz və s. “Borjomi” Ukraynaya göndərdiyi suların üzərində bunları yazır, amma Azərbaycana göndərdiyi suların üzərində yazmır. Mağazalarda Avropa dövlətlərinindən gətirilən sular da satılır, özü də çox baha qiymətə. Ancaq onların tərkibi bizim sulardan çox geri qalır.
- Dövlət müəllim, bu suları respublikaya kimlər gətirir? Bu qədər suyun gətirilməsinə ehtiyac varmı?
- Bu qədər suyun gətirilməsinə heç ehtiyac yoxdur. Gətirənlər də müxtəlif adamlardır. Bu yaxınlarda xaricə sanatoriyaya istirahətə gedən məmurlardan biri Bakıya küllü miqdarda su gətirib sata bilmədiyi üçün bizə müraciət etdi ki, ona bu suları satmaqda köməklik edək. Soruşanda ki, bizim gül kimi sularımız var, bu suları gətirməyə nə ehtiyac var idi? Nə desə yaxşıdır? - “Bu sudan 14-cü Karl içib”.
Gülərək ona bildirdim ki, bizim sulardan Nuh peyğəmbər, onun övladları, Dədə Qorqud içib. Demək olar ki, bu qədər suların gətirilməsinə heç bir ehtiyac yoxdur. Türkiyə, İran öz yerli su sənayesini inkişaf etdirmək üçün xarici ölkələrdən su almır, ancaq öz sularını xarici dövlətlərə satırlar. Rusiya Gürcüstanın “Borjomi”, ”Nabeqlavi” sularını 5 ildirki öz bazarına buraxmır. Siyasətçilər deyirlər ki, Saakaşviliyə görədir. Xeyr, Gürcüstan suları Rusiya bazarinın 15 faizini təşkil edirdi. Rusiya bu suları almaqdan imtina edib, öz sularını satmağa başladı. Gürcüstana gedən valyutanı özündə saxladı. Ukrayna dövləti də xarici dövlətlərdən gətirilən sulara kvota qoyub. Azərbaycanda da xaricdən gələn sulara kvota qoymaq vaxtı çatıb. Biz xarici bazarlara çıxmaq istəyiriksə, birinci növbədə milli sahibkarlarımızı, milli bazarımızı qorumalıyıq, bunları hansısa məmurun,”sahibkarın” beş manatlıq marağına qurban verməməliyik.
- Siz demək istəyirsiniz ki, xaricdən su gətirilməsin?
- Gətirilsin, amma miqdarında. Mən istəmirəm bu gün satılan suların yarısını xarici sular təşkil etsin. Mən istəyirəm ki, öz sularımız satılsın, su zavodlarımız gecə-gündüz işləsin, əhalimiz pul qazansın. Əhalimiz yerli suları alıb içsə, Azərbaycanın bütün su zavodları qışda da işləyər. Əfsuslar olsun ki, bəzi dövlət məmurları, gənclər təşkilatları xarici qonaqları qəbul edəndə, iclaslar keçirəndə, stollarının üstünü xarici sularla bəzəyirlər, öz tabeliyində olan işçilərə pis nümunə göstərirlər. Xarici dövlətlərdən gələn su azalsa, onlara ödənilən həmin pullar özümüzə qalacaq, öz iqtisadiyyatımıza xərclənəcək.
- İddia edirsiniz ki, əksər sular və limonadlar qonşu Gürcüstandan idxal olunur. Bunu doğuran səbəblər hansılardır?
