Azərbaycanın hər şəhər və rayonunda taksilərin xüsusi rəngi olacaq
“30 ildir taksi sürüb ailəmi dolandırıram. İndi deyirlər ki, sovet maşınları taksi kimi istifadə oluna bilməz. Bəs mən bundan sonra neyləyim, harda işləyim?”.
Bu sözlərin müəllifi 53 yaşlı taksi sürücüsü Yusif İmranovun yeganə qazanc mənbəyi qırmızı “Jiquli”sidir. Ömrünün uzun ilini taksi sürməklə keçirən müsahibimin çörəkpulu metronun “Nizami” stansiyasından şəhərin müxtəlif yerlərinə adam daşımaqdan çıxır. Deyir ki, böyük pullar qazanmasa da, heç olmasa, ailəsini birtəhər dolandırırdı. Amma Nəqliyyat Nazirliyinin taksilərlə bağlı yeni qaydaları onu cüzi dolanışıqdan da məhrum edəcək:
Sovet maşınına lisenziya verilmir
“Dövlət deyir ki, get lisenziya al, yoxsa taksi sürə bilməzsən. Bir yandan da, keçmiş sovet maşınlarına lisenziya vermirlər. Bəs mən təzə maşını hansı pulla alım? “Jiquli”ni bəyənmirlər, guya şəhərə gələn turistlərə yaraşmır. Qoy, sovet maşınıyla “London taksi”si yarışa çıxsın. Görək, hansı daha keyfiyyətlidir?”.
Sürücünün sözlərinə görə, Bakıya yağan qar “London taksi”lərinin çatışmazlıqlarını üzə çıxartdı. Belə ki, bu maşınlar bir qədər qar yağan kimi üzüyuxarı yolları çıxa bilməyib:
“Bu, bunların bəh-bəhlə gətirdikləri bahalı taksiydi. Amma bəyənmədikləri “07” maşınım buzlu yollarda da gedirdi. Mən bu yaşımda harda işləyim? Hansı şirkətə müraciət etsəm, əvvəlcə yaşımı soruşurlar. Mən yaşda kişini kimdi işə götürən? Heç olmasa, bunu əvvəldən deyərdilər, işimizi bilərdik. Elə adam var ki, kreditə maşın götürüb, pul ödəyir. İndi taksı sürücüləri acından ölsünlər? Axı mənim imkanım yoxdur, gedib xarici maşın alım”.
“Tələblərə görə 1000 manat xərc çəkməliyəm”
Müsahibimin sözlərinə görə, Nəqliyyat Nazirliyinin yeni qaydalarına uyğun işləmək qeyri-mümkündür:
“Deyirlər ki, taksi işləyən maşınların rəngi dəyişdirilməlidir, naviqator olmalıdır, taksometr olmalıdır, nə bilim o olmalıdır, bu olmalıdır. Bunların hamısını hesablayıram, maşına gərək 1000 manatdan çox xərc çəkim. O qədər pulu hardan tapım?”.
HAŞİYƏ: Nəqliyyat Nazirliyinin qərarına əsasən, bu ilin may ayının 1-dən etibarən Bakı şəhərində Rusiya istehsalı olan avtomobillərlə taksi xidmətlərinin göstərilməsi qadağandır. Bundan əlavə, istismar müddəti 5 ildən çox olan maşınlar yalnız texniki vəziyyəti imkan verdiyi hallarda taksi xidmətləri göstərə biləcək. Taksi işlətmək üçün sürücülər xüsusi razılıq – lisenziya almalı olacaqlar. Lisenziya isə yalnız müvafiq şərtlərə cavab verən maşınlara veriləcək.
“İnzibati icraat haqqında” qanunun 11-ci maddəsinə görə, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Lakin sırf bu məsələdə hansısa qanundan söhbət getmir. Taksi xidməti üçün şərtlər yalnız Nəqliyyat Nazirliyi və Nazirlər Kabinetinin sərəncamlarına əsaslanır.
“Nazirliyin səlahiyyəti yoxdur ki....”
