Hazırda dünyanın müxtəlif ölkələrində 50 milyondan çox azərbaycanlı yaşayır. Belə ölkələrdən biri də Asiyanın mərkəzində yerləşən Əfqanıstandır. YUNESKO-nun məlumatına görə, dünyanın ən «qaynar nöqtə»lərindən biri olan Əfqanıstanda 500 minə yaxın azərbaycanlı yaşayır.
Əfqanıstan azəriləri iki qrupa bölünürlər: qızılbaşlar və əfşarlar. Bu ölkədə onları bəzən şahsevənlər və şiələr də adlandırırlar. Qeyd etmək lazımdır ki, adı çəkilən ölkədə türk soyundan olan, lakin türk dillərində danışmayan xeyli etnik xalq yaşayır ki, azərilər də bu sıraya aid edilir.
Tarixi qaynaqlarda azəri türklərinin Əfqanıstana gəlməsinə dair müxtəlif məlumatlar var. Yeri gəlmişkən, paytaxt Kabil yaxınlığında azərilərin yaşadağı Qarabağlılar adlı məhəllə də yerləşir.
Azəri əfşarlar
Azəri əfşarların Əfqanıstana ilk gəlişi 11-12-ci əsrlərdə türkmən səlcuqlarla birlikdə olub. Daha sonra, 18-ci əsrdə özü də əfşar olan Nadir şah tərəfindən Güney Azərbaycanın Urmiya və Həmədan bölgələrindən xeyli azərbaycanlı (həm əfşarlar, həm də qızılbaşlar) Əfqanıstana köçürülüb. Onlar Əfqansıtanın Kabil və Hərat şəhərlərində, Kabil və Qəndəhar şəhərlərinin ətraf bölgələrində yerləşdiriliblər. Əfşarlar bu günkü Əfqanıstanda azəricə danışan tək etnik qrupdur. Onların özləri danışdıqları dili əfşari adlandırırlar. Tarixçi alimlər L.Ligetti və M.Fuat Bozkurt əfşarinin əslində azəri türkcəsi olduğunu sübut ediblər. İsbat olunub ki, əfşari İran, Azərbaycan, İraq, Türkiyə, Suriya, İordaniyada yaşayan azəri türklərinin danışdığı dillə eynidir. Qeyd edilməlidir ki, Əfqanıstan azəricəsi zaman-zaman fars dilinin təsirinə məruz qalıb. Bu səbəbdən də Əfqanıstanın Kabilətrafı ərazilərində yaşayan azəri əfşarların əksəriyyəti demək olar ki, doğma dillərini unudublar.
Əfşarların hamısı zaman-zaman şiəliyə yaxınlaşsalar da, tarixən ələvi (Qızılbaş) məzhəbindəndirlər. Kabilin şərqində, Konar çayının sahilində, Pakistanla sərhəddə yaxın Əsədabad adlı bir kənd yerləşir. Əfqanlar məşhur qiyamçı panislamist Seyid Cəmaləddinin həmin kənddən olduğunu bildirirlər. 19-cu əsrdə bu bölgədə ələvi-qızılbaş məzhəbli azəri əfşarlar yaşayırdılar.
Əfqanıstan azəriləri barədə məlumat bütün dünyaya son dövrlərdə (1993-cü ildə) yayılıb ki, bu da onların qətliama məruz qalması üzündən baş verdi. Əfqanıstan paytaxtı Kabilin daha çox qərb tərəfi əfşar məhəllələri kimi tanınır. 1993-cü ilin 11-12 fevralında əfşar məhəllələrində gerçəkləşdirilən qətliamlar zamanı 1000 nəfərədək insan həlak olub. Qeyd edək ki, keçmiş SSRİ dövləti Kabil Politexnik İnstitutunu məhz həmin bölgədə yaratmışdı.
Əfşarların sayının təxminən 10 minə yaxın olduğu bildirilir.
Qızılbaşlar
Qızılbaşlar (azərilər) Əfqanıstana 1737-ci ildən sonra Nadir şah və Abdallı Əhməd xan Durrani tərəfindən köçürülüblər. Vaxtilə onlar həm saray işlərində çalışıb, həm də tacir, hərbçi kimi fəaliyyət göstəriblər. Vaxtilə Nadir şahın mühafizəçisi olan, sonralar Əfqanıstan dövlətini quran Əhməd xan Durraninin sarayında qızılbaşlar saylarına mütənasib olmayan çox böyük güc və nüfuz qazanıblarmış. Bu isə Əfqanıstandakı hakim Puştunlar arasında rahatsızlığa səbəb olmuşdu. İllər keçdikcə, xüsusilə I İngilis-Əfqan savaşında (1832-1842) Qızılbaşların açıq şəkildə ingilislərlə itttifaqa girməsi onların Puştun əmiri Əbdürrəhmanın qəzəbinə tüş gəlmələrilə nəticələndi. 1891-1893-cü illərdə Qızılbaşlar Puştunların təqib və təzyiqlərinə məruz qaldılar.
Bu gün Əfqanıstanda yaşayan Qızılbaşlar vaxtilə İrandan köçüb gələn azərilərin nəslindəndirlər. İndiki Qızılbaşlar Əfqanıstanın ən savadlı tayfalarından sayılır və bir çox dövlət işləri onların əlindədir. Qızılbaşların sayının 400 minə yaxın olduğu bildirilir. Lakin onların dəqiq sayı barədə məlumat yoxdur. Dini ayrı-seçkilik və siyasi təzyiqlərdən qoxduqları üçün qızılbaşların bir çoxu özlərini qorumaq məqsədilə sünni tacik kimi qələmə verirlər. Etnik mənşəcə əfşarlarla eyni olan Qızılbaşların böyük əksəriyyəti azəri türkcəsini unudaraq Dəri (fars) və Tacik dillərində danışırlar.
Qızılbaşların tarixi məzhəbləri adlarından da göründüyü kimi Ələvidir. Bəzi qaynaqlar indiki Qızılbaşların bütünlüklə şiəliyi qəbul etdiyini yazır.
Müasir Əfqanıstan azərbaycanlıları demək olar ki, dünyadan qopmuş vəziyyətdə yaşayırlar. Müharibələr, qardaş qırğınları, səfalət, ölkədə gedən ictimai, siyasi və hərbi proseslər onların da həyatına mənfi təsir göstərib.
Onların dünya azərbaycanlıları ilə əlaqələri yoxdur. Yaşı 35-dən az olan əfqan azərinın heç biri doğma dilini bilmir.
Adəm Qorxmaz