- Bu gün demək olar ki, Azərbaycanda satılan su məhsulları qanuni və qanunsuz yolla Gürcüstandan gətirilir. Qanuni yol odur ki, dovlət qeydiyyatından keçirilir, tərkibi yoxlanılır. Qanunsuz gətirilən “Borjomi”,”Nabeqlavi”, ”Nataktari”, ”Kasbeqi”sərhəddən avtobuslar vasitəsi ilə keçirilir, tərkibi heç bir sanitar yoxlamalardan keçmir, onun tərkibinə və sonra baş verəcək hadisələrə heç kim məsuliyyət daşımır. Bu cür suların üzərində Azərbaycan dilində yazı da olmur. İnsan həyatı üçün təhlükəliolan bu sular Qazaxdan başlayaraq Yüvlaxa qədər mağazalarda satılır. Bu yaxinlarda Gürcüstanda “Borjomi”, ”Nabeqlavi”, ”Nataktari”, ”Kasbeqi” istehsal edən gizli sex aşkar edildi. Bu gizli sexin istehsal etdiyi keyfiyyətsiz məhsulların neçə faizi Azərbaycana gətirildi? Gürcüstanda qanuna əsasən saxta mallar istehsal edənlərə 7 il, saxta mal satan mağaza işçilərinə 5 il iş verirlər. Yaxşı olardı ki, belə praktika Azərbaycanda da tətbiq edilsin.
- “Dövlət dili” haqqında qanunun da pozulduğunu deyirsiniz. Sizcə, konkret hansı dövlət qurumu bu məsələyə birbaşa cavabdehlik daşıyır?
- “Dövlət dili” haqqında qanunun 17-ci maddəsində deyilir ki, Azərbaycana daxil olan malların üzərindəki yazılar xarici dillə yanaşı, dövlət dilində də olmalıdır ki, istehlakçılar aldığı malın tərkibi haqqında olan məlumatla tanış ola bilsinlər. Əfsuslar olsun ki, bu qanun pozulur, ona riayət olunmur. Niyə? Çünki qanunun 19-cu maddəsində konkret göstərilməyib buna kim məsuliyyət daşıyır? Markalanma ilə bağlı da qanun pozuntularına rast gəlmək olur. ”Nataktari” limonadının istehsal edildiyi yer, ünvan, müəssənin telefonu istehlakçılardan gizlədilir.
- Bəs apardığınız müqayisələr nə deyir – saxta içkilər bazarın hansı faiz nisbətini təşkil edir?
- Keçən il su bazarında çoxlu sayda insan həyatı üçün təhlükəli olan “Narzan”, ”Essentuki-4”, ”Essentuki-17”, ”Truskaves”, ”Even”, ”Arxiz”, “Borjomi”, ”Nabeqlavi”, ”Nataktari” suları müxtəlif orqanlar tərəfindən aşkarlanıb satışdan çıxarılıb. Standartlara cavab verməyən yerli saxta sular əsasən Gədəbəy, Qax, Lerik suları adı ilə krandan doldurulub satılır. Dünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, ildə 5 yaşına çatmayan 1,8 milyon uşaq keyfiyyətsiz sudan keçən xəstəlikdən ölür.
- ABŞ, Avropa, Rusiya və digər ölkələrin uşaq müəssisələrində, uşaqların sağlamlığını qorumaq üçün “Coca-cola”, “Pepsi-cola” və enerjili içkilərinin satışına yasaq qoyulub. Bəs niyə Azərbaycanda da bu praktikadan istifadə olunmur?
- Yaxşı olardıki bu sualı Təhsil Hazirliyinin məsul işçilərinə verəsiniz.
- Dünyanın hər yerində su problemi var. Bakı da oxşar problemdən əziyyət çəkir. Bəzi hallarda alıcılar bazara çıxarılan 20 litrlik sulardan istifadə etmək məcburiyyətində qalırlar. Bu suların da keyfiyyəti ilə bağlı mütəmadi şikayətlər eşidirik...
- Bu gün sudan başı çıxanda çıxmayanlar 19 litirlik qablarda su buraxır. Gizli bir yerdə adi suyu filtirdən keçirib 19 litirlik qablara doldurub, sonra şəhərin su verilməyən təzə bunalarına və idarələrə aparib “Təbii bulaq suyu” adı ilə satırlar. Bu işləri ən çox vaxtilə su zavodlarında ekspeditor işləmiş, saxta sular satmış və ona görə işdən qovulmuş adamlar edirlər. Soruşa bilərsiniz ki, bu sahəyə nəzarət edən opqanlar hara baxırlar? Bu cür sular dükanlarda satılmadığı üçün bu sahəyə nəzarət edən opqanların diqqətini cəlb etmir. İstehlakçılar da aldığı suyun mənbəyi ilə maraqlanmalıdırlar. Kimdən gəldi, necə gəldi su almamalıdırlar.