Həm “İnzibati icraat haqqında” qanunun tələbini, həm də Konstitusiyasının 148-ci maddəsini əsas tutaraq bəzi hüquqşünaslar nazirliyin belə bir tələb irəli sürməsini qanunsuz hesab edirlər.
Hüquqi Dövlət Araşdırmaları Fondunun prezidenti Müzəffər Baxışov deyir ki, inzibati orqan olan Nəqliyyat Nazirliyinin taksilərin rəngi, istismar müddəti ilə bağlı konkret tələb müəyyən etmək səlahiyyəti yoxdur:
“Bu məsələ insan hüquq və azadlıqlarının həyata keçirilməsinə dair olduğundan, nazirlik belə bir qayda müəyyən edə bilməz. Azərbaycan Konstitusiyasının 94-cü maddəsinin 1.1-ci bəndinə görə, bu hüquq və azadlıqların təminatı Milli Məclisin səlahiyyətinə aiddir. Yalnız parlament belə bir qayda müəyyən edə bilər ki, taksi hansı rəngdə olmalıdır və s. Bütün bunlar qanunla müəyyən olunmalıdır”.
Vətəndaşın hüquqlarını nazirlik məhdudlaşdira bilməz
Hüquqşünas deyir ki, nazirliyin müəyyən etdiyi qaydaya görə, hansısa vətəndaş taksi xidməti sahəsində sahibkarlıq fəaliyyətini həyata keçirə bilmir. Deməli, bu qayda onun hüquqlarını məhdudlaşdırır. Halbuki, Konstitusiyanın 71-ci maddəsinə görə, vətəndaşın hüquq və azadlıqlarını heç kim məhdudlaşdıra bilməz.
Müzəffər Baxışov xatırladır ki, 2002-ci ilin avqustunda keçirilən referendum nəticəsində Konstitusiya Azərbaycanın tərəfdaş çıxdığı beynəlxalq müqavilələrə, o cümlədən də insan hüquq və azadlıqları Avropa Konvensiyasına uyğunlaşdırıldı. Məhz həmin referendumda müəyyən edildi ki, insan hüquq və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. Sonradan bu məsələni tənzimləyən bir konstitusiya qanunu da qəbul edildi.
Bütün bunları nəzərə alaraq M.Baxışov bəyan edir ki, Nəqliyyat Nazirliyinin qəbul etdiyi təlimat Konstitusiya, “Normativ hüquqi aktlar haqqında” AR Konstitusiya qanunu, “Avtomobil nəqliyyatı haqqında” qanun və Azərbaycanın tərəfdaş çıxdığı beynəlxaq müqavilələrlə ziddiyyət təşkil edir.
Nazirliyin qanunsuz qərar verməsi ittihamı absurddur
Nəqliyyat Nazirliyinin katiblik rəisi Namiq Həsənov isə bu ittihamın özünü absurd adlandırır. Onun sözlərinə görə, nazirliyin qərarı “Avtomobil nəqliyyatı haqqında” qanuna, “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları”na, sahibkarlıq fəaliyyətinin lisenziyalaşdırlması qaydalarına və İnzibati Xətalar Məcəlləsinə əsaslanır:
“Bu sahədə islahatlara hələ 2006-cı ildən başlanılıb. Nazirlik hələ humanistlik nümayiş etdirərək, qaydaların hamısını birdən tətbiq etməyib. Taksi fəaliyyəti sahəsindəki özbaşınalığa, qarmaqarışıqlığa son qoymaq lazımdır”.
Namiq Həsənov keçmiş SSRİ və Rusiya istehsalı olan maşınların istifadəsinə qadağanı tamamilə düzgün və zəruri sayır:
“Bu maşınlar təhlükəsiz deyil, əyləc sistemi pisdir. Vətəndaşların təhlükəsizliyi hər şeydən öndə olmalıdır”.
5 il üçün 150 manat çox deyil
Yeni qaydalara görə, sürücü 5 illik lisenziya üçün 150 manat ödəməlidir. Bu məbləğin xarici ölkələrdə çox baha olduğunu deyən N.Həsənovun sözlərinə görə, lisenziya ilə yanaşı, sürücülər fərqlənmə nişanı, texniki və tibbi müayinəyə də hər ay 30 manata yaxın pul ödəməlidir. Bundan başqa, sürücü öz hesabına avtomobilə naviqasiya sistemi və sayğac quraşdırmalıdır.