- Demək istəyirsiniz ki, Bakıda satılan 19 litirlik suların hamısı adi sudur? Suların üzərində yazılan “Təbii bulaq suyu”, “Dağ suyu” istehlakçıları aldatmaq üçündür?
- Xeyr mən elə demirəm. Satılan suların hamısı adi su deyil. Bu gün Azərbaycanda qeyrətli, namuslu, vətənini, xalqını sevən, su istehsalı ilə məşğul olan sahibkarlar çoxdur. Onlar Kür çayı daşanda təmənnasız olaraq çadır şəhərciyinə 25 min litr su göndərdilər. İstehlakçılara təklif edilən “Taç” firmasının istehsal etdiyi “Şah dağ” suyu Xaçmaz rayonundan, ”Büllur su” Gopanboydan, ”Damla” Qazaxdan, “Aqua Qafqaz” Qusardan, “Aqua Life” Qaxdan, ”Tuba” Lerikdən, ”Slavyanka” Gədəbəydən, ”Dubrar” Xızıdan, ”Sirab”, ”Badamlı” Naxçıvandan, ”Həyat” Akstafadan gətirilir və bu suların təmizliyinə, həqiqi bulaq suyu olmağına mən özüm də zamanət verə bilərəm. Satışda olan “Kristal”, ”Altin”, ”Kəhriz”, ”Ekoakva”, ”Səfa”, ”Abşirin” və başqa adda olan suların hamısi adi kran suyudur . “Təbii bulaq suyu”, “Dağ suyu”yazmaqla əhalini aldadırlar, əhalinin sağlamlığı ilə oynayırlar. Biz bunlara qarşı mübarizə aparırıq və gələcəkdə də aparacağıq. Ən çox saxta sular Abşeron rayonunun və Sumqayıt şəhərinin ərazisində istehsal olunur.
- Dükanlarda müxtəlif çeşidli Rusiya istehsalı olan uşaq suları da satılır. Bu haqda nə deyə bilərsiniz?
- Su uşağa - böyüyə görə bölünmür. Uşaq suyu adı ilə satılan “Akuşa”,”Arxizka”, ”Detskaya Voda”, ”Malışka” və başqaları böyüklər üçün satılan sulardan heç nə ilə fərqlənmir. Rusiya mətbuatının yazdığına görə, satışda olan uşaq sularının 60 faizi saxtadır. Uşaq suyu yazmaqla onlar əhalini aldadırlar və vergidən yayınırlar. Rusiyada uşaqlar üçün ərzaq istehsal edən müəssisələr vergi ödəmirlər. Rusiya pediatrları bu suların əlehinədirlər. Yaxşı olardı bu məsələ haqqında Respublikanin Baş Pediatru hörmətli Nəsib Quliyevin fikrini öyrənəydiniz.
- Nəzərə almaq lazımdır ki, hər kəs bu sahədə mütəxəssis deyil. Son olaraq, istehlakçılara məsləhətiniz nə olardı?
- Bir misa çəkmək istəyirəm: bir gün şair Bulud Tehranda farsca yazan gənc şair Şəhriyara deyir ki, “ay Şəhriyar, özgə çırağına neft tökməklə bizim çıraq yanmaz. Gəl öz ana dilində yaz”. Ondan sonra Şəhriyar “Heydərbabaya salam”poemasını yazır. Onu demək istəyirəm ki reklamlara aldanmayın, suyu alarkən hansı ölkədən gəldiyinə fikir verin, hər xarici suyu almayın, öz suyumuzu alın arxayın için.
Mail Ağaxanov