Mayın 1-dən sonra lisenziyası olmadan və Rusiya istehsalı olan avtomobillərlə taksi fəaliyyəti ilə məşğul olan sürücülərə İnzibati Xətalar Məcəlləsinin 150.4 maddəsinə əsasən 100 manat məbləğində cərimə tətbiq ediləcək. Onların taksi fəaliyyəti ilə məşğul olmasına qadağa qoyulacaq.
Rənglə bağlı dövlət standarti yaradılıb
Rəng məsələsinə gəlincə, Namiq Həsənov bunun nazirlik yox, digər dövlət qurumu - Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən müəyyən olunduğunu bildirib. Belə ki, 2010-cu ildə “Sərnişin stansiya qurğuları və avtomobilləri” Dövlət Standartı qəbul edilib. Bu standarta əsasən, bundan sonra taksi kimi işləmək istəyən bütün avtomobillər yenidən rənglənməlidir. Özü də hər şəhər və rayonun taksilərinin xüsusi rəngi olacaq. Məsələn, Bakıda taksilər bənövşəyi rəngdə, Sumqayıtda ağ, Gəncədə boz olmalıdır. Digər rayonlarda isə taksilər bej rəngdə olacaq.
Standarta görə, taksilərin qapılarında fəaliyyət göstərdiyi şəhərin gerbi və ya adı, şəhərlərarası taksilərdə isə qabaq qapılarında fərqləndirici nişan və “şəhərlərarası” sözü yazılmalıdır. Taksi avtomobillərində taksometr, GPS-GSM monitorinq mərkəzinin GPS aparatı quraşdırılmalıdır.
Zərurət, yoxsa süni tənzimləmə?
Bəzi ekseprtlər taksi xidməti fəaliyyətindəki yenilikləri bu sahədə monopoliya yaradılması istəyi ilə əlaqələndirirlər. Qeyd olunur ki, məqsəd “London taksiləri”ni işlətmək və bu maşınlara çəkilən xərci çıxartmaqdır.
Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov taksi xidmətindəki dəyişiklikləri süni tənzimləmə hesab edir. Onun fikrincə, kimlərsə himayəsində olan taksiləri başqalarına nisbətən üstün vəziyyətə gətirmək istəyir. Sahib Məmmədova görə, lisenziya verməmək, sürücüləri sıxışdırmaqla bu sahədə tənzimləmə aparmaq nəticə verməyəcək. Lakin nazirlik qətiyyətlə bəyan edir ki, hazırda Bakıda fəaliyyət göstərən 20 mindən çox qanunsuz taksi tədricən yığışdırılacaq.
Bir yarışmaya görə bu qədər xərc?
Yeni qaydaları may ayında Bakıda keçiriləcək “Eurovision” mahnı müsabiqəsi ilə bağlayanlar da var. Çünki rəsmi səviyyədə dəfələrlə vurğulanıb ki, yarışma üçün ölkəyə gələcək qonaqları Avropa standartlarına uyğun taksilər gəzdirməlidir. Maya qədər bu taksilərin sayının 3000-nə çatdırılması planlaşdırılır. Hətta taksi sürücülərinə ingilis dilində kurslar da keçiriləcək. “London taksi”lərində gediş haqqının kartla ödənilməsi üçün sistem - mobil POS-terminallar da qurulacaq.
Bəs belə olan halda çörəkpulu taksidən çıxan sürücülər neyləsinlər?
Hüquqşünaslar fərdi taksi işlədən sürücüləri məhkəməyə getməyə çağırır. M.Baxışov deyir ki, sürücülər dövlət orqanlarının hərəkətlərindən məhkəmələrə müraciət edə bilər, hüquqlarının bərpasına nail ola bilərlər. Çünki heç bir məmur öz hərəkətlərində qanun çərçivəsindən kənara çıxmamalıdır.
Ülviyyə Sabirqızı